Uşaqlar küçələrə tərk edilib

Biləsuvarda 16 yaşlı qızın intiharı xəbəri gərgin ictimai müzakirələrə səbəb olub. Müxtəlif yanaşmalar qoyulur, fərqli səbəblər göstərilir, lakin bunların heç biri belə halların qarşısını almağa qadir deyil. 

Keçən əsrdə intihar faktına, xüsusilə də uşaq intiharı faktına çox nadir hallarda rast gəlirdik. İndi isə hər həftə uşaq intiharı xəbərləri izləyirik. 

Nə baş verir? Yeniyetmələr niyə intihar edir? Çətin sualdır. Bu yazıda problemin səbəblərinə aydınlıq gətirməyə çalışacağıq.

Mövzuya girmək üçün qısa arayış verək, sonra arxasına baxaq. 

Son 10 ildə keçmiş SSRİ məkanında, o cümlədən Azərbaycanda azyaşlıların intiharı geniş vüsət alıb. Hər il bizdə 40-50 nəfər uşaq intihar edir. 

Bəs bu göstəricilərə necə nail olduq? Problemin start götürdüyü vaxtlardan başlayaq. Ötən əsrin 80-ci illərinin sonunda və 90-cı illərin əvvəllərində cəmiyyətdə anarxiya, xaos, sosial-iqtisadi problemlər baş alıb getdi. Bir yandan da yaraları uzun müddət sağalmayan müharibə...

Cəmiyyət bütün istiqamətlərdən təzyiqə məruz qaldı. Azadlıq, demokratiya kimi anlayışları çoxları özbaşınalıq, qanunsuzluq kimi qəbul etdi və belə davrandı. Sonralar stabillik yarandı, problemlər azalmağa başladı, iqtisadi imkan artdı və s. Amma psixoloji izlər hələ də qalır. Bu müddətdə həmin şəraitdə formalaşmış yeni nəsillər böyüyüb axı. Bu gərgin mühitdə böyüyən uşaq təbii ki, normal psixologiyaya malik olmayacaq, mənəvi-psixoloji problemləri olacaq. 

Cəmiyyətlərin, dövlətlərin, quruluşların fərqi əslində, intiharların səviyyəsi ilə ölçülməlidir. Qalan bütün sosial, iqtisadi, siyasi üstünlüklərin heç bir rolu ola bilməz. Məsələn, dünyada intiharlara görə, iri kapitalist dövlətləri - Yaponiya, Almaniya, Britaniya, ABŞ və Skandinaviya ölkələrinin ilk yerləri tutması o deməkdir ki, bu ölkələrdə əslində insan faktoru öndə deyil. 

Dövlətin iqtisadi qüdrəti yüksək ola bilər, amma insanlar üçün normal, təhlükəsiz, psixoloji gərginliksiz cəmiyyət sistemi qurulmayıbsa, deməli, bu dövlətdə yaşamaq təhlükəlidir. Maddi rifah da hər şey demək deyil. Başqa məsələlər var - gözlə görünməyən, əllə toxunulmayan məsələlər.

Azərbaycanda dünyanın əksər ölkələrinə baxanda daha uyğun həyat şəraiti var. Düzdür, Avropadan, Yaponiyadan, ABŞ-dan... geri qalırıq, amma hər halda bura nə Afrika ölkəsidir, nə də Yaxış Şərq. Bəs o zaman bu problemlər hardan qaynaqlanır? 

İntiharlarda sosial problemlərin rolunu inkar etmək olmaz. Lakin, etiraf etməliyik ki, indiki dövrdə və bizim kimi ölkədə intiharların əsas səbəbləri arasında mənəvi-psixoloji məsələlər xeyli böyük paya malikdir. 

Cəmiyyətimizdə intiharlara qarşı formalaşmış stereotiplər var. Məsələn, əgər intihar edən azyaşlı və yeniyetmə qız uşağıdırsa, hamı bir qayda olaraq ona mütləq təcavüz olunduğunu düşünür. Heç kim o qızın ailəsində və ətrafında baş verənləri görmür, onun valideynlərindən zorakılıq gördüyünü, sosial və psixoloji problemlər yaşadığını gözardı edirlər. 

İntiharların artmasında bioloji və genetik təzyiqləri də qeyd etməmək olmaz. Son vaxtlar uşaqların çoxuna ana südü verilmir, körpələr GMO qidalar, “Coca-cola” kimi təhlükəli içkilərlə böyüyür. Ətrafda isə, daha çox aqressiya, problem, əzab görür. Bir yandan da televiziyalar. Təsəvvür edin, əksər özəl kanallar elə dəhşətli amerikan multfimləri verirlər ki, uşaq bir yana qalsın, 40 yaşda adamın qorxudan, həyəcandan bağrı yarılır.

Uşaqlar cəmi 20-30 il əvvəlki ənənəvi məkanlarından məktəblərdən, yaradıcılıq mərkəzlərindən, istirahət düşərgələrindən, idman salonlarından ayrılaraq küçələrə tərk edilib. Ən yaxşı halda dəhşətli oyunlar oynadıqları, pornoya, zorlamaya, qanlı döyüş səhnələrinə baxdıqları internet klublara buraxılıb. Evdə isə uşaqların tərbiyəsi ilə seriallar və şou verilişlər məşğul olur. Hər uşağın əlinə bir smartfon alıb verməklə başlarından edən valideynlər cəzalarını da alırlar…

Ağıllı valideyn uşağını bu qlobal psixtron terrordan qorumağa məcburdur. Uşağına nəzarət etməyən, onu düzgün yola yönləndirməyən valideynlər intiharların əsas səbəbkarlarıdır.

Uşaq intiharı uşaqların böyüklərə etirazının ən sərt və ən dəhşətli formasıdır. Bəzi uşaqların intihardan əvvəl yazıb qoyduğu məktublar isə, ən ağır təhqirdir gələcəyini qoruya bilməyən cəmiyyət üçün...

Uşaqların intiharlarla bizə ünvanladığı mesajın ümumi məğzi çox qısadır - Tfu sizin üzünüzə...


Elçin Bayramlı

Bu məqalə Beynəlxalq Mətbuat Mərkəzi tərəfindən AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının “İnternet informasiya resurslarında, o cümlədən sosial şəbəkələrdə milli maraqların müdafiəsi istiqamətində fəaliyyətə dair təşəbbüslərə dəstək” layihəsi çərçivəsində hazırlanıb.
20.06.2018 15:50 / Baxılıb: 411 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo