Milli Şuranın antimilli namizədinin filmi

2013-cü il prezident seçkisi zamanı Milli Şuranın məlum Rüstəm İbrahimbəyovu namizəd kimi xalqa sırımaq istəməsini ən sərt tənqid edənlərdəndim. Bunu iki səbəbdən edirdim: birincisi, bu adamın Azərbaycanın milli maraqlarıyla yaxından-uzaqdan əlaqəsi yox idi; ikincisi də eyni zamanda siyasətdə naşıdan da naşı idi. 

Belə bir adamı Azərbaycan xalqının səsverməsinə təqdim etməyin özü belə ayıb olacaq hərəkətdi və haqlı olaraq tənqidlərimi səsləndirirdim. 

Qarşı tərəf isə söyüş arsenalını tam şəkildə səfərbər edib məni təhqirlərə məruz qoymaqdaydı. Onda deyirdim ki, zaman kimin haqlı olacağını göstərəcək. 

Göstərdi də. Özü də çox qısa bir vaxt içində. 

Amma sözüm onda deyil. İndi toxunacağım məsələ bugünlərdə geniş narazılığa səbəb olmuş “Qafqaz üçlüyü” filmi ilə bağlıdır. 

Bu filmin ssenari müəllifi və yəqin ki, elə ideya verəni də Rüstəm İbrahimbəyovdur. 

Məsələ ilə bağlı Azərbaycanın tanınmış kino adamları Ayaz Salayev və Cəmil Quliyevin fikirlərini də dinləmişəm. Təbii ki, onlar məsələyə həm də bir sənət əsəri kimi baxaraq dəyərləndiriblər. Həm də çox zəif və eyni zamanda antimilli bir film kimi. 

Mən də filmə baxdım. Kino adamı olmasam da ən azından tamaşaçı kimi, üstəlik də ictimai-siyasi proseslərin içində olan, milli maraqları daim diqqətdə saxlayan, eyni zamanda ədalət hissini də qoruyan birisi kimi. 

Diqqətimi çəkən ilk məqam elə başlanğıcda Azərbaycanlı Fərhadın qorxaqlığı, erməni Edikin onu cəsarətləndirməsi oldu ki, bu haqda başqa dostlarımız geniş yazdığı-danışdığı üçün üzərindən keçirəm. 

Bunun ardınca girişdəki bir xəritə diqqətimi çəkdi. Güney Qafqazın təsvir olunduğu xəritədə yalnız Azərbaycanla Ermənistanın sərhədləri görünür. Digər dövlətlərin sadəcə adı var. Lakin əsas olan bu deyil. Əsas odur ki, Azərbaycanın xəritəsi təhrif edilmiş şəkildə təqdim olunur. Bir balaca diqqətlə baxanda görünür ki, Mingəçevir su anbarının yuxarı hissəsində Gürcüstan ərazisi Azərbaycan ərazisini işğal edib. Görünür, filmi çəkənin və rolların böyük əksəriyyətini oynayanların gürcü olmasının təsirindəndir. Amma niyə Rüstəm İbrahimbəyov buna diqqət yetirməyib? 

Təhrif olunmuş xəritə


Xəritənin ardınca ekranda belə bir yazı çıxır: « 1988 - , , ». (“1988-ci ildə ərazi baxımından Azərbaycanda yerləşən Dağlıq Qarabağ vilayəti özünün müstəqilliyini bəyan etdi.”)



Qarabağla bağlı gizli mesaj

Tarixi saxtalaşdırmanın ən bariz nümunəsidir bu! İfadəyə diqqət edincə Dağlıq Qarabağın sadəcə ərazi baxımından Azərbaycanda yerləşməsi şüuraltına yeridilir. Halbuki burada açıq deyilməliydi ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində bölücülük baş qaldırdı, Ermənistan da işğalçılıq siyasətinə başladı. Rüstəm İbrahimbəyov bunu belə ifadə etmir. Niyə? Səbəblər bəllidir və irəlidə biz də onlara toxunacağıq. 

Bir qədər də irəli gedincə filmdə Azərbaycan bayrağına açıq sayğısızlıq göz deşir. Hansısa nazir müavini olan şəxsin masasının üzərində, arxasında bayraqlarımız var. Masa üzərindəki bayraq bir qədər aşağı endirilib, arxada – dolabda olansa tərsinə asılıb: yaşıl rəng yuxarıda, mavi aşağıda olmaqla.


Tərsinə asılmış bayraq

Bayraqla bağlı yanlış sonrakı səhnələrdə də davam edir. Guya Bakı hava limanı olduğu iddia edilən epizodda masa üzərindəki bayraqlarımız yaşıl yuxarıda, mavi aşağıda olmaqla təqdim olunur…



Hava limanında tərsinə qoyulmuş bayraq

Hələ mən o bərbad yerin Bakı hava limanı kimi təqdim edilməsini bir yana qoyuram. 

Bütün bu “xırda” qüsurlardan sonra filmin özünün dəyərləndirilməsinə keçə bilərik. 

Film bir əsər olaraq zəif – primitiv alınıb. Diqqət çəkən odur ki, bütün süjet boyu məhz erməninin çox anlayışlı, nəzakətli, ədalətli olması qabardılır. Azərbaycanlı obrazı isə ümumiləşdirilmiş şəkildə, bəzən də fərdiləşdirilmə yoluyla vəhşi kimi təqdim edilir. 

İstər Fərhadın evinə erməni dostunun qonaq gəlməsini eşidən kütlənin etiraz aksiyasına toplaşması, istərsə də hava limanında bir görəvlinin Ediki içəri aparıb döyməsi məhz bizim əleyhimizə qabarıq şəkildə təbliğatdan başqa bir şey deyil. Hələ bura onu da əlavə edək ki, əsl atası erməni Eduard (Edik), atalığı Azərbaycanlı Kamil olan Timurun (Teymur) şəhərkənarı bağda quyuya atılması (düşməsi) və balaca bir Azərbaycanlı balasının onun başına daş atması da vəhşi olduğumuzu göstərməyə xidmət edir. 

Bütün bunların fonunda Edik hava limanında qapalı otaqda onu döyən Azərbaycanlı görəvlidən xahiş edir ki, bu haqda heç kimə deməsin, ayıb olar. Yəni filmdə bu Edik elə bir erməni obrazı kimi təqdim edilir ki, guya hətta Azərbaycanlıların reputasiyasını belə düşünürmüş… 

Sonda o da elan edilir ki, gürcü Mikanı Fərhadın evinin önündə etiraza yığışanlar döydüyü üçün bu adamın həyatını xilas etmək olmur. 

İndi təsəvvür edək ki, bu filmə bizi yaxşı tanımayan hansısa ingilis, fransız, hindu baxır. Qənaəti nə olacaq? 

Bizi tanımayanların bu filmdən gəldiyi qənaətə görə, Azərbaycanlılar vəhşi, qaniçən, ermənilərsə hətta düşmənin belə reputasiyasını düşünəcək qədər ali insanlar kimi nəzərə çarpacaq. 

Bunu Rüstəm İbrahimbəyovun fərq etməməsi mümkün deyildi. Hələ məhz belə bir qənaətin hasil olması üçün məqsədli şəkildə çalışmasına heç şübhə yoxdur. Adam açıq şəkildə öz xalqına qarşı film çəkib. Yalnız bir fakt sevindiricidir ki, onun bu antimilli filmində heç bir Azərbaycanlı (öz ailə üzvləri istisnadır) rol almaq istəməyib. 

Bütün bunlardan sonra bir zamanlar bu antimilli şəxsi bizə prezidentliyə namizəd kimi təqdim edən, bizi ondan ötrü təhqir edənlərədir sözüm: buyurun, mövqeyinizi ifadə edin. Bu da hakimiyyət-müxalifət məsələsi deyil ki. Burda sırf Azərbaycan xalqının milli mənafeyi ayaqlar altına atılıb…


Azər Həsrət

24.05.2018 15:30 / Baxılıb: 227 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo