Uşaqların müəyyən saytlara girişinə məhdudiyyətlər qoyulmalıdır - Deputat

Azərbaycanda sosial platformalarda qeydiyyatdan keçən insanların sayı durmadan artır. Belə şəbəkələrdə sadə insanlardan tutmuş cəmiyyətdə kifayət qədər nüfuza malik insanları da görmək olar. Müxtəlif əxlaqa və təhsilə malik olan bəzi insanlar heç bir səbəb göstərmədən milli-mənəvi, dini dəyərləri təhqir edir, aşağılayırlar. Bu qızğın müzakirələrə, dava-dalaşa, qarşılıqlı ittihamlara gətirib çıxarır. Düşünürük ki, bu öz-özündən baş vermir və bu kimi hallara qarşı maarifləndirmə yolu ilə davamlı mübarizə aparmaq lazımdır. Sosial platformalarda texnoloji yeniliyin verdiyi müsbət keyfiyyətlərdən istifadə edərək milli-mənəvi dəyərlər sistemini qorumağa çalışmaq lazımdır. Yaxşı, bunu necə edək?  Beynəlxalq Mətbuat Mərkəzinin AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının “İnternet informasiya resurslarında, o cümlədən sosial şəbəkələrdə milli maraqların müdafiəsi istiqamətində fəaliyyətə dair təşəbbüslərə dəstək” layihəsi çərçivəsində apardığımız maarifləndirmə tədbirlərini Milli Məclisin deputatı Sona Əliyeva ilə davam etdiririk.   

S.Əliyeva deyir ki, qlobal internet şəbəkəsinin inkişafı virtual aləmdə bizi çox təhlükəsiz vəziyyətə gətirir: “Düşünürəm ki, gələcəkdə virtual aləmdə müəyyən qanunvericiliklə ciddi şəkildə tənzimlənməlidir, bu sahədə mövcud qanunvericilik isə təkmilləşdirilməlidir. Virtual aləmdə fiziki olmasa da, insanların elektron formada müəyyən bir ad, loqin və niklə düşüncə mövcudluğu var”.

Xanım deputat qeyd edir ki, hazırda “təhlükəsizliyimizi” təmin edəcək heç bir sərhəd yoxdur: “Biz kütləvi şəkildə internetdən müxtəlif növ informasiya alırıq və hətta deyərdim ki, bu informasiya axınının altında qalırıq. İnsan adətən, şüuraltı olaraq mühitdə sərhədlər qoymayan hər bir şeyi təhlükə olaraq qavrayır. Bizim paltarımız, evimiz, cəmiyyətdəki münasibətləri tənzimləyən müəyyən qayda-qanunlar, ümumiyyətlə mühitlə aramızda sərhəd qoyan hər bir şey bizim üçün nisbi də olsa təhlükəsizlik, qorunduğumuz hissi yaradır. Virtual aləmdə isə biz fiziki olaraq deyil, yalnız düşüncəmizlə virtual mövcudluğumuz sayəsində bu daxili immunitetdən məhrumuq, həmçinin bizim “təhlükəsizliyimizi” təmin edəcək heç bir baryer və sərhəd yoxdur. Dəfələrlə olub ki, sosial şəbəkələrdə profilimiz sındırılıb, mənim aləmimdə bu yad adamın evimə soxulması kimi bir haldır. Nəzərə alaq ki, sosial şəbəkələrdəki profilimiz, elektron poçtumuz və digər elektron qeydiyyatlarımız bizim şəxsi və iş həyatımız haqqında bütün məlumatları özündə saxlayır”. 

Deputat vurğulayır ki, buna müdaxilə hər an baş verə bilirsə, deməli, biz təhlükədəyik, evimizə oğru girib: “Çox qarşılaşdığımız adi bir halı misal gətirmək istəyirəm, fikir vermisinizsə kompüterinizdə və ya telefonunuzda hər hansı axtarış sistemində hər hansı bir mövzunu axtarırsınızsa, sonradan elektron poçtunuza və ya sosial şəbəkədəki profilinizə həmin mövzu ilə bağlı reklamlar və ya tövsiyələr gəlir. Bu halın özü göstərir ki, internetdə bizim konfidensiallığımız tamlığı ilə təmin olunmur. Və hardasa bizim məlumatlara çıxış var, baxmayaraq ki, kompüterimizdə və digər istifadə etdiyimiz elektron əşyalarda internetdə təhlükəsizliklə bağlı müxtəlif proqramlardan istifadə edirik”. 

Xanım deputat onu da bildirir ki, uşaqların internetdə müəyyən saytlara girişinə məhdudiyyət qoyulmalıdır: “Günümüzün reallıqlarından biri də odur ki, televizor, kompüter və digər texnoloji avadanlıqlar uşaqlarımızın ilk tərbiyəçisidir. Valideynlərə və özümüzə sual verək, gün ərzində uşaqlarımıza nə qədər vaxt ayırırıq, dünya və virtual aləmdə necə vaxt keçirməsindən tam olaraq məlumatlıyıqmı? Sirr deyil ki, sosial şəbəkələr vasitəsilə övladlarımız müxtəlif dini radikal qruplara meyllənir, bəzən bilərəkdən və ya bilməyərəkdən şantaja, təhqirə, təhdidə məruz qalır, hər gün cinayətkarlığı təbliğ edən informasiya ilə rastlaşır. Bəzən intihara və evdən qaçmaya təhrik olunur, bura qorxu və həyəcan məzmunlu müxtəlif informasiyanı da daxil etsək, mənzərə tam olur... Burda internetin və sosial şəbəkələrin pis və təhlükə dolu olduğu fikrini yaratmağa çalışmıram. Lakin təsəvvür etsək ki, övladlarımız bu sərhədsiz, demək olar ki, nəzarətsiz virtual dünyanın tam ortasındadırlar, bu məkanda baş verə biləcək mümkün təhlükə və hadisələr haqqında düşünməyə dəyər. Reallıqda isə bununla bağlı bir çox hadisələrin də şahidi olmuşuq. Yəqin ki, uşaqlarımızın virtual aləmdə təhlükəsizliyinin necə təmin olunmasını, baş verə biləcək xoşagəlməz hallardan necə qorunmasının mümkünlüyünü tamlığı ilə anlamırıq və bununla bağlı bir qeyri müəyyənlik hökm sürür. Adətən, küçədə özümüz və uşaqlarımız yad adamlarla danışmır, bu cür münasibətlərdən ehtiyat edirik. Bəs virtual məkanda necə? Dünyanın istənilən nöqtəsindən istənilən adama çıxış mövcuddur. Və fiziki olaraq bu aləmdə olmadığımız üçün şüuraltı olaraq yad insanla təmasdan qorxu hissini keçirmirik, bununla da istənilən tanımadığımız adamla əlaqə qurur, yazışır, bəzən isə dostlaşırıq, eləcə də bizim övladlarımız… Bəs gözümüzdən kənara qoymadığımız uşaqlarımızı necə, bu nəzarətsiz dünyada olmasına imkan veririk? Normal həyatda uşaqların məhdudlaşıdırılmış və ya qadağan olunmuş qeyri-etik, qeyri-qanuni və bu kimi digər çap vasitələrinə əlçatanlığı çox azdır. İnternetdə isə istənilən informasiya açıq bufetdə olduğu kimidir, seç və götür…

S.Əliyeva deyir ki, bəlkə də onun baxışları yetərincə sərt və mühafizəkardır: “Lakin düşünürəm ki, uşaqların internetdə müəyyən saytlara və əsasən də sosial şəbəkələrə girişinə müəyyən məhdudiyyətlər qoyulmalıdır və buna ciddi nəzarət olmalıdır. Üzvü olduğum İnsan Hüquqları Komitəsində (MM-də) bu yaxınlarda çox əhəmiyyətli və vacib olan “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsi müzakirəyə çıxarıldı və həqiqətən də çox dəyərli, maraqlı təkliflər irəli sürüldü”.

S.Əliyeva müzakirəyə çıxardığı və önəmli saydığı təkliflərdən də danışdı: “Qeyri-qanuni və qeyri etik hərəkətlərə məruz qalmış yetkinlik yaşına çatmayanların şəxsiyyətini müəyyən olunmasına və ya açıqlanmasına bilavasitə imkan yaradan məlumatların: ad, soyad və atasının adının, ünvanının, fotoşəkil, video və səs yazılarının, təhsil aldığı və ya işlədiyi müəssisənin adının elektron və çap mediasında yayılmasının qadağan olunması bu layihədə nəzərdən keçirilsin. Milli mentalitetimizə və dəyərlərimizə zidd olan, insanlar arasında qeyri-ənənəvi münasibətləri təbliğ edən informasiyanın qadağan olunması da bu layihədə nəzərə alınsın. Həmçinin, qanun lahiyəsinə əsasən uşaqların zərərli informasiyadan qorunması məqsədilə ekspertiza qaydaları müəyyən olunacaq və müəyyən hüquqi aktlarla tənzimlənəcək. Arzu edərdik ki, qanun qüvvəyə mindikdən sonra bu sahədə qanunvericiliyə riayət olunmasına dövlət və ictimai nəzarət səmərə verəcək şəkildə təmin edilsin. Məqsədə müvafiq olarsa, qlobal internet şəbəkəsinin və texnologiyanın sürətli inkişafını nəzərə alaraq, uşaqların informasiya təhlükəsizliyinin təmin edilməsi ilə bağlı dövlət proqramı hazırlansın və reallaşdırılsın. Ümumtəhsil məktəblərində valideyn və şagirdlər arasında uşaqların internet təhlükəsizliyi və zərərli informasiyadan qorunması ilə bağlı maarifləndirmənin aparılması ilə bağlı davamlı mexanizmlərin hazırlanması və həyata keçirilməsi təmin olunsun”.


Nigar İsfəndiyar

4.06.2018 11:19 / Baxılıb: 1020 / Çap
 
    Bu bölmədə
    1.08.2018
    Dağ kimi ADAM
     Xəbər lenti
    19.08.2018
    18.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo