AzMİU-nun layihəsi EİF-in qrant müsabiqəsinin qalibi olub

AZADİNFORM. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu elmi prioritetlərə uyğun olaraq keçirdiyi “Elm-Təhsil İnteqrasiyası” müsabiqəsinin (EİF/MQM/Elm-Təhsil-1-2016-1(26)) nəticələrini elan edib.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev (rəhbər) və İnşaat – texnologiya fakültəsinin dekanı, professor Tahirə Haqverdiyevanın (həmrəhbər) layihəsi müsabiqədə qalib gələn işlər arasında olub. Qrant qazanan “İnşaat sektorunda istifadə olunan materiallarda radioekoloji və kimyəvi risklər, idarəolunma mexanizmləri və elektron məlumat resurslarının yaradılması” layihəsinin icra müddəti 12 ay və ümumi büdcəsi 70 000 AZN təşkil edir. Universitetimiz bu layihəni AMEA-nın Radiasiya Problemləri İnstitutu ilə birgə yerinə yetirəcək. Layihədə rəhbər, həmrəhbər və icraçılar olmaqla ümumilikdə 6 nəfər fəaliyyət göstərəcək. 

Məlumat üçün qeyd edək ki, “Elm-Təhsil İnteqrasiyası” qrant müsabiqəsi akademik və ali təhsil sistemindəki elmi-tədqiqat müəssisələri, institut və laboratoriyaların elmi fəaliyyətini stimullaşdırmaq, modern elmi cihaz, avadanlıq və qurğularla təminatını təkmilləşdirmək və s. məqsədi ilə keçirilir. Fond akademik və ali təhsil qurumlarından olan alimlərin müvəqqəti yaradılmış elmi-yaradıcı kollektivləri tərəfindən təqdim edilmiş fundamental və tətbiqi xarakterli layihələri müxtəlif maliyyə həcmli qrantlar (hər layihə üçün 100 min manatadək) verilməsi yolu ilə həyata keçirir. Bu tip layihələrin qrantlar yolu ilə maliyyələşdirilməsində əsas məqsəd müxtəlif elm sahələrində yerinə yetirilən elmi-tədqiqat işlərinin (xüsusi olaraq, multidissiplinar araşdırmaların) dəstəklənməsi, qısa müddət ərzində rəqabət apara biləcək elmi nəticələrin alınmasına əlavə şərait yaradılmasıdır.

14.06.2018 11:28 / Baxılıb: 194 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.08.2018
    18.08.2018
     
    © 2018 All right reserved www.azadinform.az Powered by Danneo