100-ü aşırdın, 1000-ə nə qaldı...

100-ün və 3 rəngli Üzün mübarək, Azərbaycan!

 

Çiçəklərin içində qaya, qayaların içində çiçək olan, hansı səmtdə, hansı yanda olmağımdan asılı olmayaraq yurdum, yuvam, anam Azərbaycan, nəhayət o gün gəldi. Bu gün sənin günündür. Bu gün varlığının deyil, varlığının qədri bilinən gündür. İzin qədimlərə gedib çıxsa da, adının müasir tarixə yazıldığı gündən 100 il ötür. Yaşın, başın, torpağın, suyun, odun-ocağın, mədəniyyətin, ədəbiyyatın, qəhrəmanlıq dolu tarixin min illər əvvələ getsə də, bu gün 100 yaşını qeyd edirik – Müstəqil, Suveren, Azad Azərbaycan olaraq...

Sən elə bir dünyasan ki, səni görən valeh olur. Təəssüf ki, tarixən valeh olanların arasında sonra dönüb düşmənin olanlar da olub. Məmməd Araz təbirincə desək, adını dastanlardan oğurlayıb, ruhunu qıyma-qıyma doğrayıblar. Doğrana-doğrana, oğurlana-oğurlana, yuvarlana-yuvarlana gəlib bu günə çıxdın. Torpağın əsrlərlə Şəhid qanı ilə suvarıldı, cəngavər oğullarının sümükləri ilə şumlandı. Amma düşmən bilmədi ki, o cür şumlanan bu torpağı Şəhid qanıyla suvaranda gələcəkdə cücərəcək toxum – Azadlıq toxumu əkir.

İrəvanını, Göyçəni, Borçalını, Təbrizini və daha neçə-neçə gözəlini əlindən aldılar. Qədim-qayın çinarlarını kəsib yerinə cılız ağaclar əkdilər...


“Səni səndə ələdilər,

Səni səndə üyütdülər,

Dibək oldun öz duzunla, öz daşınla.

Ögey oldun doğma, əkiz qardaşınla”.


Torpağının üstündə toqquşan qılıncların səsi, nər igidlərinin nərəsi, sonralar açılan güllələrin, atılan topların bumu hələ də ərşində cingildəyir. Səndən ötən də oldu, sənə dəyən də. Kimlər gəldi, kimlər getdi şanlı tarixinin şanlı səhifələrindən. Səhifələrin qan qoxuyub, od püskürür. Göz dağlayıb, nəfs yandıran oduna görə Odlar Yurdu dedilər sənə. Alışıb yandın tarixən öz odunda. Xanlığın da oldu, bəyliyin də. Katibin, partkomun, komsomolun, pionerin də. Hərənin öz yeri oldu ağuşunda, hərə öz payını aldı səndən. Vaxt olub biz səndən – halalımızdan nə pay almışıq, nə də kam...

 

“İllər olub kürrələrdə dəmir olmuşuq,

Sərhədlərdə dayanmışıq küləkdən ayıq,

Od gölündə, buz çölündə gəmi olmuşuq”

– məhz sənin üçün təhkimçiliyimizə beləcə dözüb, cücərəcək Azadlıq Sevdasının gəlişini gözləmişik.

100 il qabaq hicranına son qoyub vüsalına – Cümhuriyyətinə qovuşmusan. Cəmi 23 ay dadmısan özgürlük dadını. 1 il 11 aylıq körpəni – Azərbaycan Xalq Cümhuriyyətini beşikdə boğdular. Bu beşiyi qurub keşiyində durmaq istəyənləri səndən iraq saldılar, candan CAN – Azərbaycan deyənlərinin torpağının üstə ayağı, çiyinləri üstə başları qalmadı – repressiya maşınının müxtəlif təqiblərinə tuşlandılar...

Bu da qorxutmadı, sinsitmədi səni sevənləri, sənə könül verənləri. Ağ kağızlara qara bəxtinin keşməkeşləri yazılmağa başlandı – onlar yazdı, biz oxuduq biz olmaq üçün...

Sabirləri, Cavidləri, Vurğunları, Məmmədləri, Cabirləri, Qabilləri, Şəhriyarı, Bəxtiyarı, Cümhuriyyətin banisi, ölkəyə CAN verib Azərbaycan edən Məhəmməd Əmin Rəsulzadənin yaradıcılığını, tarixi xidmətlərini, qoyub getdiyi həmişəyaşar irsini oxuyub, öyrənə-öyrənə cücərtmişik Müstəqillik toxumunu.


“Min illərlə zülmətlərə yollar açıqdır,

Dalğalandı Sabirlərin ümman dünyası,

Azərbaycan qatarı da yollara çıxdı

Dağılanda Qoca Şərqin duman dünyası”.


Əsirlərin 70 illik əsarətin nəfəsini kəsib böyük bir imperiyanın sonunu gətirdi. Əsir olmaqdan Şəhid olmağı üstün tutanlar torpağında uyuyur. Bu uyqu o uyqudan deyil. Bu, bizə dərs verən, Vətən sevdirən bir uyqudur! O Şəhidlər bizə sənin Müstəqilliyini və üç rəngli Bayrağını verib ömür boyu oyaq olmağı öyrətdilər. Bu yolda yatmaq bizə haram oldu! Qışda soyuq, yayda qaynar səngərində, özün boyda sərhədində küləkdən də ayıq olmağı öyrəndik. Sərhədimizi qurub siyasətimizi yürütdük. Siyasətinin təməlini qoyanlar liderlikdən Ululuğa yüksəldi – Ulu öndər oldu, səni ululuğa aparmağa çalışdı. Nail oldu bu istəyə o Ulu. Onun siyasəti sayəsində 100 il əvvəl cəmi 23 ay yaşayan bir Cümhuriyyət artıq bir dövlət – Azərbaycan Respublikası olaraq 30 ilə yaxındır Müstəqildir, Suverendir, Azaddır. O siyasətin sayəsində artıq Azərbaycan kiminsə sözünü demir, öz sözünü deyir, dedirdir.

Bilirəm hələ də yaralısan. Başqalarını demirəm, Qarabağ boyda acı dərdin var sinəndə. Amma bu dərd yarası qaysaqlamaq üzrədir artıq. Qarabağına qovuşacağın ağ günə az qalıb. Cocuq Mərcanlıdan Şuşaya görünən yollar və bu yolda inamla addımlayan bir liderin, o liderin arxasında isə böyük bir xalq var. Vətən sevdalı Ulu öndərin yetişdirdiyi bu liderlə sən də artıq dünya ölkələri arasında bir lidersən Azərbaycan! Başını dik tut, Ana Yurdum! Yüzü aşırdın minə nə qaldı?!...

Sən bütöv olacaqsan, sən torpaqlarına qovuşacaqsan, çünki sənin mayan da, qayən də pakdır!

Bu paklığın qarşısında baş əyirik -

“Azərbaycan – mayası nur, qayəsi nur ki...

Hər daşından alov dilli ox ola bilər.

“Azərbaycan!” deyiləndə ayağa dur ki,

Ana Yurdun ürəyinə toxuna bilər”.

 

Bu gün sən müstəqilsən, bir əsr yaşın, 3 rəngli üzün – Bayrağın var!

100-ün və 3 rəngli üzün mübarək, Azərbaycan!


Adəm ABBASLI

28.05.2018 09:57 / Baxılıb: 3500 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.08.2018
    17.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo