Azərbaycanın snayper tüfəngləri ilk dəfə beynəlxalq sərgidə

Samir Soltanov/AZADİNFORM. Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan hərbi təyinatlı məmulatlar Parisdə keçirilən "EUROSATORY-2018” Beynəlxalq müdafiə və təhlükəsizlik sərgisində nümayiş etdirilir. 

Nazirlikdən Azadinform-a verilən məlumata görə, nazir Yavər Camalovun başçılıq etdiyi geniş tərkibli nümayəndə heyəti Fransada səfərdədir. 

İyunun 11-dən öz işinə başlayan sərgidə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan 270 adda hərbi təyinatlı məmulat nümayiş etdirilir. 

Dünyanın inkişaf etmiş ölkələrinin qabaqcıl şirkətlərinin qatıldığı "EUROSATORY” sərgisində ilk dəfə təmsil olunan Müdafiə Sənayesi Nazirliyinin nümayiş etdirdiyi məmulatlar, xüsusilə, ilk dəfə beynəlxalq sərgiyə çıxarılan - 14,5 millimetrlik “NST” snayper tüfəngi, 81 millimetrlik minaatan, 12,7 millimetrlik silahla təchiz olunmuş məsafədən idarə olunan döyüş modulu, 81 millimetrlik atəş yığımı və “Tufan” minaya davamlı milli zirehli nəqliyyat vasitəsi, “Gürzə” patrul maşını, “İstiqlal”, “Vaşaq” və “Yalquzaq” snayper tüfəngləri böyük maraqla qarşılanır. 

Sərgi çərçivəsində nazir Yavər Camalovun başçılıq etdiyi nümayəndə heyəti tədbirə qatılan ölkələrdən - Türkiyənin “Havelsan” və “Çukurova”, İsrailin “Aeronautics”, Fransanın “Rokcell”, Almaniyanın ”Diehl” və Serbiyanın “Yugoimport” şirkətlərinin stendlərini ziyarət edib, nümayiş etdirilən yeni növ məmulatlarla yaxından tanış olub. Sərgiyə qatılan qabaqcıl şirkətlərin nümayəndələri ilə görüşlər təşkil olunub, yeni növ müdafiə təyinatlı məmulatların yaradılması və istehsalı üçün mövcud əməkdaşlıqların inkişaf etdirilməsi və yeni əməkdaşlıqların qurulması istiqamətində danışıqlar aparılıb. Eyni zamanda, Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan hərbi təyinatlı məmulatların ixracına dair danışıqlar aparılıb. 

Görüşlərdə nazir Yavər Camalov Bakının Beynəlxalq Sərgilər Bürosu tərəfindən 2025-ci ildə keçiriləcək “Expo-2025” Ümumdünya Sərgisinə ev sahibliyi etməsi üçün irəli sürülmüş namizədliyinin dəstəklənməsi ilə bağlı müzakirələri davam etdirir. 

Sərgi çərçivəsində sentyabrın 25-dən 27-dək Azərbaycanda keçiriləcək “ADEX-2018“ üçüncü Beynəlxalq müdafiə sərgisi ilə bağlı nazirliyin nümayəndə heyəti tərəfindən geniş məlumat verilir və dəvətlər çatdırılır. 

"EUROSATORY-2018” Beynəlxalq müdafiə və təhlükəsizlik sərgisi iyunun 15-də başa çatacaq.

14.06.2018 17:40 / Baxılıb: 318 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.12.2018
    14.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo