Doqquz ildən sonrakı tələbəlik və ya tunelin sonundakı işıq...

Orta məktəbi bitirəndə mənim də arzum vardı - ali məktəbdə oxumaq  istəyirdim. Bir çox gənclər kimi. Alaqapının aşağısındakı boşluqdan hər gün poçtalyonun gətirəcəyi qəzetləri gözləyə-gözləyə nə vaxtsa jurnalist olacağımla bağlı xəyallarımı qururdum. Evdə arzuma qarşı çıxan da yox idi.

Atam köhnə "Pobeda”sını 300 km Bakıya sürüb məni qəbul imtahanlarına gətirdi. Gecəni yol gəldik. Yolboyu ürəyimdə  "instituta daxil olmasam, atamın üzünə necə baxacam?” düşüncələri mənə rahatlıq vermirdi. Kitab əlimdən düşmədiyindən, qohum-qonşu da instituta daxil olacağımı səbirsizliklə gözləyirdi.

 

Mənim kimi abituriyentlər minlərlə idi. Növbəti ilə qədər arzularının yolu dəyişənlər, peşə təhsilinə yönələnlər, baş götürüb Rusiyaya gedənlər, ailə quranlar... vardı. Ancaq bir arzuya çatmamaqla bütün həyatın üzərindən gözüyumulu xətt çəkmək heç kimin ağlına gəlmirdi. Həyat yenə öz axarı ilə gedirdi...

 

Qəbul imtahanlarından kəsilməsəm də, instituta daxil ola bilmədim. Onda "balım çatmadı” deyirdilər. Nə gizlədim, bir az qohum-qonşudan, bir az evdəkilərdən utanan kimi idim. Suda boğulan saman çöpündən yapışan kimi, hərdən bəxtimdən, ya şansımdan gileyləndiyim də olurdu. Düzü, "bu il olmasın, gələn il olsun...” təsəlliləri mənim üçün əsil ümidə çevrilmişdi. Atam da hey eyni sözləri deyirdi. Yadımdadır, işdən gələndən sonra mənim əhvalımı nəzərə alıb bizi ailəlikcə dəniz kənarına gəzməyə apardı. Yol boyu da "şükür Allaha, atan sağ, anan sağ, bacı-qardaşın sağ, niyə darıxasan ki? Bu il olmasın, gələn il olsun...” deyirdi. Bundan böyük təsəlli ola bilməzdi. 

 

Atamın özünün ali təhsili yox idi, amma oxumağın insan həyatında yerini yaxşı bilirdi. Zarafat deyildi, təsadüfi qəza üzündən həbs olunan qardaşının məhbəsdə mühəndis kimi təhsil almasına kömək etmişdi. "Qabusnamə”ni, Pənahi Makulinin "Gizli zindan”ını, M.S.Ordubadinin romanlarını, Məhsətinin qəzəllərini, Səməd Vurğunun lirikasını ilk dəfə evimizdə görmüşdüm. Kimsə atamdan aldığı kitabı qaytarmamışdı deyə, arada söylənirdi də. Bəlkə oxumağa ilk həvəsim elə o kitablardan gəlmişdi. 

 

Ancaq instituta daxil olmaq üçün mənə nə az-nə çox - düz 9 il gözləmək lazım gəldi. Arada xəyal qırıqlığına uğrasam da, ümidimi itirmədim. İnsanların öz arzularının və istəklərinin arxasınca getməsinin onları uğura apara bilən ən gözəl yol olduğuna özümü inandırmışdım. Qalmışdı başqalarını inandırmaq. Hansısa kitabdan oxuduğum fikirlər də yaddaşımda iz salmışdı: "Tunelin sonundakı işıq...”.  Bu işığa tapınıb hər il instituta hazırlaşdım, bəzən heç qəbul imtahanlarında iştirak etmədim, amma yenə inamıma güvəndim: "Bir gün instituta qəbul olunacam” ümidini itirmədim. Mənə heç tənə edənlər də olmadı, əksinə, iradəmə, qətiyyətimə qibtə ilə baxdılar. Yaşıdlarım arzularını bəzən ailə, bəzən iş qayğıları ilə dəyişəndə mən istəklərimə əvəz axtarmadım. Qəlbimdə qurduğum xəyallara doğru getdim, onların bir gün gerçək olacağına inandım. İşdən imkan tapdıqca oxudum, imtahanlara hazırlaşdım... 

 

Nəhayət, ilk test imtahanlarında mənim də taleyimə tələbəlik yazıldı. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə - xəyallarımın ali məktəbinə qovuşdum. Səbir, iradə, dözüm, zəhmət sonda qalib gəldi. Mən tələbə idim...

 

İnstituta daxil olanda qohum-qonşunun sevincdən yüyürərək həyətimizə məni təbrik etməyə gəlmələri yadımdadır. Hələ mənimlə birgə illərlə səbir və dözüm göstərən, daim könlümü alan atamla anamın sevinci... İşləyə-işləyə institutu bitirdim. Həyatda arzuya çatmağın yolunun qətiyyətdən, insanın iradəsindən asılı olduğuna təkcə özüm inanmadım, həm də çoxlarını inandırdım. 

 

Bu xüsusiyyət məni sonralar da tərk etmədi: arzular qurmaq, onların ardınca getmək və nə olursa-olsun onların reallaşması üçün çaba göstərmək.  

 

İndi imtahandan yüksək bal toplaya bilməyən gənclərin ümidsizliyə qapılmalarını eşidəndə, intihara əl atmaları xəbərini oxuyanda, öz həyatım göz önümə gəlir. Ali məktəbə qəbul olunmağı az qala bütün həyatla eyniləşdirən gənclərin ümidsizliyinə çöx üzülürəm. İnstituta qəbul olunmamaq həyatın sonu deyil, əksinə, bəlkə hər şeyin başlanğıcıdır. Yeni planlar qurmaq, dolğun ideyalarla yaşamaq, çalışmaq, zəhmətə alışmaq, arzular uğrunda mübarizədir... İnkişafda olan dünyanın yeni trendləri ilə tanış olmaq üçün imkanlardır. Fikirləşmək, düşünmək, yenidən götür-qoy etmək üçün vaxtdır, zamandır, fürsətdir.  

 

Sadəcə, valideynlər də bu dönəmdə övladlarının yanında olsalar yaxşıdır. Hələ bərkiməyən çiyinlərinə əllərini qoymaq, onlara mənəvi dəstək olmaq, arzuya doğru açmaq istədikləri cığırlarda yol göstərmək üçün. Bu dünyada ən kiçik deyil, ən böyük arzuya belə çatmamağın həyatın sonu olmadığını anlatmaq, onları həyata, onun təbii zərbələrinə hazırlamaq üçün. Tunelin sonundakı işığın onları daha böyük yollara qovuşduracağına inandırmaq üçün...


Təranə Məhərrəmova

Əməkdar jurnalist

17.05.2018 11:20 / Baxılıb: 1921 / Çap
 
    Bu bölmədə
    2.10.2018
    Bizim yollar...
     Xəbər lenti
    19.11.2018
    18.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo