Jurnalist binalarının qarşısındakı təhlükə: DYP nəyi gözləyir?

2000-ə yaxın sakinin yaşadığı binaların qarşısındakı yolda hər gün onlarla insan həyatına təhlükə yaranır…

 

Azərbaycan Prezidentinin sərəncamı əsasında Bayıl qəsəbəsində, Yeni Salyan yolu 22 ünvanında jurnalistlər üçün tikilmiş yaşayış binalarından 2-si artıq istifadədir, 3-cü binanın isə tikintisi davam edir. İstifadədə olan hər 2 binada ümumilikdə 410 mənzil var və 2000-ə yaxın sakin yaşayır. Binalar yüksək səviyyədə tikilib, tam təmirli istifadəyə verilib, həyətində müvafiq infrastruktur qurulub, yaşıllıq salınıb. Hər şey əladır. Lakin bir-iki xırda problem var ki, 5 ildir həllini tapmır.

Çoxsaylı jurnalistlərin xahiş və müraciətlərinə baxmayaraq dövlətin müvafiq qurumları bu şəhərcikdən küçəyə çıxış yerində adi bir işıqfor belə quraşdırılmasına sərəncam vermirlər. Bu binaların qarşısındakı avtobus “dayanacağı”nın isə dünyada belə analoqu yoxdur. 

 

 

Binalardan çıxıb dayanacağa keçmək üçün nə piyada zolağı, nə işıqfor, nə yeraltı və ya yerüstü keçid var. Yəni, bu yolda dayanacaq yeri qoyulub, amma piyadaların dayanacağa keçməsi qanunla qadağandır. Ya da havadan uçub keçməlidirlər. Hər gün avtobusa minmək üçün və ya avtobusdan düşüb binaya tərəf yolu keçmək üçün yüzlərlə insan öz həyatını təhlükəyə atır. 

Dəfələrlə, belə hallarda təhlükə yaranıb, az qalıb ki, avtomobil piyadaları vursun. Belə vəziyyətdə tezliklə bu yolda faciə baş verməsi qaçılmazdır. DYP, Bakı Nəqliyyat Agentliyi, SİQNAL İdarəsi 5 ildir “təhlükə siqnalını” qulaqardına vurur, sanki faciənin baş verməsini gözləyirlər. 

Bir il bundan əvvəl Bakı Nəqliyyat Agentliyinə sözügedən yolda keçidin qoyulması üçün müraciət ünvanlanıb, mətbuatda informasiyalar verilib, təhlükə ictimailəşdirilib. Ötən ilin təxminən bu vaxtlarında BNA-a tərəfindən Yeni Salyan yolunda jurnalistlər üçün tikilən ikinci yaşayış binası ərazisində yerüstü piyada keçidinin tikiləcəyi anonsu yayılsa da ortada heç bir iş yoxdur.  (http://modern.az/az/news/137816/#gsc.tab=0)

 

 

Şəkildə bir sərnişinin avtobusdan düşərək yolu keçib binaya gəlməsi əks olunub. Sürətlə keçən maşınların arasından həyatını təhlükəyə ataraq evə gəlməyə çalışır. Hələ bu şəkil ən rahat vəziyyəti ifadə edir. Körpə uşaqlarla yolu keçməyə cəhd edərkən maşınların altına düşməkdən güclə xilas olan ananın düşdüyü daha təhlükəli anları eyvandan müşahidə etsək də, kadra köçürməyə imkan tapa bilməmişik.

O da maraqlıdır ki, bir neçə yüz metr aralıda yerləşən yaşayış binalarının qarşısına işıqfor qoyulub.  Burada isə qəribə bir hikmət var, lakin jurnalistlər olaraq baş aça bilmirik. Daha doğrusu baş açırıq, sadəcə əlimizdə - ovucumuzda fakt yoxdur deyə burda ifadə edə bilmirik. Yəni, jurnalistlərin binasının qarşısına işıqfor qoyulmur, lakin ondan 3 il sonra hansısa özəl şirkətin tikdiyi binanın qarşısına qoyulur?   

 

 

Yeni Salyan yolu 22-də ilk tikilən bina jurnalistlərin yaşadığı binalar olduğunu nəzərə alsaq işıqfor da məhz həmin yerdə qoyulmalı idi. Nazirlər Kabineti yanında Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına dəfələrlə müraciət olunmasına baxmayaraq həmin yolda sürət olduğunu bəhanə edərək işıqfor qoymaqdan imtina etdilər. 

DYP isə əsaslandıra bilmir. Əvvəl deyirdilər sürətli yoldur, olmaz. Əgər sürətli yoldursa, bəs o binaların qarşısında işıqfor niyə qoyuldu? İkincisi, bu küçənin harası sürətli yoldur, məgər bura şəhərlərarası magistraldır? Bəlkə 90-lıq, 110-luq yoldur? Xeyr, yolda sürət həddi 60-dır, yəni, şəhərin bütün küçələrində olduğu kimi. Onda nə bəhanə edib bura işıqfor qoymurlar?

 

 

Avtosfer.az saytının rəhbəri, yol hərəkəti təhlükəsizliyi üzrə ekspert Elməddin Muradlı dünən sosial şəbəkədə yazıb: “SİQNAL İdarəsinin rəisi Mahir müəllim və Baş DYPİ-nin Hərəkətin təşkili şöbəsinin rəisi Taləddin müəllimlə görüşdük, məsələni xeyli müzakirə etdik. Onlar təklif edir ki, yeni tikilən binanın yola yaxın hissəsində geniş yer var, oradan yol çəkib yaxınlıqdakı “Kristal Abşeron”un binasının qarşısına gətirməklə məsələni həll etmək olar. Mən isə deyirəm ki, o binanın qarşısındakı svetoforun birini - "Bibiheybət" məscidindən şəhərə gələn istiqamətdə olanı çıxarıb Jurnalist binalarının qarşısına qoymaqla və svetoforlardan birinə 5 saniyə artıq qırmızı işıq tətbiq etməklə məsələni həll etmək olar. Onlar isə deyir ki, yox, elə təzə tikilməkdə olan binanın qarşısından yolu çəkib “Kristal Abşeron”un binasına birləşdirək. Axırda qərara gəldik ki, onların iştirakı ilə əraziyə bir daha baxış keçirək. Söz veriblər ki, gələcəklər”.

Əvvəla, deyilən yerdən yol çəkmək üçün heç bir imkan yoxdur. Aşağıdakı şəkildə bu aydın görünür. Çünki orada 3-cü binanın tikintisi gedir. Binanın qarşısında qalan kiçik ərazi isə həyətdir, uşaqlar orda oynayır, buradan hansı məntiqlə yol çəkmək olar? İkincisi, bu yolun çəkilişinə yüz minlərlə manat vəsait sərf olunacaq. Dövləti bu qədər zərər salmaqdansa, bir işıqfor qoymaq daha uyğun olmazmı?

 

 

Daha bir problem isə sürücülərə yaradılan çətinliklə bağlıdır. Belə ki, binalardan çıxarkən şəhərə tərəf dönmə qadağandır. Gərək “Bibiheybət” məscidinə tərəf dönəsən, 3-4 km gedib məscidin yanından geri dönəsən və bir o qədər də yol qət edib qayıdasan şəhərə... Daha bir variant isə bir az irəlidən “Dvatsatı”nın dar döngələri ilə kələ-kötür yola gedib dairəyə çıxasan, oradan da aşağı şəhərə tərəf gedib həmin yola çıxasan ki, bu da 3-4 km əlavə yol, yanacaq və vaxt itkisidir. Bundan başqa, Yeni Salyan yolu ilə məscid tərəfdən gələrkən binaya dönmə də qadağandır, çünki, ikiqat bütöv xətt var. Bu halda da binadan çıxan bəzi sürücülər bütöv xətti kəsib şəhərə tərəf dönürlər, (şəkildə göründüyü kimi) bir qədər aralıda isə DYP maşını gizlənib, 500 metr getməmiş sürücünü saxlayıb cərimə yazırlar.

Bütün bu problemlərin həlli üçün çox sadə bir yol var. Binaların qarşısında yolda ayırıcı qırıq xətt və piyada zolağı çəkmək, həmçinin iki ədəd işıqfor qoymaq lazımdır. Artıq 100 metr bizdən aralı binaların təcrübəsi də var. Bu halda həm piyadalar, həm də sürücülər rahat şəkildə yola çıxıb istədikləri istiqamətə keçə biləcəklər. Bu sadə və çox az xərcə başa gələcək tədbirin əvəzində DYP gah bahalı keçid tikməyin, gah da yeni yol çəkməyin vacibliyindən danışır. Məqsəd dövlət büdcəsinə 10 dəfə artıq xərcə salmaqdırmı, başa düşmürük?

 

 

Elçin Bayramlı

Fotolar müəllifindir

22.05.2018 14:32 / Baxılıb: 2922 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo