Milli Qurtuluş tariximiz: Bir Heydər Əliyev əsəri

Azadlıq, müstəqillik həm ayrıca bir vətəndaş üçün, həm də bütöv xalqlar üçün ən müqəddəs, ən şirin nemətdir. Biz azadlığımızın, müstəqilliyimizin yolunu illərlə gözləmişik, mübarizə aparmışıq, bu yolda minlərlə şəhid vermişik. Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq bir o qədər mürəkkəb və ağır məsələdir. Qüdrətli və möhkəm dövlət olmadan azadlıq və müstəqillik də olmur.

Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün ən mühüm tarixi günlərdən biridir. Vətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin qələbə ilə başa çatma tarixidir. Bu qələbəni qazanan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan ümummilli lider Heydər Əliyevdir. 

1992-ci ildə Naxçıvan Ali Məclisinin sədri olarkən Heydər Əliyevin müstəqil, tarazlı və cəsarətli siyasət yeritməsi bütün Azərbaycan xalqının diqqətini cəlb edir, ona ümidləri artırırdı. İqtidar isə onun siyasətini separatçılıq kimi qiymətləndirir və Naxçıvan Muxtar Respublikasında hakimiyyət çevrilişi etməyə, qeyri-demokratik yolla Xalq Cəbhəsini muxtar respublika rəhbərliyinə  gətirməyə cəhd edirdi. Bu elə bir dövr idi ki, daşnaklarin “Böyük Ermənistan” yaratmaq niyyətləri, Azərbaycanı Qafqazın siyasi xəritəsindən silmək planları reallaşmaq üzrə idi. Azərbaycan torpağı etnik əlamətə görə parçalanıb yox olmaq təhlükəsi qarşısında qalmışdı.  

1992-ci il oktyabrın 24-də Xalq Cəbhəsi yerli qurumlarına məxsus silahlı dəstələr MR Daxili İşlər Nazirliyi binasını, yerli televiziya studiyasını ələ keçirdi. Qiyamçılar xalqa televiziya ilə müraciət edib mövcud hakimiyyət əleyhinə bəyanatlar verdilər. 

Lakin bu planlar baş tutmadı. Əhalinin böyük əksəriyyəti Heydər Əliyevin çağırışı ilə ayağa qalxdı. Silahlılar dövlət idarələrindən qovulub çıxarıldı. 

Xalq xilas yolunu Heydər Əliyevin ölkəyə rəhbərliyində gördüyü halda iqtidarda olan və olmayan Xalq Cəbhəsi üzvləri, habelə hakimiyyəti itirmiş qüvvələr və onların əlaltıları arasında didişmə, satqınlıq, xəyanət yolu ilə hətta Azərbaycanın müstəqilliyi bahasına hakimiyyəti ələ keçirmək cəhdləri baş alıb gedirdi.

Gəncədə 1993-cü il iyun qiyamı vəziyyəti daha da ağırlaşdırdı. Burada hökumətə tabe olmayan bir qrup zabit “hərbi birlik” yaratmışdır. Onlara Surət Hüseynov rəhbərlik edirdi. 709 saylı hərbi hissə Müdafiə Nazirliyinə tabe olmurdu. İqtidar hərbi müxalifətin öhdəsindən gələ bilmirdi. 

İyunun 4-də səhər hərbi qiyamı yatırmaq üçün hökümət Gəncəyə 3 minədək canlı qüvvə, güclü hərbi texnika yeritdi. İki qardaş üz-üzə dayandı. 709 saylı hərbi hissənin kazarmaları dağıdıldı, hərbi təyyarələr havaya qalxıb hava limanını darmadağın etdi. Lakin qiyamçılar daha fəal hərəkət etdilər. Onlar qan tökmək istəməyən qvardiyaçıları şəhərdən çıxarmaq adı altında avtobusa doldurub güllələdilər. Hökumət qüvvələri məğlub edildi. Qiyamçı hərbi hissələr Bakıya doğru yeriməyə, prezidentin və hökumətin istefaya getməsini tələb etməyə başladılar və müqavimətə rast gəlmədən paytaxta yaxlınlaşdılar. 

İyunun 14-də Nəvahi yaxınlığında qiyamçılarla hökumət qoşunları üz-üzə dayandı. Danışıqlar nəticəsində qiyamçıları Lökbatan yaxınlığında və Şamaxı yolunun 75 kilometrliyində saxlamaq mümkün oldu. Yaranmış vəziyyətlə əlaqədar parlamentin sədri,  baş nazir, üç güc nazirliyinin rəhbərləri istefaya getməyə məcbur oldular. Ölkənin qabaqcıl adamları, ziyalılar, sadə əməkçilər böyük fəlakətin yaxınlaşdığını hiss edirdilər. 

Bununla yanaşı xalqın sağlam qüvvələrinə arxalanan qurtuluş hərəkatı meydana gəlir və sürətlə genişlənirdi. Bu hərəkat zamanın böyük siyasətçisi Heydər Əliyevin ətrafında toplaşırdı. Ziyalı insanlar dəfələrlə Naxçıvana gedib yenidən böyük siyasətə qayıtmasını xahiş etmişdilər. 

1992-ci il oktyabrın 16-da Azərbaycanın 91 nəfər nüfuzlu ziyalısı-alimlər, müəllimlər, jurnalistlər, hüquqşünaslar, həkimlər “Səs” qəzeti vasitəsilə Heydər Əliyevə Qurtuluş hərəkatına rəhbərlik etməsi barədə rəsmi müraciət etdi. Yeni Azərbaycan uğrunda siyasi hərəkat genişlənirdi. 

Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyası (YAP) təşkil edildi. AXC-Musavat iqtidarı uzun müddət öz yarıtmaz fəaliyyəti ilə ölkəni parçalanmaq həddinə çatdırmışdı. Vətəndaş müharibəsi üçün zəmin yarandı. Başlanmış bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən iqtidar son anda kömək üçün Heydər Əliyevə müraciət etdi.

Azərbaycanın görkəmli oğlu, böyük siyasətçi Heydər Əliyev xalqın bu ağır günündə, şübhəsiz, kənardan baxa bilməzdi. O, xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib iyunun 9-da Bakıya gəldi. Bununla da daxili və xarici düşmənlərimizin bütün planları iflasa uğradı. Xilaskarlıq missiyasını öz üzərinə götürən bu nəhəng şəxsiyyət həyatını təhlükə altında qoyaraq Gəncəyə getdi. Hadisələrin daha faciəli nəticələrə gətirib çıxarmaması üçün öz ağsaqqal sözünü dedi. Onun Gəncəyə səfəri vətəndaş qarşıdurmasının genişlənməsinin qarşısını aldı. 

Ümummilli lider Gəncədə baş verən hadisələrə münasibət bildirərkən demişdi: “Hadisələr dəhşətlidir. Qan tökülüb, cinayət edilib. Bunlar araşdırılmalıdır və qanunu pozmuş bütün adamlar, cinayətdə iştirak etmiş adamlar, cinayəti təşkil etmiş, hansı tərəfdən asılı olmasına baxmayaraq qanun qarşısında məsuliyyət daşımalıdırlar”. 

1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi.

Dövləti olmayan xalq ölümə məhkumdur. Dövlətçilik xalqın “ölüm, ya olum” məsələsidir.

Heydər Əliyevin xalqımızın və tariximizin qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan  dövlətçiliyini xilas etməsində, Azərbaycan varlığını parçalanıb yox olmaq təhlükəsindən qurtarmaqda idi. Dövlətimizin qorunub saxlanılması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması deməkdir, qurtuluş deməkdir!

Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxdı. Ümummilli liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı, sabitlik və əmin-amanlıq yaratdı. 

Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə onun qətiyyəti, apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz xaosdan xilas olmuş, sivil demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazanmışdır. Heydər Əliyev öz gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi dəfələrlə söylədiyi məşhur kəlamına sadiq qaldığını sübut etdi- “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir”.

Bu gün ümummilli liderin layiqli davamçısı olan Prezident İlham Əliyev bu siyasəti dönməz şəkildə uğurla davam etdirir və Azərbaycan dünyada nüfuzlu dövlətlərdən birinə çevrilib. Ölkəmiz həm iqtisadi, həm siyasi, həm mədəni, həm hərbi, həm elmi cəhətdən güclü inkişaf edir. Bütün bunların əsası isə 1993-cü ildə- Ümummilli liderimiz tərəfindən qoyulub. Məhz ona görə 15 iyun Qurtuluş günüdür.

Milli Qurtuluş Bayramınız Mübarək!


Elçin Bayramlı


15.06.2018 14:32 / Baxılıb: 722 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.07.2018
    16.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo