Şeyx Azərbaycan xalqını təbrik edib

Adəm Abbaslı/AZADİNFORM. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Bu barədə Azadinform-a QMİ-dən məlumat verilib.

Təbrikdə deyilir ki, əzəmət və sevinci hədsiz olan bu ülvi bayram insanlara böyük səadət və fəxarət bəxş edir. Həmd-səna olsun Uca Allaha ki, Onun Rizasını qazanmaq üçün müsəlman qardaş və bacılarımız bu mübarək ay boyunca bütün ibadətlərini sonsuz ehtiram, fərəh və səylə tamamlayaraq, Ramazani-Şərifin bayram səadətinə qovuşmağa nail olublar. İslam dininə ehtiramımı nümayiş etdirib, Allahın vacib hökmü olan oruc ibadətini səmimi hisslərlə başa vuran xalqımıza bu mübarək ayın fəzilət və bərəkətlərindən nəsib olsun, İnşallah!

Savab, mərhəmət ayı olan Ramazan bəşər övladına dözüm, mərhəmət, xeyirxahlıq, yardımlaşmanı təlqin edir. Bu ülvi bayram günündə qohum-əqrəba, valideynlərə baş çəkilməsi, küsülülərin barışması, yetim, kimsəsiz və ehtiyacı olanlara şəfqət göstərilməsi, dünyasını dəyişmiş yaxınların qəbirlərinin, xüsusilə şəhid ailələrinin ziyarəti müstəhəb əməllərdəndir.

Allah Təbarəkə və Təalanın Lütfü və Mərhəməti sayəsində Ramazan bayramını qarşılayan xalqımızın ülvi arzuları Vətənimiz üçün səadət, əmin-amanlıq istəkləri ilə qovuşur. Bu əziz gündə biz Allaha dualar edirik ki, İnşallah, işğal altında olan torpaqlarımızın azad edilməsini, dövlətçiliyimizin davamlı olaraq tərəqqisini, Azərbaycanın dünya birliyində mövqe və nüfuzunun daha da möhkəmlənməsini bizlərə nəsib etsin.

Şeyxülislam qeyd edir ki, bayram günündə qədirbilən xalqımız Azərbaycanın milli mənəvi dəyərlərinin dirçəldilməsi və inkişafında əvəzsiz xidmətləri olmuş ali mənəviyyat sahibi, bu il anadan olmasının 95-ci ildönümünü qeyd etdiyimiz ümummilli liderimiz, müstəqilliyimizin qurucusu, qurtuluşumuzun banisi, ulu öndər Heydər Əliyevin ruhuna rəhmət oxuyur və onun layiqli davamçısı, müstəqil Azərbaycanın siyasi, iqtisadi, mədəni-mənəvi qüdrətinin təmini üçün yorulmaz səylər göstərən, 100 illiyini qeyd etdiyimiz Cümhuriyyət tariximizə yeni, qürurverici səhifələr yazan Prezident İlham Əliyev həzrətlərinə Azərbaycanın tərəqqisi, haqq işimizin qələbəsi naminə fəaliyyətində böyük nailiyyətlər diləyir.

QMİ-nin sədri təbriki bu sözlərlə bitirir: “Bir daha əziz bayram – Eydül-Fitr səadətinə yetişən bütün müsəlmanlarımızı səmimi qəlbdən təbrik edir, xeyir-dualarımı yetirirəm.

Qoy qəlbində Allah məhəbbəti yaşadan xalqımızın, İnşallah, bütün xoş arzu və niyyətləri gerçəkləşsin! Allah cəmi şəhidlərimizə rəhmət eləsin! Allah orucumuzun əcri olaraq Öz Lütfü sayəsində bizlərə xeyir və bərəkətini artırsın, mənəvi birliyimizi gücləndirsin! Amin!”.

13.06.2018 16:20 / Baxılıb: 299 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo