Ermənistan ilə Azərbaycan arasında hərbi balans bizim xeyrimizə əhəmiyyətli dərəcədə dəyişib

Samir Soltanov/AZADİNFORM. “Cari ilin may ayında İzmir şəhərində keçirilən “Efes-2018” beynəlxalq təlimində və iyun ayında Qars şəhərində keçirilən Türkiyə-Azərbaycan birgə taktiki təlimində də hərbçilərimiz yüksək nəticələr əldə ediblər”. 

Azadinform xəbər verir ki, bu barədə müdafiə naziri Zakir Həsənov Ordumuzun əsas prioritetləri, aparılan uğurlu islahatlar, əldə olunan nailiyyətlər və qarşıda duran vəzifələr barədə danışarkən bildirib. O qeyd edib ki, Azərbaycan əsgərinin hazırlıq səviyyəsini xarici ölkələrin yüksək rütbəli hərbçiləri, mütəxəssisləri, müstəqil ekspertləri yüksək qiymətləndirir, müxtəlif ölkələrin ordularının reytinqlərini müəyyən edən beynəlxalq araşdırma mərkəzləri isə öz sənədlərində dərc edirlər: “2018-ci il ərzində Almaniya, Böyük Britaniya, Türkiyə, Gürcüstan, Serbiya, Bolqarıstan, İrlandiya, Yunanıstan, Norveç və digər ölkələrdə keçiriləcək müxtəlif təlimlərdə hərbi qulluqçularımız qüvvə qismində və qərargah zabitləri səviyyəsində təmsil olunacaqlar.Yubiley ərəfəsində bir daha qeyd etmək istərdim ki, ordumuzun silahlanmasına yüksək texnologiyaların tətbiqi ilə hazırlanmış ən müasir, geniş ərazidə dəqiq məhvetmə qabiliyyətinə malik silah-sursat və döyüş texnikası qəbul edilib. Bu da ordumuzun qüdrətinin artmasına əvəzsiz töhfələr verib. Ali Baş Komandanın tapşırığına əsasən bu proses mərhələlərlə, davamlı surətdə həyata keçirilir. Son illər ərzində hərbi potensialımız xeyli dərəcə artaraq Ermənistan ilə Azərbaycan arasında hərbi balansı bizim xeyrimizə əhəmiyyətli dərəcədə dəyişib. Məhz 2016-cı ilin aprel ayında Ağdərə, Füzuli, Cəbrayıl istiqamətlərində və cari ilin may ayında Naxçıvanda həyata keçirilən əks-həmlə əməliyyatlarında qazanılan uğurlar Ali Baş Komandanın diqqət və qayğısı ilə Orduda həyata keçirilən kompleks islahatlar nəticəsində mümkün olub. Qeyd etdiyim hər iki tarixi məqam Azərbaycan Ordusunun döyüş hazırlığı, ruh yüksəkliyi, mənəvi-psixoloji durumu və peşəkarlıq baxımından Ermənistan ordusundan qat-qat üstün olduğunu əyani şəkildə sübut etdi.      

Regionun xüsusiyyətləri, cəbhəboyu zonadakı şərait və vəziyyət nəzərə alınmaqla, o cümlədən düşmən üzərində daim hərbi üstünlüyü saxlamaq məqsədilə silahlanmaya inkişaf etmiş müxtəlif ölkələrdə istehsal olunan yeni, müasir və keyfiyyətli döyüş texnikası, eləcə də digər hərbi təyinatlı məhsullar daxil edilir.

Biz müxtəlif ölkələrdən müasir tipli döyüş təyyarələri, döyüş və hərbi nəqliyyat helikopterləri, artilleriya qurğuları, zirehli texnika, rabitə vasitələri, pilotsuz uçuş aparatları alırıq. Eyni zamanda, ordumuz Müdafiə Sənayesi Nazirliyinin müəssisələri tərəfindən istehsal edilən hərbi təyinatlı məhsullarla da təchiz olunur.

Rusiya, Belarus, Ukrayna kimi tərəfdaşlarımızla yanaşı qardaş Türkiyə, o cümlədən İran, Pakistan, İsrail, Cənubi Afrika Respublikası və digər inkişaf etmiş dövlətlərlə qarşılıqlı əməkdaşlıqda hərbi imkanlarımızı genişləndiririk.

Ordumuzun arsenalında olan əksər döyüş texnikası, silah və sursatın Rusiya istehsalı olduğunu nəzərə alaraq, iki ölkənin müdafiə qurumları nümayəndələrinin birgə işçi qrupları daim qarşılıqlı fəaliyyət göstərir”.

Nazir vurğulayıb ki, ordunun silahlanmasına yeni daxil edilən silah və texnikanın öyrənilməsi və düzgün istismarını təmin etmək məqsədilə kadrların hazırlığına xüsusi diqqət yetirilir, təşkil edilən kurslarda hərbi qulluqçularımız müvafiq təhsil alır və öz bacarıqlarını təkmilləşdirirlər. Ordunun zabit, gizir, miçman və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə komplektləşdirilməsi Müdafiə Nazirliyinin tabeliyində olan xüsusi təyinatlı təhsil müəssisələri və kadr orqanları tərəfindən həyata keçirilir. Məzunlara olan yüksək tələblər nəzərə alınaraq Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul imtahanlarında keçid balları xeyli artırılıb. Eyni zamanda prioritet yüksək biliyə, intellektual səviyyəyə, o cümlədən xarici dilləri bilən və kompüter bacarıqlarına malik abituriyentlərə verilir. Təhsil alan kursantların çöl-səhra vərdişlərinə və taktiki biliklərinə üstünlük verildiyi üçün, onlar elə birinci kursdan cəbhə xəttində yerləşən hərbi hissələrə staj keçməyə göndərilirlər. Məqsəd peşə praktikasının artırılması və gələcək xidməti vəzifələrinin icrası ilə əyani tanışlıqdır.

Hərbi təhsilin səviyyəsinin təkmilləşdirilməsi və ali təhsil müəssisələrində hazırlanan kadrlardan ölkənin müdafiəsində daha səmərəli istifadə olunması məqsədilə müxtəlif universitetlərlə qarşılıqlı əlaqə yaradılaraq əməkdaşlıq həyata keçirilir. Mütəmadi olaraq xüsusi təyinatlı təhsil müəssisələrində tədris prosesinin planlaşdırılmasının, həmçinin tədrisin vəziyyətinin və dərslərin keçirilməsinin yoxlanılması təşkil olunur. Azərbaycan Milli Elmlər Akademiyası ilə birgə aparılan layihələr əsasında bəzi müdafiə təyinatlı məhsullar sınaqdan keçirilib və hazırda təkmilləşdirmə işləri davam etdirilir.

Şəxsi heyətin döyüş, mənəvi-psixoloji hazırlığının təkmilləşdirilməsi, hərbi intizamın və hüquq qaydalarının möhkəmləndirilməsi də Müdafiə Nazirliyi rəhbərliyinin əsas prioritetlərindəndir”.

Zakir Həsənovun sözlərinə görə, müharibə şəraitində yaşayan bir ölkə üçün ən vacib məqamlardan biri ordunun şəxsi heyətinin və ümumiyyətlə vətəndaşların sağlam mənəvi-psixoloji duruma, ruh yüksəkliyinə, özünə inama və vətənpərvərlik hisslərinə hakim olmalarıdır: “Bu gün Azərbaycan cəmiyyətində, Ordumuzda  məhz belə bir əhval-ruhiyyə mövcuddur. Bütün bunların nəticəsidir ki, xalqımız Ordumuza istənilən döyüş tapşırığını yerinə yetirməyə qadir bir qüvvə kimi böyük inam bəsləyir. 2016-cı ilin aprel ayında cəbhədə baş verən gərginlik zamanı yüzlərlə, minlərlə gənc, eyni zamanda xarici ölkələrdə yaşayan azərbaycanlı vətəndaşlarımız Müdafiə Nazirliyinə müraciət edərək erməni işğalçılarına qarşı döyüşə hazır olduqlarını bildirdilər. Bu döyüş ruhunu yüksək səviyyədə saxlamaq məqsədilə Ordumuzda ümummilli liderimiz Heydər Əliyevin zəngin həyat yolu və fəaliyyəti, dövlət və ordu quruculuğu, iqtisadi islahatlar, milli şüurun dirçəlişi, milli ideologiyanın inkişafı, gənclərin hərbi vətənpərvərlik tərbiyəsi və digər sahələrdəki siyasi irsi dərindən öyrənilir və hərbi qulluqçular arasında təbliğ edilir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin dövlətimizin müstəqilliyinin və suverenliyinin qorunub saxlanması, qüdrətlənməsi uğrunda apardığı daxili və xarici siyasət, ordunun qüdrətli bir qüvvəyə çevrilməsi üçün fəaliyyəti, öz xalqına, torpağına məhəbbəti, ərazilərimizin erməni işğalından azad olunması naminə apardığı mübarizə daim təbliğ edilir, Azərbaycan Ordusunun qarşısında qoyduğu tapşırıqlar Ordu rəhbərliyi və şəxsi heyətə çatdırılır. Müdafiə Nazirliyinin digər dövlət orqanları ilə birgə tədbirlər planına əsasən hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsi, cinayət hadisələrinin qarşısının alınması və aradan qaldırılması, insan hüquqları, o cümlədən hərbi qulluqçuların hüquqlarının müdafiəsi, eləcə də milli-mənəvi dəyərlərin qorunub saxlanılması və inkişafının istiqamətləri, qeyri-ənənəvi dini cərəyanların təbliğatının qarşısının alınması, dini radikalizmə qarşı mübarizə və digər mövzularda yüzlərlə tədbirlər həyata keçirilir”.

22.06.2018 12:38 / Baxılıb: 232 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.07.2018
    14.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo