Əməkdaşlığın yeni səviyyəsi: Ərdoğanın London səfərinin aktuallığı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Böyük Britaniyaya olan səfərində hər iki ölkə üçün vacib sayılan bir sıra məsələlər müzakirə edilib. İngiltərə ilə Türkiyə arasındakı münasibətlərin yeni geosiyasi şərtlər daxilində hansı istiqamətdə inkişaf edəcəyi maraqlı idi.

R.T.Ərdoğan Londonda apardığı danışıqlarda bu məsələyə aydınlıq gətirdi. Belə görünür ki, Londonla Ankara Avropa İttifaqına üzv olan bəzi ölkələrin antitürkiyə ovqatına baxmayaraq bütün istiqamətlərdə əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdırlar. Hətta strateji xarakter daşıyan məqamların önə çəkilməsindən bəhs edilir. Buraya siyasi, iqtisadi, enerji və hərbi sferalar daxildir. Ekspertlər iki ölkə arasında əlaqələrin inkişafı fonunda qlobal siyasətdə mümkün dəyişikliklərlə bağlı fikir yürüdürlər. Məsələnin bu aspekti üzərində geniş dayanmağa ehtiyac var.


İxtilaf, yoxsa əməkdaşlıq: Ankara-London xəttində hərəkətlilik


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyaya səfər edib. Bunun iki ölkə arasında əməkdaşlığın inkişafı baxımından əhəmiyyətini ekspertlər birmənalı olaraq qəbul edir, bunun iki səbəbini göstərirlər. Birincisi, Böyük Britaniya Avropa İttifaqını tərk edir. "Brexit" prosesi davam edir. London Aİ ilə yollarını ayırmaqda qərarlıdır. Türkiyəni də Brüssel üzvlük məsələsində çox ləngidir, hətta bir sıra Avropa dövlətləri Ankaranı, ümumiyyətlə, təşkilata buraxmağın əleyhinədir. Bunun fonunda Türkiyə-Böyük Britaniya münasibətlərinin məzmunu aktuallıq əldə edir.

İkincisi, Yaxın Şərqdə geosiyasi vəziyyət son dərəcə gərgin səviyyəyə çatıb. Bir tərəfdən, Suriya məsələsi ilə bağlı Qərb-Rusiya qarşıdurması maksimal həddə yüksəlib. Digər yöndən, İranla imzalanmış nüvə sazişi ətrafında Vaşinqton əməlli-başlı böhran vəziyyəti yaradıb. Bunların fonunda yenə də ABŞ rəhbərliyinin səfirliyi Qüdsə köçürməsi ilə bağlı Qəzzə bölgəsində vəziyyət daha kritik hala gəlib. Artıq onlarla dinc insanın həlak olduğu haqqında informasiyalar yayılır.

Bu kimi proseslərin Böyük Britaniya-Türkiyə münasibətlərinə necə təsir edə biləcəyi məsələsi, təbii ki, aktualdır. Ekspertlər R.T.Ərdoğanın Londonda səmərəli danışıqlar apardığını bildirirlər. İki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi barədə razılığa gəlinib. O cümlədən ticarət dövriyyəsini bir neçə dəfə artırmaqla bağlı razılaşma əldə edilib. Belə görünür ki, Ankara Londonla iqtisadi-ticari əlaqələri Aİ-dən asılı olmayaraq ən yüksək səviyyəyə qaldırmaq niyyətindədir. Bunu yaxşı şans hesab etmək olar. Çünki hər iki ölkənin Aİ ilə müəyyən problemləri var və onlar müstəqil olaraq münasibətlər qura bilərlər.

Burada Türkiyə tərəfinin yeni imkanlar əldə etdiyini demək mümkündür. Çünki İngiltərə iqtisadi ilə yanaşı, hərbi sahədə də güclü potensiala malikdir. Türkiyə Prezidenti Baş nazir Tereza Mey ilə danışıqlarda məsələnin bu tərəfinə də diqqət yetirib. Belə təəssürat yaranır ki, London da Türkiyə ilə hərbi əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır.

Türkiyə üçün əhəmiyyətli olan başqa cəhət ölkənin Avropadan təcrid olunma ehtimalını sıfıra endirməsi ilə bağlıdır. Böyük Britaniya Avropanın yüksək inkişaf etmiş ölkəsidir və onun Türkiyə ilə əlaqələri strateji müstəviyə keçirmək arzusu əhəmiyyətlidir. Bu, həm də Avropanın siyasi konyunkturasında vahid antitürkiyə cəbhəsinin yaradılmasına qarşı böyük zərbədir. Həmin aspektdə onu vurğulayaq ki, Azərbaycanın enerji siyasəti də qardaş ölkənin Böyük Britaniya da daxil olmaqla, bir sıra Avropa ölkələri ilə əlaqələrinin inkişafına əlavə təkan verir. Xatırladaq ki, R.T.Ərdoğandan öncə Azərbaycan Prezidenti İlham Əliyev Londona səfər edib və çox uğurlu danışıqlar aparıb. Bu iki məqamı birləşdirdikdə, söhbətin əslində daha geniş əməkdaşlıqdan getdiyini qəbul etməliyik.

Buraya Xəzərin enerji ehtiyatlarından istifadədə Türkiyə-Böyük Britaniya əməkdaşlığı ilə yanaşı, "Yeni İpək Yolu" layihəsi çərçivəsində əlaqələrin inkişaf etdirilməsi də daxildir. Azərbaycan hər iki istiqamətdə Türkiyənin aktiv iştirakının tərəfdarıdır. Deməli, faktiki olaraq strateji əhəmiyyət daşıyan məsələlərin müzakirəsi gündəmdədir. Bu baxımdan R.T.Ərdoğanın Londona səfəri iki ölkə arasındakı əlaqələrin tarixində yeni səhifə aça bilər.

Səfərin regional və qlobal geosiyasi proseslərin dinamikası baxımından da əhəmiyyətini vurğulamaq gərəkdir. R.T.Ərdoğan ingilis jurnalistlərə verdiyi müsahibələrdə bu məqama ciddi yer ayırıb. Türkiyə Prezidenti ABŞ-ın İranla imzalanan nüvə sazişindən çıxmasını müharibəyə təhrik adlandırıb. Çünki bu sazişlə müsbət nəticələr əldə etmək mümkündür. Həmin aspektdə Böyük Britaniyanın, Fransanın, Rusiyanın və Almaniyanın sazişdə qalmaları müsbət haldır. Eyni zamanda, İrandan nüvə silahına malik olmamağı tələb etməyin məntiqsiz olduğunu Türkiyə rəhbəri ayrıca vurğulayıb. Çünki dünyanın bir neçə ölkəsi bu silaha malikdir və hətta onu inkişaf etdirməkdədir.


İkili standartlara "yox": əməkdaşlığın yeganə düzgün yolu


Məhz həmin ölkələrin başqalarına nüvə silahını istehsal etməyi qadağan etməyə çalışması çox anlaşılmayan və hüquqa zidd olan bir şeydir. Əgər kimsə nüvə silahının yayılmasını istəmirsə, ilk növbədə özü onun istehsalını dayandırmalı və əldə olanları məhv etməlidir. Bunun əvəzinə, İsrail də daxil olmaqla, nüvə silahına sahib olanlar öz müdafiə qüdrətləri ilə öyünür, başqalarını təhdid etməkdən çəkinmirlər.

Bu təhdidi hansı nüvə ölkəsi etməyib? Vladimir Putin açıq deyib ki, "Rusiyasız dünya nəyimizə lazımdır", yəni lazım olduqda, dünyanı nüvə silahı ilə məhv edərik. ABŞ rəhbərliyi özlərinin qüdrətli silahı ilə başqalarını dəfələrlə hədələməyibmi? Onlar dünyada hərbə ən çox xərc qoyan ölkələr deyillərmi? London, Paris, Pekin, Təl-Əviv nüvə ölkəsi olaraq daha təhlükəsiz vəziyyətdə olduqlarını bəyan etməyiblərmi?

Bəs belə isə, nəyə görə, məsələn, İranın nüvə silahı olmasın? Tehrana bunu qadağan etmək yuxarıda vurğulanan nüvə ölkələrinin davranışı fonunda tamamilə məntiqsiz görünür. Bunlara görə də Rəcəb Tayyib Ərdoğanın iradı tam yerindədir.

Türkiyə Prezidenti ABŞ-ın öz səfirliyini Qüdsə köçürməsinə sərt reaksiyasını Londonda da ifadə edib. Böyük Britaniya isə bəyan edib ki, səfirliyini Qüdsə köçürməyəcək. Amerika faktiki olaraq bu məsələdə tək qalıb. R.T.Ərdoğan məsələnin böyüyərək regionda müharibə yarada biləcəyini belə ifadə edib. Bu kontekstdə o, Vaşinqtonun Suriyada YPG və PYD-yə dəstəyini davam etdirməsinin çox təhlükəli olduğunu ayrıca vurğulayıb. Türkiyənin qarşısını ABŞ da bu məsələdə kəsə bilməz. Lazım gəlsə, terrorçuların yanında dayanan başqa qüvvələr də hədəfə çevrilə bilərlər.

Türkiyənin dövlət başçısı Rusiya və İranla olan əməkdaşlıqla bağlı da fikrini ifadə edib. O, NATO-dakı müttəfiqlərinin Türkiyəyə lazım olan silahları vermədiyindən Rusiya ilə S-400 sistemləri ilə bağlı müqavilə imzaladıqlarını deyib. Türkiyə rəhbəri açıq bəyan edib ki, bu məsələ bitib, həmin silahlar alınacaq. Eyni zamanda, Suriyada İran və Rusiya ilə əməkdaşlığı Qərbdə bir sıra sözdə müttəfiqlərin regionda antitürkiyə fəaliyyətində olması ilə bağlıdır. Konkret olaraq ABŞ Suriyada terrorçularla əməkdaşlığa üstünlük verdi. Rusiya isə Ankara ilə addımlar atmağı seçdi. Ona görə də Sürix prosesinə Astana prosesi də əlavə olundu. Türkiyə bu mövqeyini dəyişmək fikrində deyil. O, öz dövlət maraqlarına uyğun olan siyasət aparmaqda qərarlıdır.

Bütün bunlar R.T.Ərdoğanın Böyük Britaniyada faktiki olaraq dünya siyasətinin bütün aktual problemlərinə münasibət bildirdiyini göstərir. Belə görünür ki, Ankara qlobal miqyasda söz sahiblərindən biri statusunu alıb. Londonda Türkiyənin dövlət başçısı qətiyyətlə bəyan edib ki, Türkiyə yalnız milli maraqları çərçivəsində hərəkət edir və bundan sonra da edəcək. Bu məsələdə kimsəyə güzəşt etmək fikrində deyil. Eyni münasibət ölkənin daxili vəziyyətinə də aiddir.

Jurnalistlərin iyunun 24-də keçiriləcək növbədənkənar prezident və parlament seçkiləri ilə bağlı suallarına Türkiyə rəhbərinin verdiyi cavablardan bu, aydın görünür. R.T.Ərdoğan seçkinin tarixinin Türkiyənin dövlət maraqlarına uyğun müəyyənləşdirildiyini və bu mənada opponentlərə "meydana buyurun" mesajı verildiyini ifadə edib. Seçkidə kim qalib gələcəksə, onu təbrik edəcəyini bildirən R.T.Ərdoğan, əslində, "Cümhur İttifaqı"nın təmsilçisinin şansının çox olduğuna işarə edib. Bu marafonda kimlərin hansı siyasi düşərgəni seçməsi öz işidir, lakin sonda Türkiyənin maraqlarının qalib gələcəyinə də əminliyini R.T.Ərdoğan bəyan edib. Yəni söhbət faktiki olaraq Türkiyənin daxili siyasi durumunun istənilən variantda sabit qalacağından gedir. Kimsə ölkəni qeyri-müəyyənliyə sürükləyə bilməz.

Beləliklə, Türkiyə Prezidentinin Böyük Britaniyaya səfəri sözün tam mənasında çox uğurlu alınıb. Gözləmək olar ki, iki ölkə arasında siyasi, iqtisadi, ticari və energetika sahəsində əlaqələr yeni səviyyəyə yüksələcək. Türkiyə Avropanın ən güclü dövlətlərindən biri ilə strateji əməkdaşlığına yeni məzmun gətirəcək. Bunun da qlobal təhlükəsizliyə ciddi töhfələr verəcəyi qənaətini əldə etmək olar.


Newtimes.az

16.05.2018 15:20 / Baxılıb: 188 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.10.2018
    21.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo