ADU-nun Konfutsi İnstitutu ilə ADMİU arasında müqavilə imzalanıb

AZADİNFORM. Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) arasında əməkdaşlıq haqqında saziş imzalanıb.

Müqavilənin əsas məqsədi Azərbaycan ilə Çin arasında mədəniyyət və incəsənət sahəsində əməkdaşlığın genişləndirilməsi, ikitərəfli əlaqələrin inkişafı, mədəniyyət və incəsənət sahəsində kadrların hazırlığı, təhsil əlaqələrinin aktivləşdirilməsi, eləcə də tələbə və müəllim mübadiləsinin yaradılması, iki xalqın tarixi və bədii dəyərlərinin tədqiq olunmasıdır. 

Açılış nitqi ilə çıxış edən ADMİU-nun rektor əvəzi professor Validə Məmmədova universitetin yaradıcılıqla bağlı fəaliyyətindən danışıb, musiqi, teatr və dekorativ-tətbiqi sənətkarlıq, sənətşünaslıq, kulturologiya və digər sahələrdə ənənələri qoruyub saxladığını vurğulayıb. 

Çinin Azərbaycandakı səfiri Vey Jinhua Azərbaycanda mədəniyyət və incəsənət sahəsində təhsilin inkişafından məmnun olduğunu bildirərək iki ölkə arasında humanitar əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb. 

Daha sonra çıxış edən Konfutsi İnstitutunun direktoru professor Rafiq Abbasov Konfutsi İnstitutunun Azərbaycan və Çinin mədəni irsinin öyrənilməsi və təbliği ilə bağlı birgə proqramların həyata keçirməsindən bəhs edib. O, həmçinin ümummilli lider Heydər Əliyevin Çinə tarixi səfəri zamanı iki ölkə arasında imzalanmış mədəniyyət və əməkdaşlığa dair sazişin əhəmiyyətini diqqətə çatdırıb.

Sonda Konfutsi İnstitutunun əməkdaşları və ADMİU-nun tələbələri konsert proqramı ilə çıxış edib, ənənəvi Çin alətləri üzərində çalınan milli Çin mahnıları səsləndirilib. ADMİU-nun dizayner tələbələri tərəfindən hazırlanmış “Çin-güllərin səltənəti” adlı moda sərgisində Çin stilində qadın geyim nümunələri nümayiş olunub.

24.05.2018 16:25 / Baxılıb: 213 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.06.2018
    22.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo