Azərbaycan-Rusiya sərhədində əməliyyat: 9 avtomat, 1 pulemyot, 36 qumbara götürülüb

Adəm Abbaslı/AZADİNFORM. Azərbaycan və Rusiya daxili işlər nazirləri arasında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən, iyunun 4-dən 10-dək hər iki ölkənin sərhədyanı rayonlarının ərazisində "Sərhəd" şərti adı altında birgə kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilib.

DİN-in mətbuat xidmətindən Azadinform-a bildirilib ki, əməliyyatın əsas məqsədi transmilli mütəşəkkil cinayətkar dəstələrin ifşa edilərək zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınması sahəsində birgə kompleks təşkilati-praktiki tədbirlərin, həmçinin sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların icrasının yerinə yetirilməsi olub.

Rusiya Federasiyası Dağıstan Respublikasının sərhədyanı bölgələrini və ölkəmizin Qusar, Quba, Xaçmaz, Zaqatala, Şəki, Balakən, Qəbələ, Qax və Oğuz rayonlarını əhatə edən tədbirlər nəticəsində müxtəlif cinayətlər törətdiklərinə görə axtarışda olan 42 şəxs,  o cümlədən Rusiya Federasiyası tərəfindən axtarılan 11 nəfər tutulub, itkin düşmüş hesab olunan 4 nəfər tapılıb, dövlətə borclu qismində axtarılan 54 nəfər saxlanılıb.

Qanunsuz saxlanılan 9 avtomat silahı, 1 pulemyot, 6 tapança, 69 tüfəng, 36 qumbara, 29 ədəd silah sandıqçası, 18 ədəd müxtəlif hərbi ləvazimat və sursat, 5700 ədəd müxtəlif çaplı patron götürülüb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqədar 19 fakt aşkar olunub, ümumi çəkisi 3 tondan çox 13600 ədəd çətənə kolu məhv edilib.

Bundan başqa, tədbirlər zamanı ölkəmizin sərhədyanı rayonlarının ərazisində törədilən 15 müxtəlif cinayətin açılması da təmin edilib.

13.06.2018 12:08 / Baxılıb: 214 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.08.2018
    18.08.2018
     
    © 2018 All right reserved www.azadinform.az Powered by Danneo