Füzuli rayonu barama tədarükünə görə respublikada birincidir

Adəm Abbaslı/AZADİNFORM. Prezident İlham Əliyevin tapşırığı ilə ənənəvi və ixracyönümlü təsərrüfat sahəsi olan baramaçılığın inkişaf etdirilməsi cəbhə bölgəsində yerləşən Füzuli rayonunda diqqət mərkəzində saxlanılır.

Füzuli RİH-dən Azadinform-a verilən məlumata görə, rayonun ərazisinin böyük hissəsinin işğal altında olmasına, yaşayış məntəqələrinin çoxunun təmas xəttində yerləşməsinə baxmayaraq, baramaçılığın keçmiş şöhrətinin qaytarılmasını, barama istehsalına görə ölkədə ön sırada olmağı hədəfləyən füzulililər istəklərinə nail olublar. Belə ki, Füzuli kümçüləri barama tədarükünə görə nəzərdə tutulan planı respublikada birinci olaraq yerinə yetiriblər. Bu günədək 35 tona yaxın barama tədarük edilərək, “Azəripək” MMC-yə təhvil verilib. Cari ildə 832 qutu ipəkqurdu toxumu yetişdirən rayon kümçüləri hazırda barama tədarükünü davam etdirirlər.

Baramaçılıq xüsusilə 1970-1980-ci illərdə Füzuli rayonunda ən inkişaf etmiş və gəlirli sahələrdən olub. 1993-cü ildə rayonun işğal olunması ilə tənəzzülə uğrayan baramaçılıq 2016-cı ildə yenidən bərpa edilmişdir. Həmin il rayonda 3,3 ton, 2017-ci ildə 25 ton barama istehsal olunub. İpəkqurdunun yem bazasının bərpası məqsədilə 2016-2017-ci illərdə rayon ərazisində 50 min ədəddən çox tut tingi əkilibdir.

Dövlətin baramaçılığın inkişafına diqqət göstərməsi, bir kiloqram baramanın qiymətinin subsidiya ilə birgə 9 manat olması rayon sakinlərinin bu sahəyə marağını artırıb. Çünki baramaçılığın inkişafı iş yerləri, əlavə qazanc və yaxşı güzəran deməkdir. Rayon kümçüləri ötən il barama istehsalından 230 min manata yaxın gəlir əldə etmişdilərsə, bu il 350 min manat gəlir götürülməsi nəzərdə tutulur. Rayon ərazisindəki yeni tut ağaclarının əkilməsini, əhalinin baramaçılıq sahəsindəki təcrübəsini və kümçülərin baramaçılıqdan gəlir əldə etməsinin nəzərə alaraq, növbəti illərdə rayonda barama istehsalının daha da artacağını proqnozlaşdırmaq olar.

11.06.2018 11:30 / Baxılıb: 841 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
19.08.2018
18.08.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo