Bakıda Youthvision 2018 beynəlxalq mahnı müsabiqəsi keçiriləcək

Adəm Abbaslı/AZADİNFORM. Gənclər və İdman Nazirliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və Qızıl Qala production ilə birgə Bakı şəhərində ayın 25-də “Elektra Events Hall”da “Həmişə gənc” şüarı altında “Youthvision 2018” Beynəlxalq mahnı müsabiqəsi keçirəcək.

Gənclər və İdman Nazirliyindən Azadinform-a verilən məlumata görə, “Youthvision” Beynəlxalq mahnı müsabiqəsinin keçirilməsində əsas məqsəd yaradıcı və istedadlı gənclərin mədəni potensiallarının reallaşdırılması və onlar arasında beynəlxalq təcrübə mübadiləsinin həyata keçirilməsi üçün lazımi şəraitin yaradılmasıdır.

Müsabiqə haqqında məlumatın yerləşdirilməsi və iştirakçıların onlayn qeydiyyatı məqsədi ilə 2016-cı ildə youthvision.az saytı istifadəyə verilmişdir. Müsabiqə 14-35 yaşarası gənclər arasında keçirilir. Müsabiqədə qiymətləndirilmə beynəlxalq münsiflər heyəti tərəfindən aparılır. Bu məqsədlə hər iştirakçı dövlətdən 1 nəfər münsif üzv dəvət olunur.

Müsabiqədə bu il ümumilikdə 23 ölkənin – Azərbaycan, ABŞ, Litva, Xorvatiya, Rumıniya, Pakistan, Türkiyə, Uqanda, Latviya, Rusiya, Serbiya, İran və bir sıra digər dövlətlərin 60-a yaxın iştirakçı, münsif və onları müşayiət edən nümayəndələrin gəlişi gözlənilir. Xatırladaq ki, ötən il keçirilən “Youthvision 2017” Beynəlxalq Mahnı müsabiqəsinin qalibi Gürcüstan (109 xal), 2-ci yer Qırğızıstan (100 xal), 3-cü yer isə Moldova (97 xal) təmsilçiləri tutublar.

Müsabiqənin ümumi mükafat fondu 6000 ABŞ dolları təşkil edir. Əsasnaməyə görə beynəlxalq münsiflər heyəti tərəfindən ən çox bal toplamış ilk üç yerin qalibləri aşağıdakı məbləğdə mükafatlandırılır: I yer 3000 ABŞ dolları, II yer 2000 ABŞ dolları və III yer üçün 1000 ABŞ dolları məbləğində mükafat verilir.

Qeyd edək ki, 20-26 may tarixlərində Bakıda olacaq qonaqlar şəhərin müxtəlif görməli yerlərini, tarixi abidələrini ziyarət edəcək, onlara Azərbaycan tarixi, mədəniyyəti haqqında ətraflı məlumat veriləcək. Bununla yanaşı, Bakının müxtəlif məkanlarında müsabiqədə təqdim olunması üçün iştirakçıların tanıtım çarxlarının çəkilişi də həyata keçiriləcək.

22.05.2018 11:33 / Baxılıb: 229 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo