Hikmət Hacıyev: Ermənistan prezidentinin Kəlbəcərə səfəri təxribat məqsədi daşıyır

Ermənistan prezidenti Armen Sarkisyanın Azərbaycanın işğal olunmuş ərazilərinə, o cümlədən Kəlbəcər rayonuna səfəri təxribat məqsədi daşıyır və vəziyyətin gərginləşdirilməsinə xidmət edir.

Bunu Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, bu bir daha onu sübut edir ki, Ermənistan rəhbərliyinin sülhdən və ya əməkdaşlıqdan danışması riyakarlıqdan və beynəlxalq ictimaiyyəti aldatmaqdan cəhdindən başqa bir şey deyil.

“ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Yerevana səfəri günü Ermənistan rəhbərliyi bu kimi təxribatçı və destruktiv addımları, o cümlədən qondarma rejimin danışıqlarda iştirak etməsi barədə əsassız iddiaları ilə Ermənistanın münaqişənin danışıqlar yolu ilə həllində tamamilə maraqlı olmadığını, status-kvonun saxlanması və hərbi təcavüz yolu ilə işğal edilmiş Azərbaycan ərazilərinin ilhaqı siyasətini yürütdüyünü açıq şəkildə nümayiş etdirir”, deyə H.Hacıyev vurğulayıb.

XİN rəsmisi qeyd edib ki, Ermənistan rəhbərliyinin yürütməkdə davam etdiyi siyasət regional sülh və təhlükəsizliyi ciddi təhdid altına qoyur: “Bir daha bəyan edirik ki, yaranmış mövcud vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür”. (apa)

13.06.2018 22:05 / Baxılıb: 293 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo