Prokurorluq orqanlarında AXC-nin yaranmasının 100 illiyi qeyd edilib Fotolar

Samir Soltanov/AZAİNFORM. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilib. 

Baş Prokurorluqdan Azadinform-a verilən məlumata görə, konfransı giriş sözü ilə açan baş prokuror Zakir Qaralov 1918-ci il mayın 28-də müsəlman Şərqində yaradılmış və xalqımızın dövlətçilik tarixində misilsiz rolu olan ilk demokratik, parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyəti barədə məlumat verərək, ölkəmizin qədim və zəngin dövlətçilik ənənələrinin, çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmış Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının xalqımızın öz müqəddəratını təyin etməyə qadir olduğunu əyani şəkildə bütün dünyaya nümayiş etdirdiyi qeyd olunmaqla respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırladığı bildirilib. 

Xüsusi vurğulanıb ki, 1993-cü ildə xalqımızın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra onun cəsarəti sayəsində Azərbaycanın müstəqilliyinin qorunmasına və möhkəmləndirilməsinə, xalqımızın firavanlığı və ölkənin davamlı inkişafına xidmət edən siyasi kursun həyata keçirilməsinə başlanılmaqla Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə siyasi-hüquqi qiymət verilib, həmin dövrün dövlət rəmzləri və himni bərpa olunub. 

Baş prokuror xüsusi vurğulayıb ki, Prezident İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cumhuriyyəti İli” elan etməsi və “Bu gün Cümhuriyyətin qurucuları Azərbaycanı görsələr, fəxr edərdilər. Biz də Cümhuriyyətin qurucuları ilə fəxr edirik” kəlamları xalqımızın qədim və zəngin dövlətçilik tarixinə böyük ehtiramın göstəricisidir. 

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov “Müasir Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisidir” mövzusunda məruzə ilə çıxış edərək Cümhuriyyətin xalqımızın dövlətçilik tarixinin şanlı səhifələrindən olduğunu vurğulayıb. Prezident İlham Əliyevin 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması və Cümhuriyyətin 100 illik yubileyinin yüksək səviyyədə qeyd edilməsi ilə bağlı sərəncamlarının önəmini vurğulayan akademik tariximizin, o cümlədən Cümhuriyyət dövrünün dərindən tədqiq edilməsində AMEA-nın Tarix İnstitutunun Azərbaycan Prokurorluğu orqanları ilə səmərəli əməkdaşlığını xüsusi vurğulayıb. 

Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və əldə etdiyi mühüm uğurlar barədə konfrans iştirakçılarına ətraflı məlumat verən Y.Mahmudov bildirib ki, 1918-1920-ci illər xalqımızın tarixinin ən parlaq səhifələrindən biridir. Cümhuriyyətin qurucuları olduqca gərgin ictimai-siyasi şəraitdə Azərbaycanın müstəqilliyini elan etmiş və 23 aylıq qısa müddətdə bütün sahələrdə mütərəqqi islahatlar həyata keçirərək Azərbaycanın sonrakı müstəqilliyi üçün dövlətçilik ənənəsi formalaşdırıblar.  

Çıxışından sonra akademik Y.Mahmudov “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nı Baş prokurora təqdim edib. 

AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı, professor Musa Qasımlı “Müsəlman Şərqinin ilk demokratik respublikası” mövzusunda məruzəsində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə nəticələnən ictimai-siyasi prosesin milli özünüdərk və milli sürurun formalaşmasına təkan verən maarifçilik hərəkatı ilə başladığını vurğulayıb. Bu hərəkatda Cümhuriyyətin qurucularının misilsiz xidmətlərini xüsusi qeyd edən M.Qasımlı diqqətə çatdırıb ki, Avropa ölkələrindən fərqli olaraq, Azərbaycanda milli azadlıq hərəkatının ön sıralarında ziyalılar addımlayırdılar. Professor həmin dövrdə ziyalılarımızın azadlıq ideyalarına, demokratik dəyərlərə sadiqliyinin Azərbaycanın həmin dövrdə siyasi elitasının yüksək zəkasının və vətənpərvərliyinin göstəricisi olduğunu bildirib. Cümhuriyyətin ağır ictimai siyasi şəraitdə elan edilməsinə baxmayaraq, mühüm uğurlar əldə etdiyini diqqətə çatdıran M.Qasımlı bu baxımdan 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin dünyanın ən böyük dövlətləri tərəfindən tanınmasının, nizami ordu yaradılmasının, müsəlman Şərqində ilk dəfə qadınlara seçki hüququnun verilməsinin önəmini xüsusi vurğulayıb. 

Professor Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olan müstəqil respublikamızın Cümhuriyyət dövrünün demokratik dəyərlərinə sadiq qalaraq sürətlə inkişaf etdiyini və dünya birliyində layiqli yer tutduğunu bildirib. Qeyd edib ki, məhz müstəqillik dövründə, xüsusən ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Cümhuriyyət dövrünün tədqiqi və təbliği istiqamətində mühüm addımlar atılıb. 

Baş prokurorun müavini Namiq Əsgərov “Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki müstəsna rolu” mövzusunda çıxış edərək bildirib ki, Şərqdə ilk demokratik Cümhuriyyətin qurulması sonrakı mərhələdə Azərbaycan dövlətçiliyinin qorunmasına, müstəqil respublika kimi inkişafına əsaslı hüquqi zəmin yaradıb. 

Konfransa yekun vuran baş prokuror Zakir Qaralov bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi ölkəmizin çoxəsrlik tarixinin ən şərəfli və parlaq səhifələrindən biri kimi böyük ruh yüksəkliyi ilə qeyd edilməklə, xalqımız müasir Azərbaycan dövlətinin müstəqilliyinin və suverenliyinin bütün atributlarına sahib olmasından və onun qorunub saxlanılmasının etibarlı əllərdə olmasından qürur hissi duyaraq işıqlı gələcəyinə tam inamla baxır. 

Tədbir çərçivəsində Tarix İnstitutu tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin tarixini özündə əks etdirən nəfis şəkildə hazırlanmış “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası” və digər kitablar nümayiş etdirilərək konfrans iştirakçılarına təqdim edilib. 

Konfransın sonunda Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzinin hazırladığı “Əbədi ezamiyyət” sənədli filmi nümayiş etdirilib.

21.05.2018 18:23 / Baxılıb: 205 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
20.08.2018
19.08.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo