Pərviz Şahbazov nazirlərin Vyana görüşündə iştirak edəcək

AZADİNFORM. Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindonun dəvəti ilə Azərbaycanın energetika naziri Pərviz Şahbazov 21-23 iyun tarixlərində  Avstriyanın paytaxtı Vyana şəhərində səfərdə olacaq.

Nazirlikdən Azadinform-a verilən məlumata görə, P.Şahbazov Vyanada OPEC-in “Neft-Dayanıqlı gələcək üçün əməkdaşlıq” mövzusunda keçiriləcək 7-ci beynəlxalq seminarında iştirak edəcək. Energetika nazirinin “Dünya iqtisadiyyatı üçün neftin gələcəyi” adlı beşinci sessiyada çıxışı nəzərdə tutulub. Bundan başqa energetika nazirinin Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan ölkələrin Nazirlərinin Birgə Monitorinq Komitəsinin 9-cu iclasında da  iştirakı planlaşdırılır.

Pərviz Şahbazov  Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Nazirlər Şurasının 23 iyun 2018-ci il tarixində keçiriləcək 174-cü iclası  çərçivəsində  OPEC və qeyri-OPEC nazirlərinin 4-cü iclasına  da qatılacaq.

Azərbaycan dünya neft bazarında tarazlığın və neftin qiymətinin sabitləşdirilməsi  məqsədilə aparılan məsləhətləşmələrdə ilk vaxtlardan yaxından iştirakını davam etdirməkdədir.

Xatırladaq ki, 2016-cı il  noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. 25 may 2017-ci il tarixində OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub. Ötən ilin 30 noyabrında isə OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. OPEC və qeyri-OPEC ölkələrinin bu yeni razılaşmasına Azərbaycan da qoşulub.

19.06.2018 14:37 / Baxılıb: 303 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.11.2018
    16.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo