Məzun evindəki gənclər özünüməşğulluq proqramına cəlb olunur

Adəm Abbaslı/AZADİNFORM. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun “Məzun evi” Sosial Müəssisəsinin (Abşeron rayonu, Masazır kəndi) sakinlərinin məşğulluğunun təminatı istiqamətində tədbirlər davam etdirilir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Azadinform-a verilən məlumata görə, bu günlərdə müəssisədəki  gənclərin özünüməşğulluq proqramına cəlb olunmasına başlanılıb. İlkin mərhələ kimi, “Məzun evi”ndən üç nəfər proqramda iştirak etmək üçün kiçik biznesin təşkili və idarə olunması üzrə bilik və bacarıqlara yiyələnmələri üçün təlim kurslarına cəlb ediliblər. Onlar şirniyyat və un məmulatlarının istehsalı üzrə öz kiçik ailə təsərrüfatlarını qurmaq niyyətindədirlər. Gənclər kursu başa vurduqdan sonra özünüməşğulluq proqramı çərçivəsində öz təsərrüfatlarını yaratmaları üçün lazımi mal və materiallarla təmin olunacaqlar. “Məzun evi”nin digər sakinlərinin də gələcəkdə özünüməşğulluğunun təmin olunması üçün işlər aparılacaq. 

“Məzun evi”nin iki yaşayış binasında dövlət uşaq müəssisələrinin məzunları olan valideyn himayəsindən məhrum 243 gənc mənzillə təmin olunub. Dövlət uşaq müəssisələrinin məzunları üçün hazırda müəssisədə daha bir yaşayış binasının inşası davam etdirilir.

Ötən dövrdə “Məzun evi”ndə yaşayan gənclərin əksəriyyəti müəssisənin özündə, həmçinin ətraf ərazilərdəki müxtəlif müəssisələrdə daimi işlə təmin olunublar. “Məzun evi”ndə yaradılmış xalça və tikiş sexlərində isə 28 nəfər gənc işləyir. Onlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən təşkil olunan peşə hazırlığı kurslarında xalçaçılıq və tikişçilik üzrə bilik və bacarıqlara yiyələniblər.

Bu yaxınlarda Dövlət Məşğulluq Xidməti burada xalçaçılıq üzrə növbəti peşə hazırlığı kursunu təşkil edəcək. Bu kursa “Məzun evi”ndən 23 nəfər gənc cəlb olunacaq və kursu bitirdikdən sonra onların həmin peşə üzrə məşğulluğunun təminatı üçün müvafiq işlər aparılacaq.

21.06.2018 17:05 / Baxılıb: 244 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.11.2018
    16.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo