Nursultan Nazarbayev. Həyat yolu" kitabının Azərbaycan dilində nəşrinin təqdimatı olub Fotolar

AZADİNFORM. Heydər Əliyev Mərkəzində Qazaxıstan prezidenti Nursultan Nazarbayevin həyat və fəaliyyətindən bəhs edən “Nursultan Nazarbayev. Həyat yolu” kitabının Azərbaycan dilində nəşrinin təqdimatı keçirilib. 

Azadinform xəbər verir ki, ilk olaraq Nursultan Nazarbayevin həyat və fəaliyyətinə dair sənədli film nümayiş etdirilib. 

Kitaba ön söz yazan Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxışında bildirib ki, N. Nazarbayev adi dövlət başçısı deyil: “Dövlətlər var ki, onun gücü başçısındadır. Nazarbayev Qazaxıstanın müasir tarixini yaradan və bütün sahələr üzrə gələcək inkişaf təməlini qoyan liderdir. Əgər ümummilli lider Heydər Əliyev haqqında kitab yazsaydım, məhz belə kitab yazardım.  Kitabın ərsəyə gəlməsində Prezident Administrasiyası birbaşa təşəbbüskardır. Kitab Azərbaycan oxucusunu Nursultan Nazarbayevin həyatı və keyfiyyətləri ilə tanış edəcək. Bu, Nursultan Nazarbayevin fəaliyyəti ilə bağlı Azərbaycan dilinə tərcümə edilmiş 4-cü kitabdır”. 

Ə. Həsənov N. Nazarbayevi müasir Qazaxıstanın banisi kimi xarakterizə edib: “Qazaxıstan-Azərbaycan əlaqələri hər zaman yüksək səviyyədə olub. Ümummilli lider Heydər Əliyev hər zaman qazax xalqının təəssübkeşini çəkib. O, Nazarbayevlə çox yaxın dost olub. Sonradan dostluq əlaqələri prezident İlham Əliyev tərəfindən davam etdirilib. Qazaxıstan Azərbaycanın strateji tərəfdaşlıq və strateji müttəfiqliyə dair sənəd imzaladığı 4 dövlətdən biridir. Aramızda 100-dən çox normativ-hüquqi sənəd imzalanıb. Qazaxıstan Türkiyədən sonra Azərbaycanın ən çox yatırım qoyduğu dövlətdir. 130 min azərbaycanlı Qazaxıstanda yaşayır. Aramızda heç bir anlaşılmazlıq və qaranlıq qalan məsələ yoxdur”. 

Qazaxıstanın mədəniyyət və idman naziri Arıstanbek Muxamedulı bildirib ki, Azərbaycan Qazaxıstana müttəfiq ölkələrdən biridir: “Biz ötən il diplomatik əlaqələrin qurulmasının  25 illiyini qeyd etdik. Türk xalqlarının tarixi birlikdə yazılıb. Biz “Nursultan Nazarbayev. Həyat yolu” kitabının Azərbaycan dilinə tərcümə olunduğuna görə çox sevincliyik. Əminik ki, xalqlarımızın gələcəkdə əməkdaşlığı daha da gücləndiriləcək”. 

AMEA-nın prezidenti Akif Əlizadə qeyd edib ki, Azərbaycan və qazax xalqlarını dil və din birliyi ilə yanaşı, tale ortaqlığı da birləşdirir: “Hər iki xalq soyqırımlara məruz qalıb”. A. Əlizadənin sözlərinə görə, hər iki ölkə lideri - Heydər Əliyev və Nursultan Nazarbayev xalqda ruh düşkünlüyünə imkan verməyib: "Onlar həm də yaxın dost olub və ölkələr arasında əlaqələrin ən yüksək səviyyəyə çatması üçün əllərindən gələni əsirgəməyib. Bu ənənə bu gün də davam etdirilir”. 

Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdıralı deyib ki, Nursultan Nazarbayev türk dünyasının lideridir: “Nursultan Nazarbayevin həyatından bəhs edən kitabın tərcümə edilməsi və Azərbaycan lideri Heydər Əliyevin adını daşıyan mərkəzdə təqdimatı tarixi andır. İki ölkə lideri arasında hələ müstəqillik illərindən əvvəl yaxın dostluq münasibətləri olub, müstəqillik illərindən sonra daha da güclənib. Bu kitab Nursultan Nazarbayevin dövlətçilik təcrübəsinin xalqlarımıza çatdırılmasında böyük rol oynayacaq”.  

Millət vəkili Cavanşir Feyziyev çıxışında deyib ki, müəllif bu kitabla müasir Qazaxıstanın salnaməsini yaradıb. O qeyd edib ki, kitab qazax xalqının yaşadığı tarixi dövrün çatdırılması üçün çox gözəl nümunədir.
Sonda kitabın layihə rəhbəri və müəllifi Qazaxıstan Prezident Dəftərxanasının rəisi, siyasi elmlər doktoru Mahmud Kasımbekov çıxışında bildirib ki, Azərbaycanda olduğu kimi, Nursultan Nazarbayev də müstəqilliyin ilk illərində xalqı daxili müharibədən qurtara bilib: “O, ölkə iqtisadiyyatının düzgün istiqamətdə irəliləməsinə yol açıb. Qazaxıstanda bütün inkişaf prezidentin yürütdüyü siyasətin nəticəsidir. Kitabın burada təqdim olunmasına dəstək göstərən hər kəsi təbrik edirəm. Biz Azərbaycanla iki qardaş ölkəyik. Aramızdakı dostluğun əbədi olmasını diləyirəm”.

13.06.2018 18:05 / Baxılıb: 420 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
22.10.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo