TANAP-ın açılışında iki müəmma diqqətimi çəkdi

AZADİNFORM. “Türkiyənin Əskişəhərində TANAP-ın açılışında iki müəmma diqqətimi çəkdi. Açılışda qonaq qismində İlham Əliyevlə yanaşı Serbiya və Ukrayna prezidentlərinin iştirakı anlaşılan idi. Hər iki dövlət gələcəkdə TANAP-la nəql ediləcək Azərbaycan qazını Cənubi Avropa ölkələri üzərindən alacaqlar. Bəs bu vacib mərasimdə Gürcüstan rəsmilərindən niyə bir kimsə iştirak etmirdi? Bunu anlamadım. Boru xətti Gürcüstandan da keçir”.

Azadinform xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. Bildirib ki, Gürcüstan rəsmiləri bundan əvvəl Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən bütün boru və nəqliyyat xətlərinin açlışında iştirak ediblər: “Əlbəttə, düşünülə bilər ki, Gürcüstan TANAP üzərindən daşınacaq qazdan almayacaq, ancaq bu layihə Gürcüstanın strateji önəmini artırır. Şübhə etmirəm ki, Gürcüstanın prezidenti Mixail Saakaşvili olsaydı, mütləq mərasimdə iştirak edərdi”.

Politoloq diqqətini çəkən ikinci müəmmadan da danışıb: “TANAP-ın açılış mərasimində Küzey Kıbrıs Türk Cümhuriyyətinin prezidenti Mustafa Akıncı da iştirak edirdi. Məsələ burasındadır ki, TANAP Kıbrısdan keçməyəcək, əks halda bunun üçün Aralıq dənizinin dibi ilə boru xətti çəkilməli idi. Bu səbəbdən KKTC TANAP-dan daşınacaq qazı ala bilməyəcək. Buna baxmayaraq, KKTC lideri mərasimdə iştirak edirdi, hətta o mərasimdə çıxış edən ikinci dövlət başçısı oldu. Fikrimcə, KKTC liderinin mərasimdəki iştirakı və çıxışı Türkiyə Cümhurbaşqanı Rəcəb Təyyub Ərdoğanın təşəbbüsüdür və bu təşəbbüsü dəstəkləyirəm. Çünki KKTC-də yaşayan insanlar Türkiyə ilə yanaşı Azərbaycan üçün də doğma insanlardır. Təsadüfi deyil ki, Azərbaycan prezidentindən sonra çıxış edən KKTC lideri Mustafa Akıncı İlham Əliyevin sözlərinə belə bir əlavə də etdi: “Türkiyə ilə yanaşı biz də sizinlə qardaşıq”. KKTC üçün TANAP layihəsi yunan Kiprinin Aralıq dənizinin zənginliklərinə təkbaşına yiyələnməsinə maneə yaradır”.

E. Şahinoğlu onu da qeyd edib ki, KKTC istəyir ki, İsrail kəşf etdiyi zəngin qaz resurslarını dünya bazarlarına yunan Kipri üzərindən deyil, TANAP üzərindən daşısın: “İsrail bu variantı nəzərdən keçirir. Ancaq bunun üçün Türkiyə ilə İsrail arasındakı gərginlik azalmalıdır. İlham Əliyev Türkiyə ilə İsraili barışdırmaq üçün tarixi şans əldə edə bilər. İsrailin öz qazını TANAP üzərindən daşıması bölgədə Azərbaycanla Türkiyənin əhəmiyyətini bir az da artıracaq. Bu elə İsrailin də xeyrinədir. İsrail hipotetik boru xətləri haqqında düşünməkdənsə və ya Türkiyənin acığına yunan Kirpi ilə danışıqlar aparmaqdansa, öz qazını hazır TANAP üzərindən Avropaya çatdıra bilər”.

13.06.2018 13:42 / Baxılıb: 365 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo