Qərb Ərdoğanı devirmək istəyirmi?

AZADİNFORM. “Türkiyənin mühafizəkar və qismən də milliyyətçi çevrələrində populyar olan, bizdə də çoxlarının inandığı fikir bundan ibarətdir ki, Qərb Türkiyədə hakimiyyət dəyişikliyinin baş verməsini arzulayır və bunun üçün əlindən gələni edir. Türkiyədə hakim təbliğat iqtisadi çətinliklərin yeganə səbəbkarı kimi “Rəisi devirmək istəyən dış güclər”i göstərir. Bu təbliğat Ərdoğan tərəfdarlarında Ərdoğana sahiblənmə duyğusunun zəifləməsinə yol verməməyə hesablanıb və nəticə də verir”.

Azadinform xəbər verir ki, bu fikirləri politoloq Şahin Cəfərli bildirib.

Politoloq qeyd edib ki, Qərb doğrudan da Ərdoğanı sevmir. Qərb mediasında, insan haqlarını müdafiə təşkilatlarının hesabatlarında Türkiyə hökumətinin və prezidentinin ünvanına kəskin tənqidlər var. Qərb rəsmi dairələrinin də Ərdoğana hər hansı simpatiyasından danışmaq mümkün deyil: “Bəs Ərdoğana olan bu neqativ münasibət Qərbin real, praktik siyasətində nə dərəcədə əksini tapır? Türkiyə kimi hakimiyyətin hələ ki seçki yolu ilə dəyişdiyi ölkələrdə xalqın rəyini formalaşdıran ən önəmli amil iqtisadiyyatın durumu və buna bağlı olaraq əhalinin rifah səviyyəsidir. Qərbin Ərdoğan dönəmində Türkiyə iqtisadiyyatında oynadığı və oynamağa davam etdiyi rola nəzər salaq. 2003-cü ilin yanvarından 2018-ci ilin aprelinə qədər Türkiyənin ixracatı 1 trilyon 941 milyard dollar, idxalatı 2 trilyon 700 milyard dollar olub. Xarici ticarət kəsiri 759 milyard dollar, büdcə kəsiri 570 milyard dollar təşkil edib. Eyni müddətdə xaricilərin birbaşa yatırımları (Türkiyədə fabrik açmaq, şirkət qurmaq, şirkət almaq və s.) 169 milyard dollar, ölkəyə gətirdikləri “sıcak para” deyilən nağd pul kütləsi 185 milyard dollar olub. Xarici borclanma ilə bərabər ötən müddətdə xaricdən Türkiyəyə daxil olan kapitalın miqdarı 611,5 milyard dollar (qaynağı bəlli olmayan sərmayə ilə bərabər ümumilikdə 655 milyard dollar) təşkil edib. Yəni 570 milyardlıq büdcə kəsirinə qarşı 655 milyard dollar maliyyə gəlib”.

Politoloq qeyd edib ki, nəticədə xalq büdcə kəsirinin, xarici ticarətdəki neqativ tablonun fəsadlarını hiss etməyib, Ak Parti və Ərdoğan keçirilən seçkiləri, referendumları rahat qazanıb: “Həmin 655 milyardın 74%-i Avropadan, 9%-i Amerika qitəsindən (başda ABŞ olmaqla) daxil olub. Beləliklə, ölkəyə gələn xarici sərmayədə Qərbin payı 83% təşkil edib. Türkiyənin hazırda toplam xarici borcunun 136,8 milyard dolları dövlət, 316,4 milyard dolları özəl sektorun payına düşür. Özəl sektora, yəni türk iqtisadiyyatına borc şəklində axan maliyyənin 53,4%-i Avropaya, 11,1%-i ABŞ-a aiddir. 2018-ci ilin ilk rübündə dış güclər Türkiyənin “Dövlət iç borclanma sənədləri”nə (xəzinə bondları, dövlət istiqrazları) 29 milyard 305 milyon dollar yatırıblar. Bu məbləğin 19 milyard 358 milyon dolları Avropadan, 7 milyard 970 milyon dolları ABŞ-dan, cəmi 1 milyard 884 milyon dolları Asiyadan daxil olub (İç borclanma sənədləri büdcə kəsirini qapatmaq üçün dövlətin istifadə etdiyi əsas alətlərdəndir)”.

Ş. Cəfərli onu da bildirib ki, Qərb Ərdoğanı yıxmaq istəsə, sadəcə olaraq, bu yatırımları etməz, öz bazarlarını Türkiyə üçün bağlayar. Nəticədə Türkiyə iqtisadiyyatı çox ağır duruma sürüklənər, hətta mübaliğəsiz deyə bilərik ki, ayaqda qala bilməyib çökər: “İndi məsələnin siyasi tərəfinə nəzər salaq, görək seçki ərəfəsində Qərb tərəfindən Türkiyə hökumətinə, prezident Ərdoğana basqılar varmı? Türkiyə və ABŞ Suriyanın şimalındakı Menbiç probleminin həlli üçün anlaşdılar. PKK-nın Suriya qolu YPG bu bölgədən çıxarılacaq, ərazidə ABŞ və Türkiyə əsgərləri keşik çəkəcək, sonra bu iki dövlət birlikdə yerli hakimiyyət orqanlarını formalaşdıracaqlar. Yəni Türkiyənin tələblərini ABŞ böyük ölçüdə qəbul etmiş kimi görünür. Vaşinqton bu anlaşma üçün Türkiyədəki seçkilərin nəticələrini gözləyə bilərdi, gözləmədi. Ərdoğan seçki ərəfəsində Britaniyaya rəsmi səfərə dəvət olundu, baş nazir və kraliça tərəfindən qəbul edildi, investorlarla bir araya gəldi. Düzdür, Ərdoğan o görüşdə ehtiyatsız ifadələrdən istifadə edib investorları qorxutmuşdu, bir neçə gün sonra Türkiyə baş nazirinin iqtisadiyyata məsul müavini və Mərkəzi Bankın rəhbəri təkrar Londona gedib eyni maliyyə bossları ilə görüşərək onları arxayınlaşdırdılar ki, seçkiqabağı dövrdə prezidentimiz bu cür danışa bilər, siz ciddiyə almayın. Türkiyə hökumətinin bildirdiyinə görə, görüş yüksək səviyyədə keçib və Qərb investorları Türkiyəyə sərmayə yatırmağa söz veriblər”.

Politoloq vurğulayıb ki, Merkel seçkinin nəticələrini gözləmədən, şifahi olaraq (Çavuşoğlu ilə görüşdə) Ərdoğanı 24 iyundan sonra Almaniyaya rəsmi səfərə dəvət edib: “Bu faktlar bizə onu deyir ki, Qərb Ərdoğanın qələbəsinə inanır, 24 iyun sonrasına yatırım qoyur, birja dili ilə desək, Ərdoğanın qələbəsini satın alır. Burada qeyri-adi heç nə yoxdur. Sadəcə olaraq, Qərb öz maraqları əsasında praqmatik siyasət yeridir və onun simpatiyaları, antipatiyaları real siyasətdə rol oynamır, yaxud çox minimal rol oynayır”.

20.06.2018 11:23 / Baxılıb: 348 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo