Pompeo Qafqaz deyərkən Azərbaycanı nəzərdə tutub

AZADİNFORM. “ABŞ-ın dövlət katibi Mayk Pompeo mayın 23-də Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi üzvləri qarşısında çıxış edərkən Rusiyanın yeni “Şimal axını-2” layihəsini tənqid edib. Bəllidir ki, adı çəkilən boru xətti ilə Rusiya qazı yeni bir istiqamətlə Avropaya çatdırılmalıdır. Rusiyaya qarşı Qərbin sanksiyalarına baxmayaraq, bu boru xəttinin çəkilişində maraqlı olan əsas Avropa dövləti Almaniyadır”.

Azadinform xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

O, bildirib ki, bu ölkənin kansleri Angella Merkel bugünlərdə Soçiyə gedərək Vladimir Putinlə görüşüb və haqqında danışılan layihənin icrasını da müzakirə edib: “Ən maraqlısı odur ki, Mayk Pompeo “Şimal axını-2” layihəsini və Avropanın Rusiyanın qaz asılılığından artmasını tənqid edərkən köhnə qitə üçün alternativ yol göstərib - “Avropa Birliyi ölkələri başqa mənbələrə müraciət etməli, Qafqaz üzərindən qaz almalıdırlar”. Heç şübhəsiz, Amerikanın dövlət katibi Qafqaz deyərkən Azərbaycan qazını və bu qazı Avropaya çatdırmağı planlaşdıran TAP boru xəttinə eyham vurub. Bu bizim üçün yaxşıdır ki, Vaşinqton əvvəlki kimi Azərbaycanın enerji resurslarının Avropaya çatdırılması layihələrini dəstəkləyir”.

Politoloq məsələnin başqa tərəfi də olduğunu deyib: “Pompeonun Avropaya ünvanladığı “Rusiya qazından asılılığınızı azaldın, Azərbaycan qazına diqqəti artırın” ibarəsi Moskvada bəlli dairələrin xoşuna gəlməyəcək. Bunu illərdir yazıram ki, Rusiya sözdə Azərbaycanı tərəfdaş dövlət adlandırsa da, qazımızın Avropaya çatdırılmasına müxtəlif yollarla mane olmağa çalışır. Birincisi, çalışır ki, Rusiya qazı “Türk axını” xətti vasitəsilə daha tez Türkiyə üzərindən Cənubi Avropaya (bəllidir ki, TAP-ın da marşrutu təxminən eynidir) çatdırılsın. İkincisi, illərdir bəzi Cənubi Avropa ölkələrində azsaylı qrupların iştirakı ilə “ekologiyanı qoruyaq” bəhanəsi ilə TAP layihəsinə qarşı etirazlar təşkil edir. Halbuki, “ekologiyanı qoruyaq” şüarları altında “Şimal axını” layihəsinə etiraz edən qruplar haqqında eşitməmişik. Üçüncüsü, Xəzərin statusunun müəyyənləşməsini uzadır ki, Xəzərin dibi ilə boru xətti çəkilməsin ki, Türkmənistan qazı da Azərbaycan və Türkiyə üzərindən Cənubi Avropaya çatdırılmasın. Sonra da sual etməyək ki, nədən Rusiya Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində maraqlı deyil? Niyə maraqlı olsun ki? Moskvada Azərbaycana Amerikanın tərəfdaşı və qaz bazarındakı rəqibi kimi yanaşırlar. Dağlıq Qarabağ münaqişəsinin həllini də ona görə sürətləndirmirlər ki, rəqibi əsas problemindən qurtulmasın, çünki qurtulsa daha da güclənəcək, bu isə Moskvaya lazım deyil”.

24.05.2018 14:30 / Baxılıb: 257 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.08.2018
    14.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo