Azərbaycan XİN Ermənistan xarici işlər nazirinə cavab verib

"Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni mövcudluğu regional sülh üçün ciddi təhlükədir". 

Bunu Azadinform-a Azərbaycan XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın xarici işlər naziri Zoqrab Mnatsakanyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Xarici İşlər Nazirləri Şurasının iclasındakı çıxışına və Ermənistan XİN-in cəbhədəki vəziyyətlə əlaqədar şərhinə münasibət bildirərkən deyib. 

Onun sözlərinə görə, Ermənistanın xarici işlər naziri KTMT-nin iclasındakı çıxışı və Ermənistan XİN-nin cəbhədəki vəziyyətlə əlaqədar açıqlaması ziddiyyətli xarakter daşıyır və öz-özünü ifşa edir: "Bir tərəfdən münaqişədə tərəf kimi Ermənistanın məsuliyyətini gizlətməyə çalışan Ermənistan XİN digər tərəfdən bu açıqlamalarla Ermənistanın münaqişə tərəfi olduğunu bir daha təsdiq edir. Məntiqi sual ondan ibarətdir ki, Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının Azərbaycanın suveren ərazilərində nə işi var? Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq və ərazi ekspansiya siyasətinin nəticəsi olaraq Ermənistan gəncləri həyatlarının ən formativ dövrlərini səngərlərdə keçirməyə və işğal siyasətinə xidmət etməyə məcbur edilirlər".

"Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni mövcudluğu qoşunların təmas xətti boyunca insidentlərin və təxribatların yaranmasının əsas səbəbidir və regional sülh üçün ciddi təhlükədir. Bu kimi halların baş verməsinin qarşısını almaq üçün Ermənistan qoşunları BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq, Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı və işğal siyasətinə son qoyulmalıdır. Yalnız bundan sonra regionda davamlı sülh və sabitliyi təmin etmək mümkündür", - H.Hacıyev qeyd edib. 

11.06.2018 22:49 / Baxılıb: 243 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo