Ac qalanlar və ac saxlananlar

Ramazan ayının başlaması ilə dünyada 1 milyarddan çox adam oruc saxlayır. Bütün dinlərlə orculuğun əsas şərtlərdən biri kimi qoyulması heç də təsadüfi deyil. Orucluq, həm mənəvi, həm fiziki mahiyyətə malikdir. Belə ki, orucluq vasitəsilə həm toxun acdan xəbəri olur, həm də oruc tutanların fiziki sağlamlığı bərpa olunur. Ramazan ayı, israfçılığa yol verməməyə, az yeməyə, sağlamlığı qorumağa, başqaları ilə paylaşmağa, acların, yoxsulların vəziyyətini həqiqətən dərk etməyə səbəb olan bir aydır. 

Lakin, dünyamızda məcburi aclıq keçirən daha 1 milyard adam var. Onlardan 300 milyona yaxını uşaqlardır. Bir uşağın acından ölməməsi üçün ayda 30 dollar tələb olunduğu dünyada trilyonlarla dollar vəsait mənasız və faydasız işlərə xərclənir.

Təxmini hesablamalara görə, dünyada hər il 50 000 insan kəskin aclıq nəticəsində ölür. Qlobal yoxsulluğa dair göstəricilərə əsasən ifrat yoxsulluqdan hər gün dünyada 30 000 uşaq vəfat edir, 11 milyon uşaq isə 5 yaşı tamam olmadan dünyasını dəyişir. 

Dünyada varlı və kasıb dövlətlər, eləcə də insanlar arasında fərq kəskin surətdə artır və ildən-ilə böyüyür. 1960-cı ildə dünyanın zəngin dövlətlərinin 20%-nin gəlirləri ilə yoxsul ölkələrin 20%-nin gəlirləri arasındakı fərq 30-un 1-ə nisbətində olduğu halda, 1990-cı ildə bu fərq 60-ın 1-ə, 1997-ci ildə isə 70-in 1-ə nisbətində olub. 

Statistikadan göründüyü kimi, dünyada gəlir bölgüsündəki disproporsional hədd zəngin ölkələrin imkanlarını genişləndirməkdə və yoxsul ölkələri isə təhdid etməkdədir. 

Hazırda dünyada istehsal edilən ərzaq məhsulları təxmini hesablamalara görə, 20 milyard adama kifayət edəcək həddədir. Lakin qeyri-bərabər bölünmə 1 milyarda yaxın adamın az qalmasına səbəb olur. Hesablamalara görə, təkcə Amerika və Britaniyada zibilliyə atlıan qidalarla 1 milyarda yaxın adamı doydurmaq olar. 

Dünya nemətlərinin 80 faizlik böyük hissəsini cəmi 20 faiz əhali istehlak edir, qalan 80 faiz əhali isə cəmi 20 faizi ilə dolanır. Belə olan halda dünyada normal insan cəmiyyətindən danışmağa dəyərmi?

Alimlər hesab edirlər ki, təbii ehtiyatlardan səmərəli istifadə olunacağı halda Yer kürəsi indikindən dəfələrlə çox insanı yedirdə bilər. Onlar bu rəqəmin 50-60 milyard olduğunu bildirirlər. 

Yoxsulluq coğrafiyasına diqqət yetirdikdə belə bir məqam nəzərə çarpır: bu ölkələr ya kənd təsərrüfatı, ya da hasilat sənayesi üzrə ixtisaslaşıblar və müasir texnologiyalar əldə etməyə çətinlik çəkirlər.  

Müasir texnologiyalı dövlətlər istənilən halda bu texnologiyanın başqa ölkəyə verilməsində maraqlı olmur. Tez-tez eşidirik ki, ABŞ və dünyanın digər iri dövlətləri kasıb ölkələrə kredit verir. Kreditlərin strukturuna baxanda görürük ki, bu kreditlər yalnız müəyyən əmtəələrin alınmasına verilir. 

Bu əmtəələr də kredit verən iri dövlətlərdə istehsal olunur. Bir sözlə onların verdikləri pullar faizlə birlikdə özlərinə qayıdır. Faktiki olaraq özləri öz şirkətlərinə vəsait verərək dövlət sifarişlərini həyata keçirirlər. 

Yəni, bu gün imperialist dövlətlər və onların transmilli şirkətləri 3-cü dünya ölkələrinin sərvətlərini çoxsaylı vasitələrlə amansızcasına talamaqla məşğuldurlar. Bu ölkələrdəki aclığın, yoxsulluğun yeganə səbəbi budur. Öz sərvətlərini Qərbə verməməkdə israr edən ölkəni Liviyanın, Suriyanıın taleyi gözləyir.

Qlobal şeytani qüvvələr, dünyada hərbi münaqişələrin baş verməsində katalizator rolunu oynayırlar. Ölkələri, xalqları, dini icmaları bir-birinə qarşı qoyub qanlı qarşıdurmalar törədirlər. Bunun qarşısını almaq getdikcə daha da çətinləşir. Çünki güclü Qərb dövlətləri bu istiqamətdə birləşib və onlara qarşı çıxmaq üçün heç bir ölkənin təkbaşına gücü çatmır. Bu ölkələrə isə birləşməyə imkan vermirlər. Bax dünyamız belə bir dəhşətli şeytani tora salınıb, heç cür də çıxa bilmir.


Elçin Bayramlı

18.05.2018 14:05 / Baxılıb: 1532 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo