Gədəbəydə 29 km-lik yol yenidən qurulur - VİDEO - FOTO

Adəm Abbaslı/AZADİNFORM. Gədəbəy rayonunda uzunluğu 29 km olan 3 istiqamət üzrə avtomobil yolları əsaslı şəkildə yenidən qurulur.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Azadinform-a verilən məlumata görə, bu respublika əhəmiyyətli Şəmkir-Gədəbəy avtomobil yolunun 30-cu km-dən ayrılan və 20 km uzunluğa malik yerli əhəmiyyətli Slavyanka-Qoşabulaq-Pərizamanlı, həmçinin 6.1 km-lik Çanaqçı-Haçaqaya və 2.9 km-lik Qoşabulaq-Sarıtala avtomobil yollarıdır.

Slavyanka-Qoşabulaq-Pərizamanlı avtomobil yolu uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan yol geyimi və yolun əsası, həmçinin torpaq yatağı sel sularının təsirindən yuyularaq deformasiyaya uğramış,hərəkət hissəsində qabarmalar, çalalar əmələ gəlmişdi. Hazırda aparılan yenidənqurma işləri ilə sadalanan problemlər aradan qaldırılır.

IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolun eni 6-7 metrdən 10 metrə qədər genişləndirilib. Yolun normativ eninin alınması üçün 17.5-20-ci km-lik hissələrdə sol tərəfdə qaya tipli süxurların mexanizmlə kəsilməsi, həmçinin  yolun torpaq yatağının bərpası üçün yararsız qruntun qazılması və çınqıl materialı ilə yolun genişləndirilməsi işləri aparılıb.

Layihə çərçivəsində mövcud suötürücü borular istismara yaramadığı üçün yol boyu 19 yerdəuzunluğu 223 paqon-metr olan müxtəlif diametrli dəmir-beton borular quraşdırılıb, yolun 6, 7, 8 və 10-cu km-də yerləşən düzbucaqlı formalı  suötürücü boruların başlıqlarının dəmir-betonla təmir olunub. Həmçinin yolun 1-ci km-də uzunluğu 6 metr, eni isə 8 metr olan körpünün hər iki tərəfdən 1.2 metr genişləndirilib, Çanaqçı kəndi ərazisində 250 metr uzunluğunda "U" şəkilli dəmir-beton küvetlərin quraşdırılıb və avtoqreyderlə tələb olunan yerlərdə küvetlər açılıb.

Yol yatağı hazır olan hissələrdə yol əsasının optimal qum-çınqıl materialı ilə inşası işləri aparılıb. Daha sonra əlaqələndirici bitum səpilməklə yol örtüyünün alt və üst qatlatının asfalt-beton qarışığı ilə tikintisi işlərinə başlanılıb. Artıq yolun 13 km-lik hissəsinin alt layının asfalt-betonla tikintisi yekunlaşdırılıb, digər hissələrdə isə davam etdirilir. Ümumilikdə yolun 120 min kv.m sahəsinə 12 sm qalınlığında asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulub.

Anoloji işlər 2.9 km-lik Qoşabulaq-Sarıtala və 6.1 km-lik Çanaqçı-Haçaqaya avtomobil yollarında da aparılır. Burda yolların çınqıl örtüklü olması nəzərdə tutulub. Sözügedən yollarda torpaq yatağının IV texniki dərəcəyə uyğun 10 metr təşkil edən normativ eninin alınması üçün zərurui olan yerlərdə yararsız qrunt qazılır, yararlı karxana çınqılı tökülərək genişləndirilir və kipləşdirilir, avtoqreyderlə profilə salınır, çiyinlər bərkidilir.

Bundan başqa yollar boyu 6 yerdə uzunluğu 82 paqon-metr olan müxtəlif diametrli dəmir-beton boruların quraşdırılması, boru başlıqlarının dəmir-betonla təmiri, əsasın və örtüyün müxtəlif qalınlıqlara optimal qum-çınqıl materialı ilə tikintisi işləri də aparılır.

Tikinti işlərini sonuncu mərhələsində hərəkətin normal təşkili üçün sadalanan yollar boyu 96 ədəd yol nişanı, 830 ədəd siqnal dirəkləri, həmçinin yolun təhlükəli hissələrində və körpülərə yanaşmalarda 1280 paqon-metr əyrixətli dəmir tirlər quraşdırılacaq, 40 km yolun üfüqi nişanlanma xətləri çəkiləcək.

Yenidənqurma işləri mövcud tikinti norma və standartlarına uyğun, texnoloji ardıcıllıqla və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır. Tərtib olunmuş qrafikə uyğun işlərin başa çatdırılması üçün ərazidə lazımi sayda canlı qüvvə və texnika çalışır.

Qeyd edək ki, Slavyanka-Qoşabulaq-Pərizamanlı, Çanaqçı-Haçaqaya və Qoşabulaq-Sarıtala avtomobil yollarının yenidən qurulması ilə 11.5 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsinin nəqliyyat əlaqəsi yaxşılaşacaq, vətəndaşlar rayon mərkəzinə və qonşu rayonlara rahat çıxış əldə edəcək, yük və sərnişin daşıması asanlaşacaq.

 

21.06.2018 16:45 / Baxılıb: 537 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
18.07.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo