Danışıqlarla bağlı bəhanələr Paşinyanı qoruya biləcəkmi?

Politoloqların fikrincə, o, indiki halda danışıqların imitasiya olunması və heç nə əldə edilməməsində maraqlıdır 


 

20 ildən artıqdır Dağlıq Qarabağ problemi ilə bağlı davam edən danışıqlarda hər zaman işğalçı Ermənistan müxtəlif bəhanələrlə status-kvonun saxlanmasına çalışıb. İndi bu siyasəti Ermənistanın yeni baş naziri Nikol Paşinyan davam etdirir. Belə ki, öz hakimiyyətini möhkəmləndirmək barədə düşünən Paşinyan indiki ağır durumda Dağlıq Qarabağ danışıqlarında iştirak etmək istəmir. Eyni zamanda qondarma "Dağlıq Qarabağ” rejiminin danışıqlarda iştirakı ilə bağlı sərsəm fikirlər səsləndirir. Halbuki, uzun illərdir münaqişənin həlli ilə bağlı aparılan danışıqlar Ermənistanla Azərbaycan arasında mövcud olub. Çünki indiki halda Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdə yerləşib, eləcə də torpaqların işğalını həyata keçirib. Paşinyanın bu məqamda qondarma rejimin danışıqlar prosesinə cəlb edilməsi ilə bağlı mövqeyi hansı məqsədi daşıyır? 
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov bildirdi ki, Ermənistanın yeni baş naziri Nikol Paşinyanın qondarma rejimin tərəf kimi danışıqlarda iştirakı ilə bağlı fikir səsləndirməsinin bir neçə məqsədi var: "İlk olaraq, onu qeyd edim ki, nəinki Paşinyan, bütün ermənilər qondarma rejimin bu danışıqlarda iştirakını istəyir. Çünki Ermənistan "Dağlıq Qarabağ”ın arxasında gizlənərək bütün dünyaya bəyan etmək niyyətindədir ki, biz yox, məhz qondarma rejim Azərbaycanla müharibə aparır. Halbuki, torpaqlarımız bilavasitə Ermənistan ordusu tərəfindən işğal olunub. Yəni, ermənilər bu məqsədi güdürlər. Gələcəkdə hansısa bir razılaşma əldə olunduğu halda, Ermənistan rəhbərliyi dünyaya göstərəcək ki, bunlar qondarma rejimlə razılaşıb. Ancaq Paşinyan anlayır ki, bu, qeyri-mümkündür. Paşinyanın ikinci məqsədi ondan ibarətdir ki, bu mövzunu ortaya ataraq danışıqlardan yayınsın. Çünki Paşinyan parlament seçkilərinə gedəcək. Təbii, o istəyərdi ki, indiki məqamda danışıqlarda bir uğur qazansın və bunu əhalisinə qələbə kimi təqdim etsin. Amma bu, qeyri-mümkündür. O ki qaldı işğaldan əl çəkib, sülhə razılaşmağa, Paşinyan indiki halda bunu edə bilmir. Belə olan halda maraqlıdır ki, danışıqlar imitasiya olsun və heç nə əldə olunmasın. Bunun üçün də ortaya qondarma rejimin danışıqlarda iştirakı məsələsini atıb”.
R.Musabəyov qeyd etdi ki, Azərbaycan qondarma rejimin iştirakına razılaşdığı halda, Minsk qrupu həmsədrləri də bundan imtina etməyəcək: "Ancaq Azərbaycan dəfələrlə vurğulayıb ki, Ermənistan işğaldan əl çəkməyənədək Qarabağdakı erməni icması ilə ümumiyyətlə danışıqlar aparası deyil. Mərhələli həll planına əsasən, əvvəl Ermənistan öz qoşunlarını çıxarır. Belə olan halda biz erməni icması ilə Qarabağın statusu, onların təhlükəsizliyi ilə bağlı müzakirələr apara bilərik. İşğal davam etdiyi halda Qarabağdakı erməniləri masa arxasına buraxmayacağıq”.
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, Paşinyanın qondarma rejimin iştirakı ilə bağlı mövqeyi danışıqları uzatmaq məqsədi güdür: "Yəni, danışıqlar baş tutmasın. Çünki onun indiki vəziyyəti stabil deyil. Eləcə də Qarabağla bağlı yeni ideyası yoxdur. Eyni zamanda ilin sonuna qədər növbədənkənar parlament seçkiləri keçirmək istəyir. Ona görə də Qarabağla bağlı faktiki danışıqlara hazır deyil. Bilir ki, qondarma rejimin iştirakı məsələsini ortaya atmaqla danışıqları pozacaq. Çünki Azərbaycan buna razılaşmayacaq. Görünür elə Paşinyana da o lazımdır ki, danışıqlar uzun müddət baş tutmasın. Onun bu ideyasını müttəfiqi olan Rusiya da dəstəkləmir. Təsadüfi deyil ki, Ermənistanın xarici işlər naziri bu günlərdə Moskvada idi. Hər zaman açıq şəkildə tənqid etdiyim Rusiya xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrov da bəyan etdi ki, Azərbaycan və Ermənistan razıdırlarsa, biz Qarabağdakı erməni icmasının danışıqlarda iştirakının əleyhinə deyilik. Bu da o deməkdir ki, Azərbaycan razılaşmadığı halda, onların istəyi reallaşmayacaq. Ona görə də Paşinyanın məqsədi danışıqların baş tutmamasıdır ki, ilin sonuna qədər parlament seçkilərini keçirib, öz mövqeyini gücləndirsin. Bundan sonra danışıqlar prosesində yer ala bilsin. Ermənistanda xaos və anarxiyanın hökm sürdüyü indiki vəziyyətdə danışıqlara başlamaq yaxşı heç nə vəd etmir. Bu baxımdan, Paşinyan bunu bəhanə kimi ortaya atıb”.
E.Şahinoğlu əlavə etdi ki, Minsk qrupu həmsədrlərinin regiona səfəri tanışlıq xarakteri daşıyır: "Əsas məqsədləri Yerevanda yeni hökumət üzvləri ilə görüşüb, Paşinyanın mövqeyini öyrənməkdən ibarətdir. Amma düşünmürəm ki, həmsədrlər də qondarma rejimin danışıqlarda iştirakı ideyasına dəstək versin. Çünki onlar da danışıqlar formatının dəyişməsini istəmirlər. Azərbaycan danışıqların hansısa mərhələsində Qarabağdakı erməni icmasının iştirakını istisna etmir. Amma bu, sonrakı mərhələdə olmalıdır. Eyni zamanda Azərbaycan icması da həmin danışıqlarda iştirak etməlidir. Bu bizim iki əsas şərtimizdir. Həmsədrlər bizim həmin iki şərtimizi anlayırlar. Onlar da heç zaman qondarma rejimin danışıqlarda iştirakı məsələsində fikir yürütməyiblər. Bu baxımdan düşünmürəm ki, həmsədrlər Ermənistanın istəyinə dəstək versinlər və Azərbaycan buna razılaşsın. Hesab edirəm ki, bu mümkün deyil”.

 

Bəxtiyar Məmmədli

12.06.2018 13:00 / Baxılıb: 201 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo