Ermənistan rəhbərliyi həmsədrlərlə görüşdən yayına bilmədi

Şəfa Tapdıq/AZADİNFORM. “Dağlıq Qarabağ tənzimlənməsində həmsədrlərin iştirakı ilə yeni mərhələnin başlandığını konstatasiya etmək olar. Həmsədrlər Ermənistan rəhbərliyinin heç bir tənqidə dözməyən, savadsız, reallıqdan uzaq yanaşmalarına dözmək fikrində deyillər. Onların Ermənistana bir günlük səfəri üç günlük oldu. Bu, əyani sübutdur. Yaydıqları bəyanat belə deməyə əsas verir”.

Bu fikirləri politoloq Mübariz Əhmədoğlu bu gün jurnalistlərlə görüşü zamanı deyib.

O, bildirib ki, həmsədrlərin Azərbaycanın danışıqlara hazırlığına heç bir şübhələri yoxdur: “Həmsədrlər Yenilənmiş Madrid Prinsipləri əsasında hazırladıqları tənzimlənmə variantını Ermənistan qarşısında müdafiə etməyə iradəlidirlər. Bu kontekstdə əsas məsələ həmsədrlərin Azərbaycan ordusunun tənzimlənmə prosesinə yardım etmək imkanına müraciətinin vaxtı diqqəti çəkir. Konstruktiv mühit mövzusu həmsədrlərlə Ermənistan arasında yeganə fikir ayrılığı deyil. Həmsədrlərin İrəvana son səfərini xarakterizə edən ən mühüm məsələlərdən biri konstruktiv mühitlə bağlı mübahisəyə son qoymalarıdır. Ermənistan tərəfi atəşkəs rejiminin tez-tez pozulmasını bəhanə edərək danışıqlar üçün konstruktiv mühitin olmadığını bildirirdilər. Ermənistanın yeni rəhbərliyinin fikrincə, əvvəlcə danışıqlara konstruktiv mühit yaradılmalı, sonra isə danışıqlar bərpa edilməlidir. Ermənistan tərəfi danışıqlara konstruktiv mühitin yaradılması dedikdə təmas xəttində və dövlət sərhədində heç bir atəşin açılmamasını, qoşunların təmas xəttində monitorinq və təhqiqat mexanizmlərinin qurulmasını nəzərdə tuturlar. Ermənistan monitorinq və təhqiqat mexanizmlərinin qurulmasını ATƏT-in büdcəsi üçün bahalı məsələ olduğunu bilir və ATƏT-in ziyana düşməsini arzulayır. Bu məsələnin həm ATƏT-in həm də Ermənistanın dövlət büdcəsinə faydalı həll variantını isə Ermənistanın yeni rəhbərliyi inkar edir”.

Politoloq xatırladıb ki, Ermənistan qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxaracağı təqdirdə atəş də açılmayacaq, ölən də olmayacaq. Nəticədə Ermənistan dövlət büdcəsi Azərbaycanın işğal olunmuş ərazilərində qoşun saxlamağın xərcindən azad olacaq, ATƏT-in büdcəsi də monitorinq mexanizminə vəsait axtarmayacaq: “Azərbaycan XİN rəhbəri Məmmədyarovun həmsədrlərlə sonuncu Paris görüşündə müzakirə olunan məsələlərdən biri də qoşunların təmas xəttində atəşkəs rejiminin pozulması idi. Bu barədə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Kaspşik məlumat verdi. Azərbaycan və həmsədrlərin fikrincə, qoşunların təmas xəttində gərginlik yoxdur və bu danışıqlara konstruktiv mühit yaradır. Həmsədrlər Ermənistana səfərin yekunlarına dair bəyanatında konstruktiv mühitin yaradılmasından deyil, saxlanılmasından danışırlar. Qeyd edək ki, konstruktiv mühit mövzusu həmsədrlərlə Ermənistan arasında yeganə fikir ayrılığı deyil. Həmsədrlər Ermənistana gəlməzdən əvvəl Ermənistan rəsmilərinə həmsədrlərin adından danışmağı qadağan etdi”.

M. Əhmədoğlu onu da deyib ki, həmsədrlərin Ermənistana səfər proqramında ayrıca Dağlıq Qarabağa baş çəkmək nəzərdə tutulmamışdı: “Həmsədrlər ermənilərin davranışına başqa sözlə, materiya və kimyasına bələd olduqları üçün Ermənistana 1 gün əvəzinə üç günlük səfərə gəldilər. Rəsmən səfər iyunun 13-nə təyin olunsa da, həmsədrlər iyunun 12-də Ermənistana daxil olub, iyunun 14-də oranı tərk etdilər. Ermənistanın prezidenti və baş naziri həmsədrlərlə görüşdən yayına bilmədilər. Həmsədrlər bu iradə ilə danışıqların statusu problemini də həll edə biləcəklər. Danışıqların statusu həmsədrlərin İrəvana səfərindən sonrakı bəyanatlarında birinci məsələdir”.

21.06.2018 15:02 / Baxılıb: 248 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.09.2018
    22.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo