Aleksandr Vuçiç: Azərbaycanla dostluq münasibətlərinin inkişafı bizim üçün çox vacibdir

Adəm Abbaslı/AZADİNFORM. "Azərbaycan ilə Serbiya arasında əlaqələrin inkişafı baxımından gördüyünüz bütün işlərə görə Sizə təşəkkürümü ifadə etmək istərdim".

Azadinform xəbər verir ki, bu sözləri bu gün Azərbaycan və Serbiya prezidentlərinin mətbuata bəyanatla çıxışı zamanı Serbiya prezidenti Aleksandr Vuçiç deyib. 

"Düşünürəm ki, mən Sizin Prezident seçilməyinizdən sonra ölkənizə səfər edən ilk dövlət başçısıyam. Bu, mənim üçün çox böyük şərəfdir", - deyən prezident bildirib ki, Azərbaycan ilə dostluq münasibətlərinin inkişafı bizim üçün çox vacibdir: "Bu, bizim dövlətlərimizin və xalqlarımızın maraqlarına tam uyğundur. Bizim əməkdaşlığımız üçün çox böyük meydan var. Məhz bu səbəbdən də mən bizim hökumətimizin demək olar ki, tam yarısı ilə Azərbaycana səfərə gəlmişəm. Çünki biz Azərbaycan ilə bütün sahələrdə əməkdaşlığı inkişaf etdirmək əzmindəyik".

A. Vuçiç deyib ki, onun ölkəsinin müstəqilliyinin və suverenliyinin dəstəklənməsinə görə Azərbaycana minnətdardır: "Biz də öz növbəmizdə Azərbaycanın müstəqilliyini və suverenliyini dəstəkləyirik. Hər iki ölkənin bu mövqeyi dəyişməz olaraq qalacaq. Cənab Prezident, biz Sizin siyasətinizi çox yüksək qiymətləndiririk. Siz elə bir şəxsiyyətsiniz ki, ölkənizin müstəqilliyini qoruyursunuz, öz azadlığınızı qoruyursunuz və vətəndaşların firavanlığı naminə əlinizdən gələni edirsiniz. Çünki Sizin ölkəniz olduqca mürəkkəb regionda, müxtəlif regionların kəsişməsində yerləşir və Siz ölkənizi nümunəvi şəkildə qoruyub saxlaya bilmisiniz.

Eyni zamanda, iqtisadi maraqlarınız da təmin edilir. Münasibətlərimizin təkmilləşdirilməsində bizim böyük potensialımız var. Bu yaxınlarda bizim hökumətlərarası komissiyanın iclası olacaq. Sonuncu iclas 2015-ci ildə olub. Düşünürəm ki, müxtəlif nəqliyyat layihələrinin icrasında fəal əməkdaşlıq edə bilərik. Azərbaycan şirkəti Serbiyada yol tikintisində uğurla fəaliyyət göstərir. Bununla yanaşı, müxtəlif kənd təsərrüfatı məhsullarının alqı-satqısı sahəsində, mədəniyyət, idman və digər sahələrdə daha böyük nailiyyətlər əldə edə bilərik. Təbii ki, bizim hərbi-texniki və hərbi təhsil sahələrində də böyük potensialımız var. Düşünürəm ki, bunlar da çox vacib sahələrdir.

Çox müsbət haldır ki, ölkələrimiz arasında heç bir mübahisəli məsələ yoxdur. Biz müxtəlif beynəlxalq təşkilatlarda bir-birimizi tam şəkildə dəstəkləyirik.

Cənab Prezident, fürsətdən istifadə edərək, Sizi burada, media qarşısında Serbiyaya rəsmi səfərə dəvət edirik. Siz orada bizim xalqın qonaqpərvərliyinin, həm Sizə, həm də ölkənizə olan rəğbət və ehtiramın şahidi olacaqsınız. Azərbaycan bizə dost ölkədir və tezliklə Sizi Belqradda görmək ümidindəyik.

Sizi təbrik edirəm ki, ölkənizin qeyri-neft sektorunda 3 faizlik artım qeydə alınıb. Görürəm ki, Siz iqtisadiyyatın şaxələndirilməsinə böyük önəm verirsiniz. Bu da əsl siyasi rəhbərə xas olan bir xüsusiyyətdir. Bizim yaxşı münasibətlərimiz var. Artıq üç ildir ki, bizim büdcəmizdə artım müşahidə olunur. Bu da bizə daha yüksək səviyyədə qarşılıqlı sərmayə qoyuluşu baxımından yaxşı imkanlar yaradır".

21.05.2018 17:17 / Baxılıb: 209 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo