Paris partladı tamaşasının premyerası olacaq

Gültən Qədirli/AZADİNFORM. Azərbaycanın ilk və tək inklüziv ƏSA Teatrı teatr mövsümünün son premyerasını iyulun 7-də təqdim edəcək.

Bu barədə Azadinform-a məlumatı teatrın baş meneceri Nicat Qulam verib.

Onun sözlərinə görə, ƏSA Teatrının təqdim edəcəyi premyera nümayişi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə bayram hədiyyəsi olaraq hazırlanıb. Görkəmli mütəfəkkir Mirzə Fətəli Axundzadənin “Hekayəti Müsyö Jordan və Dərviş Məstəli Şah” pyesinin motivləri əsasında quruluş verilən “Paris partladı” tamaşasının premyerası 7 iyulda Akademik Opera və Balet Teatrında nümayiş olunacaq.

Nicat Qulamın sözlərinə görə, “Paris partladı” tamaşası modern dünya teatrının trendlərini özündə əks etdirir. Menecer qeyd edib ki, tamaşaçılar premyerada Mirzə Fətəlinin ənənəvi yaradıcılığının məhsulunu yox, yeni üslubda quruluş verilən tamaşa izləyəcəklər. Həmçinin, tamaşaçılar teatr mövsümünün son premyerasını Azərbaycanın tanınmış ictimai-siyasi xadimləri ilə yanaşı, ən sevilən mədəniyyət və incəsənət nümayəndələri ilə birgə izləyə biləcəklər.

Qeyd edək ki, tamaşanın maliyyə dəstəkçisi Azərbaycan Gənclər Fondu, bədii rəhbəri Nihad Qulamzadə, quruluşçu rejissoru Elşən Əsgərov, baş prodüseri Nicat Qulam, multi-media meneceri Elxan Xanəlizadə, quruluşçu rəssamı Vüsal Rəhim, işıq rəssamı Binyamin Sailov, qrafik dizayner Vəfa Hacıiğlu, surdo (işarət dili) tərcüməçisi Nuranə Abıyevadır. ƏSA Teatrı ənənəsinə sadiq qalaraq, bu dəfə də nitq məhdudiyyətli tamaşaçılarını nəzərə alıb, tamaşanı surdo tərcümə ilə həyata keçirəcək.

20.06.2018 11:30 / Baxılıb: 321 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo