Təlimlərdə 250-dək tank, 1000-dək müxtəlif çaplı raket və artilleriya qurğusu iştirak edib

Samir Soltanov/AZADİNFORM. İyunun 26-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100-cü ildönümü qeyd olunur. 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, bu münasibətlə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Ordumuzun əsas prioritetləri, aparılan uğurlu islahatlar, əldə olunan nailiyyətlər və qarşıda duran vəzifələr barədə fikirlərini bölüşüb: “Bu gün yüz yaşını qeyd etdiyimiz Milli Ordumuzun yaradılması, formalaşması və döyüşlərdə bərkiməsi hələ keçən əsrin əvvəllərinə Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövrünə təsadüf edir. Tarixi ənənələrin, varislik prinsiplərinin yaşadılması baxımından ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı Fərmanla 26 iyun tarixi, ilk ordu hissəsi “Əlahiddə Azərbaycan korpusu”nun təşkil olunduğu gün əsas tutularaq Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edilmişdir. Bu tarixin Silahlı Qüvvələr Günü elan edilməsi Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpası və tarixilik baxımından böyük əhəmiyyətə malikdir. Qeyd etdiyimiz bayram təkcə hərbçilərin deyil, ümumilikdə, bütün Azərbaycan xalqının bayramıdır. Bu səbəbdən də xalqımızı əlamətdar gün münasibətilə təbrik edirəm. Xüsusilə qeyd etmək istəyirəm ki, Ordumuz bu yubileyi konkret uğurlar, qələbələr və böyük yeniliklərlə qarşılayır.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan hərbi quruculuq prosesi ölkəmizdə bu gün də uğurla davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, ordu quruculuğu dövlətimiz üçün ən başlıca məsələdir. Azərbaycan Ordusunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması, o cümlədən, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi bu siyasətin prioritet istiqamətlərindəndir”.

Nazir qeyd edib ki, islahatların kompleks şəkildə həyata keçirilməsi ordumuzun aparıcı dövlətlərin orduları səviyyəsinədək yüksəlməsinə şərait yaradıb: “Ölkə rəhbərliyinin həyata keçirdiyi uğurlu iqtisadi islahatlar ölkəmizin bütün sahələrdə inkişafına təkan verdiyi kimi, hərbi büdcəmizin də qısa müddətdə dəfələrlə artmasına imkan yaradıb. Fəaliyyətimizi Azərbaycan Respublikasının Konstitusiyası, qanunları, Silahlı Qüvvələrin Ali Baş Komandanının fərman və sərəncamları, habelə digər normativ hüquqi aktlarını rəhbər tutaraq həyata keçiririk. Əməliyyat və döyüş hazırlığı tədbirləri, hərbi qulluqçuların mənəvi-psixoloji hazırlığı, hərbi təhsilin inkişafı, kadrların hazırlanması, maddi-texniki təminat məsələləri və hərbi qanunvericilik aktlarının təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlər planlı şəkildə davam etdirilir.

2018-ci il orduda komandir hazırlığı və bütün səviyyədə olan komandirlərin real döyüş şəraitində qoşunların və silahların idarəedilməsi üzrə bacarıq və vərdişlərinin təkmilləşdirilməsi ili elan olunub. Ölkəmizin təcavüzdən, silahlı hücumdan müdafiəsinin təmin edilməsi üçün Azərbaycan Ordusunda əsas diqqət qoşunların döyüşə hazırlıq və səfərbərlik tədbirlərinə yönəldilib. Müasir təhdidlərə, risklərə və çağırışlara cavab vermək məqsədilə qoşunların döyüş qabiliyyətinin artırılması istiqamətində hərtərəfli kompleks tədbirlər icra edilir. Ərazinin real şəraiti nəzərə alınmaqla qoşunların müasir döyüşün aparılması tələblərinə cavab verən qüvvə və vasitələrlə hərtərəfli təmin olunması məqsədilə əsas tədbirlər həyata keçirilir. Döyüş qabiliyyətinin yüksəldilməsi məqsədilə onların hazırlıq səviyyəsi planlı şəkildə və müxtəlif vaxtlarda qəfil yoxlamalarla hərtərəfli təftiş edilir. Müdafiənin ön xəttində bütün istiqamətlər üzrə zəruri fortifikasiya işləri yerinə yetirilib, mühəndis-istehkam təminatı təkmilləşdirilərək mövqelər möhkəmləndirilib, yeni mühəndis şəbəkələri, uzunmüddətli dəmir-beton atəş nöqtələri tikilib, əlavə torpaq sipərlər, qovşaqlar çəkilib, səngərlər və yeraltı əlaqə şəbəkələri hazırlanıb. Görülən bu işlər şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi imkanlarını xeyli dərəcədə artırıb”. 

Z. Həsənovun sözlərinə görə, çətin və dağlıq şəraitdə yerləşən döyüş mövqelərinə, o cümlədən kolonların maneəsiz və təhlükəsiz hərəkəti üçün yolların çəkilişi davam etdirilib, müasir tələblərə cavab verən rabitə və digər kommunikasiya vasitələri quraşdırılıb və yenilənib: “Bu fəaliyyətlər əməliyyat şəraiti nəzərə alınmaqla bu gün də davam etdirilir. Eyni zamanda, bölmələrin döyüş qabiliyyətinin artırılması və müasir tələblərə uyğunlaşdırılması məqsədilə onların təşkilat-ştat strukturu optimallaşdırılıb. Hərbi qulluqçuların sırf döyüş hazırlığı ilə məşğul olmaları üçün hər bir şərait yaradılıb, lazım olan bütün tədbirlər həyata keçirilib. Azərbaycan Ordusunun inkişaf proqramı döyüş hazırlığını, hərbi təhsili, tərbiyəvi işi, şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılmasını və digər sahələri əhatə edib. Ordunun inkişafını müəyyən edən əsas amillərdən biri də şəxsi heyətin 80 faizinin müqavilə əsasında xidmət edən hərbi qulluqçularla komplektləşdirilməsi olub. Əsas döyüş təminatını müəyyən edən vəzifələrə ixtisaslı mütəxəssislərin və peşəkar hərbi qulluqçuların təyin edilməsi Ordumuzun döyüş hazırlığının yüksəlməsinə müsbət təsir göstərib. Şəxsi heyətin təsərrüfat işlərindən azad olunmasını təmin etmək məqsədilə yardımçı təminat sahələrinə 21 min nəfərədək mülki işçi qəbul edilib. Bu, döyüş hazırlığının optimallaşdırılması istiqamətində atılan ən vacib addımlardandır. Hazırlıq planına əsasən qoşun növlərinin, qərargahların, komandir-rəis heyətinin və şəxsi heyətin döyüş vərdişlərinin təkmilləşdirilməsi, peşəkarlığının yüksəldilməsi, döyüş və xüsusi texnikanın bacarıqla tətbiqi, bölmələrin uyarlığının təmin edilməsi məqsədilə hər il müxtəlif ümumqoşun poliqonlarında, təlim mərkəzlərində irimiqyaslı strateji, əməliyyat-strateji, əməliyyat-taktiki, taktiki, xüsusi taktiki, komanda-qərargah təlimləri və komanda-qərargah hərbi oyunları keçirilir”.

Nazir vurğulayıb ki, əməliyyat və döyüş hazırlığının təşkili və keçirilməsində əsas diqqət müasir müharibə və lokal silahlı münaqişələrdə tətbiq olunan müsbət döyüş təcrübəsinin öyrənilməsinə, qoşunların döyüş tapşırıqlarına uyğun fəaliyyətlərinin praktiki icrası üzrə bacarıq və səriştələrinin artırılmasına, komandirlərin və qərargah zabitlərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə yönəldilib: “Təkcə 2017-ci il ərzində qoşunların hazırlıq planına uyğun olaraq ümumilikdə 40-dan artıq komanda-qərargah hərbi oyunu, komanda-qərargah təlimi və komanda-qərargah səfərbərlik təlimi, eləcə də 20-dən çox taktiki təlim keçirilib.

Keçirilən təlimlərə maksimal sayda şəxsi heyət, zirehli texnika, raket və artilleriya qurğuları, Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri və hava hücumundan müdafiə bölmələri və müasir hava hücumundan müdafiə kompleksləri ilə silahlanmış zenit-raket birləşmələri, Hərbi Dəniz Qüvvələrinin gəmi və katerləri, eləcə də Xüsusi Təyinatlı Qüvvələr cəlb edilib. Cari ilin mart ayında Silahlı Qüvvələrin Ali Baş Komandanının təsdiq etdiyi plana əsasən müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrin iştirakı ilə cəbhə bölgəsində yerləşən müxtəlif poliqonlarda genişmiqyaslı döyüş atışlı təlimlər keçirilib. Təlimlərdə 25.000 nəfərədək şəxsi heyət, 250-dək tank və digər zirehli texnika, 1000-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, ordu və cəbhə aviasiyasının 50-dək müxtəlif təyinatlı təyyarə və helikopterləri iştirak edib. Döyüş şəraitinin modelləşdirilməsi və real atışların icrası ilə keçirilən təlimlərdə məqsəd idarəetmə orqanları və qoşunların öz peşəkarlıqlarını və döyüş bacarıqlarını nümayiş etdirməsi, gələcək müharibəyə hazırlaşması olub.

İl ərzində ikitərəfli əməkdaşlıq planları və “Sülh Naminə Tərəfdaşlıq” proqramları çərçivəsində, xarici ölkələrdə keçirilmiş 200-dək tədbirdə 1300 nəfərədək, Azərbaycanda keçirilmiş 140-dək tədbirdə isə 2000 nəfərədək hərbi qulluqçumuz və mülki heyət iştirak edib. Hərbçilərimiz regional və beynəlxalq səviyyədə keçirilən müxtəlif təyinatlı taktiki və kompüter dəstəkli irimiqyaslı təlimlərdə mütəmadi olaraq iştirak edirlər. Ötən il ərzində Türkiyə, Almaniya, Rumıniya, Bolqarıstan, Gürcüstan, İordaniya və digər ölkələrdə təşkil olunan təlimlərdə yüzlərlə hərbi qulluqçumuzun iştirakı təmin edilib”.

22.06.2018 12:20 / Baxılıb: 194 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo