Təmas xəttindəki sabitlik Ermənistanı narahat edir

AZADİNFORM. “Rəsmi Yerevan müntəzəm sürətdə Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində və Azərbaycan-Ermənistan dövlət sərhədində atəşkəs rejiminin pozulması ilə bağlı məlumatlar yayır. Bir il bundan qabaq həftə ərzində 1500-2000 dəfə atəşkəs rejimi pozulurdu. Son bir ildə bu rəqəm 200-300-ədək xeyli azalıb”.

Bu fikirləri Azadinform-a açıqlamasında politoloq Mübariz Əhmədoğlu deyib. Bildirib ki, Ermənistanda mitinq günlərində atəşkəs rejiminin pozulmasının sayı ilə bağlı rəsmi Yerevanın yaydığı məlumatda da trend azalma istiqamətində idi: “Rəsmi Yerevanın məlumatına görə, son həftə ərazində atəşkəs rejimi 50 dəfə pozulub. Atəşkəs rejimi ilə bağlı dinamikanın müqayisəli təhlili vəziyyətin tam sabit olduğunu göstərir. Dağlıq Qarabağ münaqişəsi regionunda atəşkəs rejimi Ermənistanın da üzv olduğu KTMT-nin bəzi dövlətləri arasındakı atəşkəs rejiminə nisbətən daha sabitdir. Azərbaycan-Ermənistan dövlət sərhədində və qoşunlarının təmas xəttində atəşkəs rejiminin bərqərar olması tam aydındır. Bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT MQ həmsədrləri ilə görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Kaspşik də təsdiqlədi. Yeni müdafiə naziri David Tonoyan isə Kaspşiklə görüşü zamanı ona bunun tərsini sübut etmək istəyirdi. Atəşkəs rejimi barədə məlumatı rəhbərlik etdiyi qurumun yaydığını unutdu”.

Politoloq vurğulayıb ki, ermənilər bu vaxtadək məhz atəşkəs rejiminin tez-tez pozulmasının sülh danışıqlarına maneçilik törətdiyini iddia edirdilər: “İndi atəşkəs rejimi bərqərar olub. Amma Ermənistan yenə sülh danışıqlarının başlamamasına və uğurla nəticələnməməsinə çalışır, bəhanə axtarır. David Tonoyandan bir az öncə Nikol Paşinyanın Dağlıq Qarabağda səsləndirdiyi fikirlərin ümumi konteksti və Ermənistan Xarici İşlər Nazirliyinin 3 bəyanatı göstərir ki, ermənilər danışıqlara hazır deyillər. Amma danışıqlara hazır olmamalarını atəşkəs rejiminin pozulması adı altında gizlətmək niyyətindədirlər. Sadəcə, Ermənistan rəsmiləri analitik ağılı inkar etdikləri üçün düşünürlər ki, bütün dünya da eynilə belə düşünür.  Məhz beynəlxalq ictimaiyyətin narahatlığıdır ki, Ermənistanda hələ inqilab dövrlərində olunan müraciətlərdə də Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ön plana çıxarılırdı. Aİ-nin xarici siyasət məsələləri üzrə təmsilçisi Moqerinin Nikol Paşinyana göndərdiyi müraciət və yaxud ABŞ prezidenti Trampın göndərdiyi məktubdakı Dağlıq Qarabağa dair hissə bunu aydın göstərir. Rusiya tərəfinin də mövqeyində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ön plandadır. Ermənistan atəşkəs rejiminin pozulmasını bir daha bəhanə etməməlidir”.

22.05.2018 11:01 / Baxılıb: 204 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.08.2018
    18.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo