Bu, Azərbaycana lazım deyil

AZADİNFORM. “İyunun 7-də Rusiyada Müstəqil Dövlətlər Birliyinin Müdafiə Nazirləri Şurasının toplantısı keçirildi. Həmin toplantıda çıxış edən Rusiyanın müdafiə naziri Sergey Şoyqu dedi ki, Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlər Suriyanın yenidən qurulmasında iştirak etsinlər. Şoyqunun sözlərinə görə, Suriyada həyat normallaşıb və infrastruktur çalışmalarına başlamaq olar. Moskvanın bu istəyi yeni deyil”.

Azadinform xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu bildirib. Politoloq xatırladıb ki, Moskva daha əvvəl də tərəfdaşlarını Suriyadakı “sülhməramlı” əməliyyatlarda iştiraka dəvət etmişdi: “Bu təklifi də o zaman heç kim qəbul etmədi. Rusiyanın ən yaxın tərəfdaşları Belarus və Qazaxıstandır. Bu iki dövlət də Rusiya ilə birgə Suriyada sülhməramlı əməliyyatlarda iştirak etmədi. Moskva indi də tərəfdaşlarını Suriyanın yenidən qurulmasında iştiraka dəvət edir. Bu təklif nə üçün Moskvaya vacibdir? Kremlin iki məqsədi var. Birincisi, Rusiya Qərbə sübut etmək istəyir ki, o, Suriyada tək deyil. İkincisi, Suriyanın yenidən qurulması üçün xeyli maliyyə lazımdır. Kreml Suriyanın yenidən qurulmasına başqa dövlətlərin də maliyyə ayırmasını istəyir. Kremlin bu iki məqsədinə çatacağı problematikdir”.

E. Şahinoğlu Azərbaycanın Rusiyanın Suriya ilə bağlı təklifinə müsbət yanaşmayacağını düşünür: “Çünki Şoyqunun dediyindən fərqli olaraq, Suriyada siyasi vəziyyət stabil deyil. Azərbaycan təklifə qoşularsa, faktiki Bəşər Əsəd rejiminin güclənməsində iştirak edəcək. Bu, Azərbaycana lazım deyil. Bəşər Əsəd separatçı Abxaziya və Cənubi Osetiyanın “müstəqilliklərini” tanıdı. Azərbaycan isə Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir. Rəsmi Bakı separatçıları tanıyan rejimə dəstək verə bilməz. Digər tərəfdən, Suriyada böyük dövlətlərin fərqli maraqları var. Azərbaycan Suriyada infrastruktur çalışmalarına qoşulsa, bu, Azərbaycanın Rusiyanın mövqeyini dəstəklədiyi görüntüsünü yaradacaq. Azərbaycan Suriyada infrastruktur çalışmalarına o zaman qoşula bilər ki, bu ölkədə beynəlxalq aləmin iştirakı ilə siyasi dialoq başlasın. Azərbaycan Suriyanın yenidən qurulmasında Rusiya ilə deyil, Türkiyə ilə birgə iştirak edə bilər”.

12.06.2018 15:40 / Baxılıb: 311 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo