Kapitan Qrantın uşaqları

Elmi fantastika janrının atası, ölməz yazıçı Jül Vernin “Kapitan Qrantın uşaqları” əsəri dünya macəra ədəbiyyatının şah əsərlərindən sayılır. Bu əsəri oxumayan çətin tapılar. 

Amma mövzumuz onunla bağlı deyil. Biz tamam başqa Qrantın uşaqlarından danışmaq istəyirik. Bu Qrant həzrətləri ilə xalqımızın ilk tanışlığı Sovet İttifaqının dağılmasından sonra müstəqil respublika kimi yaşamağa çalışdığımız ilk dövrlərdən başlayır.

İttifaqın dağılmasından sonra qlobal güclərin, böyük dövlətlərin keçmiş Sovet respublikalarına hücümu başladı. Respublikamızda saysız hesabsız siyasi partiyalar, dini icmalar, etnik birliklər və sair qeyri-hökumət təşkilatları... Və sayı-hesabı bilinməyən media orqanları yaranmağa başladı.

Adam lap məəttəl qalırdı - kiçik bir respublikada bu qədər çox sayda mətbu orqan və ictimai təşkilat nəyə və kimə lazımdır? Ölkənin, xalqın maliyyə-iqtisadi vəziyyəti son dərəcə ağır olduğundan bu qədər təşkilatı, qəzeti, icmanı kimin maliyyələşdirdiyi sual doğururdu.

Artıq 90-ların ortalarından bilməyənlərə də aydın oldu ki, belə təşkilatların yaranması, cəmiyyətin monolit formasından çıxaraq saysız siyasi, dini, etnik qruplara bölünməsi hansı xarici mərkəzlərə və niyə sərf edirmiş. Pullar hardan və necə gəlirmiş. 

Qrant adlandırılan bu çirkli pulları mədəni formalara salıb müxtəlif bəzəkli adlar altında ölkədəki qulbeçələrinə göndərirdilər. Nə bilim, demokratiyanin inkişafı naminə, vətəndaş cəmiyyəti uğrunda, hüquqi dövlətə doğru, qadın azadlığı, tolerantlıq mədəniyyəti və s. adlarla.

Ölkə boyu beynəlxalq təşkilatların seminar, treninq, konfrans və sair bu kimi tədbirlərinin sayı-hesabı yox idi. Belə tədbirlərə əsasən aktiv gənclər dəvət edilir və onların beyninin yuyulması üçün peşəkar əcnəbi mütəxəssislər təlim keçirdi. Hətta, fərqlənənləri xarici səfərlərə aparıb orda Qərbin “demokratik”, “zəngin” mənzərələrini onlara nümayiş etdirirdilər ki, “lazimi” təfəkkürə yiyələnsinlər. Buna xüsusi xidmət orqanlarında “verbovka” da deyilir.

Təsəvvür edin, ölkədə qeydiyyatdan keçmiş dini icmaların sayı 300-ü, siyasi partiyaların sayı 100-ü, qeyri-hökumət təşkilatlarının sayı 3000-i, media orqanlarının sayı isə 5000-i keçib. Bu ilk baxışda demokratiyanın təntənəsi kimi görünə bilər. Amma alt qatlarda məsələ bir az başqa cürdür. 

Gəlin görək, bu quruluşların neçəsi xalqın problemlərini həll etmək üçün, cəmiyyəti obyektiv məlumatlandırma və maarifləndirmə üçün, mənəvi dəyərlərin qorunması üçün fəaliyyət göstərir. Çox az sayda olar.

Dövlət ölkə QHT-lərinin, mətbuatının xarici dairələrdən asılı vəziyyətə düşdüyünü görəndə, hər sahədə bir fond yaratdı ki, onların cəmiyyətin inkişafı naminə fəaliyyətlərini özü maliyyələşdirsin, gözləri onun-bunun əlində qalmasın. 

İndi gələk politoloqlara, iqtisadçılara, sosioloqlara, psixoloqlara, ilahiyyatşünaslara, digər sahələrdə “müstəqil” ekspertlərə. Heç kim bilməsə də, jurnalistlər yaxşı bilir ki, hər hansı bir siyasi, iqtisadi, sosial, dini problemlərin araşdrılması üçün obyektiv ekspert tapıb rəy almaq necə müşküldür. Mütləq, hansısa böyük dövlətin və ya təşkilatın maraq və mənafeləri baxımından yanaşacaq məsələyə.

Yeri gəlmişkən, elə jurnalistlərin arasında da bu qrantlardan, çirkli və gizli pullardan bəhrələnən xeylisi var. Onların yazılarından bu mükafatların təsiri necə də aydın hiss olunur...

Biri Qərbin mənafeyindən çıxış edəcək, biri Türkiyənin, o biri İranın, digəri Rusiyanın... Ya da biri hakimiyyətin tərəfindən çıxış edib “ağa da ağ”, “qaraya da ağ” deyəcək, o biri müxalifətin maraqlarından çıxış edib “qaraya da qara”, “ağa da qara” deyəcək. 

Ya da, öz ölkəsini, xalqını, dövlətini şərləyib, ləkə yaxan, bunun müqabilində Avropa ölkələrindən sığınacaq alaraq yaxşı yaşayacağını güman edən, lakin burada xarici dövlətlərin xüsusi xidmət orqanları, erməni lobbisinin təsirinə düşən adamların dediklərinə xalq necə inana bilər ki?

Necə deyərlər, pulu kim verirsə, mahnını da o sifarişi edir. “Kapitan Qrant”ın nökərlərini tanımaq elə də çətin deyil, çətin olan onları bu rəzil vəziyyətdən xilas etmək, ya da heç olmasa gənclərin onların təsirinə düşüb aldanmasının qarşısını almaqdır.


Elçin Bayramlı

16.05.2018 13:20 / Baxılıb: 1968 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.07.2018
    18.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo