Bu layihə Təhsil Nazirliyi və DİM arasında kompromisə səbəb ola bilər

AZADİNFORM. “Təhsil naziri Ceyhun Bayramovun beynəlxalq olimpiada qaliblərinin istənilən ixtisas üzrə, respublika fənn olimpiadaları qaliblərinin isə qalib olduqları fənlərə uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul edilməsinə dair yeni qanun layihəsinin hazırlanaraq hökumətə təqdim edilməsi barədə açıqlaması nəinki təqdir edilməli, hətta alqışlanmalıdır.

Hesab edirəm ki, belə bir addımın reallaşdırılması təkcə şagirdləri, valideynləri deyil, bütövlükdə bütün təhsil ictimaiyyətini sevindirəcək, məktəbli yeniyetmə və gənclərin elmə, təhsilə marağını, daha da yüksəldəcək, orta ümumtəhsil məktəblərinin ali məktəblərə qəbul üzrə ümumi payda xüsusi çəkisini artıracaq, məktəbə və müəllimə olan inam və etimadı yüksəldəcək, olimpiadalara marağı daha da stimullaşdıracaq, ən başlıcası isə ali məktəblərə qəbul olunanların say artımına da təsirsiz ötüşməyəcək”. Bu fikirləri təhsil eksperti Nadir İsrafilov bildirib. Qeyd edib ki, bu kimi stimullaşdırıcı tədbirlərə sovet dönəmində də geniş yer verilirdi. Məktəbi qızıl medalla bitirənlər digər imtahanlardan azad olunaraq, yalnız bir imtahan verməklə ali məktəbə qəbul olunurdular: “Bu isə orta məktəbə, müəllimin şagird nailiyyətinə verdiyi qiymətə inam və etimadın təcəssümü idi. Sonralar bu kimi ənənələr nədənsə unuduldu. On bir illik zəhmətə, onlarla müəllim əməyinə olan etibarı itirdik, orta ümumtəhsil məktəblərində əldə edilən göstəricilərə biganəlik göstərdik. Bu kimi layihələrin həyata keçirilməsi Təhsil Nazirliyi və DİM arasında qarşılıqlı anlaşma və kompromis yaranması istiqamətində də yeni mərhələ ola bilər”.

Ekspert belə bir qanun layihəsinin hazırlanıb hökumətə təqdim edilməsini nəinki vaxtında, hətta gecikmiş hesab edir və layihənin Milli Məclis tərəfindən birmənalı şəkildə qəbul ediləcəyinə bəri başdan əminliyini bildirir: “Digər stimullaşdırıcı hallara gəlincə isə onu qeyd etmək yerinə düşər ki, hər bir məktəblinin ən böyük arzusu seçdiyi ixtisas üzrə ali məktəbə daxil olmaqdır. Bu mənada beynəlxalq olimpiada qaliblərinin istənilən ixtisas üzrə, respublika fənn olimpiadaları qaliblərinin isə qalib olduqları fənlərə uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul edilməsinin özü belə ilkin olaraq ən böyük üstünlükdür. Digər tərəfdən, onların medal və hədiyyələrlə təltif olunması, bu təltiflərin təntənəli mərasim şəraitində Respublikanın ən tanınmış ziyalıları tərəfindən onlara təqdim olunması, ölkə ictimaiyyəti tərəfindən tanınması da qürurverici hiss olub, onların qalib kimi üstünlük göstəricisidir. Əlbəttə tanınma və fərqlənmə nişanı olaraq şagirdlərin hansı fənn üzrə qalib olduqları barədə attestatlarında hər hansı bir konkret qeydin aparılması və ya buraxılış sənədinin rəng tonlarında fərqləndirici dəyişikliyin edilməsi onların nailiyyətinə verilən ayrıca bir qiymət olardı”.

17.05.2018 12:53 / Baxılıb: 324 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    27.05.2018
    26.05.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo