Uşaq bağçalarının Təhsil Nazirliyinə tabe olmasına ehtiyac var

AZADİNFORM. “Kids Studio”da baş verənlər bir sıra vacib məqamları yenidən gündəmə gətirib. Bağça əməkdaşının azyaşlı uşağa qarşı aqressiv davranışı vandalizm ilə müqayisəyə gələcək bir hadisə olsa da, biz indi onu müzakirə etməyəcəyik.

Güman edirəm ki, hüquq mühafizə orqanları həmin bağçada uşaqlara qarşı daha hansı aqressiyanın olub-olmamasını araşdıracaqlar. Bununla belə, məsələnin institutsional tərəfləri var. Əvvəla, necə olub ki müxtəlif tanıtım kampaniyaları keçirən, böyük auditoriya yığmağa çalışan və hətta Avropa mədəniyyətindən xəbərsiz olsalar da, İspan günləri təşkil edib yayımlayan bağçanın lisenziyasız fəaliyyət göstərdiyini heç bir icra qurumu bilməyib?”

Azadinform xəbər verir ki, bu fikirləri iqtisadçı ekspert Vüqar Bayramov bildirib. Ekspert qeyd edib ki, lisenziyasız fəaliyyət göstərmək büdcəyə ödənişlərdən yayınmaqla yanaşı, qeyri-leqal dövriyəyə malik olmaq deməkdir: “Qəribə olsa da, bu yarışıqlı uşaq bağçasının qanunsuz fəaliyyət göstərməsi ilə heç bir icra qurumu maraqlanmayıb. İkincisi, özəl uşaq bağçaları da daxil olmaqla, digər təhsil müəssisələrinin fəaliyyətində institutsional dəyişikliyə ehtiyac var. Uşaq bağçaları məktəbəqədər tərbiyə müəssisəsidir və mülkiyyət növündən asılı olmayaraq, onların yerli icra hakimiyyəti orqanlarına deyil, Təhsil Nazirliyinə tabe olmasına ehtiyac var. Praktika göstərdi ki, uşaq bağçalarının yerli icra hakimiyyətinin nəzarətində olması səmərəli deyil. Üçüncüsü, uşaq bağçaları daxil olmaqla, bütün təhsil müəssisələrində ictimai nəzarətin gücləndirilməsinə ehtiyac var. Özəl müəssisə olmaq istədiyi prinsipləri tətbiq etmək anlamına gəlməməlidir - xüsusən də, təhsil müəssisələrində. Buna görə də, həmin müəssisələrin fəaliyyəti ilə bağlı konkret standartların hazırlanıb tətbiq olunması və onların icrasına nəzarətin gücləndirilməsi vacibdir”.

12.06.2018 16:55 / Baxılıb: 387 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo