Bu iki ölkə Rusiya ilə Çinin arasında sıxılıb qalmaq istəmir

AZADİNFORM. “2001-ci il 11 sentyabr hadisələrindən sonra ABŞ və Özbəkistan arasında ciddi yaxınlaşma başlamışdı və İslam Kərimov Əfqanıstandakı əməliyyatlar üçün Karşi-Xanabad hərbi bazasını Pentaqonun istifadəsinə vermişdi. Lakin 2005-ci il Əndican qırğınından sonra münasibətlər pisləşdi və amerikalılar Özbəkistandan çıxmalı oldu”.

Bu fikirləri politoloq Şahin Cəfərli bildirib.

O qeyd edib ki, ABŞ-ın bu gün Mərkəzi Asiyaya yenidən ayaq açmasında Əfqanıstan amili yenə mühüm rol oynayır: “Çinə yaxınlaşan Pakistanla əlaqələrində problem yaranan ABŞ Əfqanıstana yüklərin daşınması üçün alternativ marşrut axtarırdı və tapdı. Yüklər Azərbaycandan Xəzər vasitəsilə Qazaxıstana, oradan dəmir yolu ilə Özbəkistana, oradan isə Əfqanıstana daşınır. Qazaxıstan artıq Aktau və Kurık limanlarını ABŞ-ın istifadəsinə verib. ABŞ-la yaxınlaşmaq Qazaxıstan və Özbəkistanın da marağındadır. Əvvəla, bu iki ölkə Rusiya ilə Çinin arasında sıxılıb qalmaq istəmir və bu iki “div”in, xüsusən Pekinin artan təsirini super gücü bölgəyə gətirərək balanslaşdırmaq istəyir - şübhəsiz ki, Şanxay Əməkdaşlıq Təşkilatının nüfuz zonasına daxil olmaq Vaşinqton üçün də cəlbedicidir. İkincisi, müasir texnologiyalara, investisiyalara, iqtisadi inkişafa gedən yol Qərblə yaxınlaşmaqdan keçir”.

Politoloq xatırladıb ki, Şövkət Mirziyoyevin səfərinin ilk günündə ABŞ və Özbəkistan arasında 4,8 milyard dollar dəyərində 20-dən çox müqavilə imzalanıb. Bu müqavilələr neft-kimya, enerji, səhiyyə, əczaçılıq, kənd təsərrüfatı, maşınqayırma və mülki aviasiya sahələrini əhatə edir: “Hərbi sənaye sahəsində də əməkdaşlıq nəzərdə tutulub və Özbəkistanın ABŞ-dan pilotsuz uçuş aparatları, rabitə vasitələri, zenit-raket kompleksləri satın alacağı gözlənilir. Özbəkistanın Dünya Ticarət Təşkilatına üzvlüyü də gündəmdədir və Mirziyoyev bu məsəldə Trampdan kömək istəyib. Tramp isə bildirib ki, Özbəkistan öz ticarət rejimini liberallaşdırmağa davam edərsə, ABŞ bu məsələdə ona siyasi və texniki dəstək göstərəcək. İlk sırada olmasa da, ABŞ tərəfi Özbəkistanla təmaslarda demokratiya və insan haqları məsələsini də qaldırıb. Ağ Evdən bildirilib ki, bu əməkdaşlıq demokratiya və insan haqlarının təminatı istiqamətində atılan addımlarla paralel getməlidir. Aydındır ki, Mirziyoyev avtoritar liderdir və onun Özbəkistanı qısa müddətdə demokratik ölkəyə çevirəcəyi gözlənilmir. Amma ABŞ hökumətinə bu istiqamətdə müəyyən addımlar lazımdır ki, ən azı əməkdaşlıqda öz simasını qoruya bilsin. Təsadüfi deyil ki, səfər ərəfəsində Özbəkistan XİN “Amerikanın səsi”ni akkreditasiyadan keçirib və Harvardın magistri Novbahor İmamova ABŞ media qurumunu ölkəsində təmsil edəcək. Bundan başqa, səfərdən əvvəl siyasi məhbus, hüquq müdafiəçisi Faxriddin Tillayev həbsdən buraxılıb”.

17.05.2018 15:50 / Baxılıb: 211 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.08.2018
    18.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo