Kəndirdə yellənən gələcək

Ali məktəbə qəbul imtahanından kəsilən abituriyentlərin intiharı cəmiyyətdə və mediada bomba kimi partladı. Sosial şəbəkələrdə qızğın müzakirələr başladı, müxtəlif səbəblər göstərildi, fərqli çıxış yolları irəli sürüldü... 

Lakin bu tendensiya hər il davam edir, problem isə həll olunmaq əvəzinə daha da kəskinləşir...


Sosial, yoxsa psixoloji problemlər?


Sosioloq və psixoloqların bu məsələdə mövqeyi yekdil deyil.  Ekspertlərin bir hissəsi azyaşlıların intiharının sosial səbəblərdən, digər qismi isə mənəvi-psixoloji səbəblərdən baş verdiyini düşünürlər. 

Əvvəlcə, problemin sosial tərəfindən baxaq, görək problem həqiqətən də yoxsulluqla bağlıdırmı? 

Beynəlxalq statistika göstərir ki, intiharlar, o cümlədən uşaq intiharlarının yüksək səviyyəsi daha çox inkişaf etmiş ölkələr sayılan Norveç, Yaponiya, İsveç, ABŞ, Almaniyada qeydə alınır. Əksinə, ən az intiharlar yoxsulluq içində yaşayan ölkələrdə -  bir çox Afrika və Asiya ölkələrində müşahidə olunur. 

Burda qeyd etmək yerinə düşər ki, II Dünya Müharibəsi illərində intiharlar ən aşağı səviyyədə qeyd alınıb. Uşaq intiharları daha çox imkanlı ailələrin uşaqları arasında olur. Nəticə etibarilə, problemi “kasıbçılıq” qədər bəsitləşdirmək gördüyünüz kimi doğru deyil.

İndi problemin digər tərəfinə - mənəvi-psixoloji aspektlərinə nəzər salaq. İntihar etmiş uşaqların bir çoxunun əvvəldən yazıb qoyduğu məktubları analiz edəndə məlum olur ki, onlar heç də ağır maddi problemlərdən, istədikləri yeməkləri, paltarları əldə edə bilməmələrindən, hansısa maraqlı əyləncələrinin olmamasından yox, sırf laqeydlik, soyuqluq, təhqir olunma, zorlama, qaçırılma, döyülmə kimi mənəvi-psixoloji təzyiqlərdən bu yolu seçiblər. 

Fikrimizcə, burada əlavə şərhə ehtiyac yoxdur. Əsas səbəb gün kimi aydındır.


Kimdir günahkar?


Hər hansı bir cəmiyyətdə uşaqların özünü öldürməsi o cəmiyyətin artıq mənəvi baxımdan tənəzzülə uğramasının göstəricisidir. İndiyə qədər maddi sahələrə o qədər diqqət ayırmışıq ki, mənəvi məsələlər arxa plana keçib. Əvvəllər əksinə idi deyə, belə hallar demək olar ki yox idi. Son dövrlərdə cəmiyyətdə, hətta ailə daxilində zorakılıq və qətllərin sayı artır. Bu gərgin mühitdə böyüyən uşaq təbii ki, normal psixologiyaya malik olmayacaq, mənəvi problemləri olacaq. 

Ailə şəxsiyyəti, fərdi cəmiyyətə hazırlayan xüsusi məktəbdir. Normal bir ailədə, normal şəkildə, qaydalara, tələblərə uyğun böyüdülən uşaq cəmiyyətə də yararlı olacaq, xeyirli vətəndaş olacaq. Gərgin münasibətlər olan ailədə böyüyən uşaq isə intiharlar barədə daha çox düşünür. Hələ nəzərə alsaq ki, ailə institutumuz dağılmağa doğru gedir, onda bu statistikanın getdikcə artacağını düşünmək olar. 

Əgər valideynlər ağıllı olsa, öz uşaqları ilə daha çox maraqlansa, onlara vaxt ayırsa, düzgün tərbiyə versə belə hallar olmayacaq. Bu cür ailələrdə heç vaxt intihar halına rast gəlinmir. Əksinə, uşaq və gənclərin intiharının 90 faizindən çoxunda problemin ailədən, valideynlərdən qaynaqlandığı ortaya çıxır.


İntiharların artmasında TV və internetin rolu


Burada əsas səbəblərdən biri də, uşaq və yeniyetmələrin ətrafdan aldıqları zərərli informasiyalardır. Məlum olduğu kimi, indi hər evdə sputnik antena, DVD-pleyer, kompüter, internet var. Aqressiv planlı, qorxu yaradan tele-istehsallar yayımlanan kanalların sayı-hesabı yoxdur, internetdə azad şəkildə milyonlarla belə filmlər tapmaq olur, plagiat disklər və kasetlər hər yerdə qəpik-quruşa satılır. 

Nəzarətsiz buraxılan uşaq istədiyi vaxt istədiyi şeyi izləyə bilir. Baxdığı proqramlar və filmlər onun alt şüuruna həkk olunur və psixologiyasını formalaşdırır.

Müasir bədii və cizgi filmlərin əksəriyyəti yalnız və yalnız həyata, insanlara nifrəti aşılayır. Bəzi filmlərin sonunda da qəhrəman intihar edərək canını hər şeydən “qurtarır” və “əbədi rahatlıq tapır”. Bütün bunlara baxan yeniyetmə və uşaq da bunu təkrarlamağa meylli olur. 

Ağıllı valideyn uşağını bu qlobal psixtron terrordan qorumağa məcburdur. Uşağına nəzarət etməyən, onu düzgün yola yönləndirməyən valideynlər intiharların əsas səbəbkarlarıdır.


İntihar faktına görə kim cəzalandırlmalıdır?


İntihar edən azyaşlını özünü öldürmə həddinə çatdırma faktları da az deyil. Özünü öldürmə dərəcəsinə çatdırma Cinayət Məcəlləsində ayrıca bir maddə kimi nəzərdə tutulub.

Özünü öldürmə dərəcəsinə çatdırma konkret o hallarda tətbiq olunur ki, cinayəti törədən şəxs zərərçəkənin qanunla qorunan hüquq və mənafeyinə birbaşa qəsdlə zərbə vurur, onu mənəvi-psixoloji təzyiqə məruz qoyur. Bir sıra intihar hallarında bu pozuntuya rast gəlinir. Sadəcə, həmişə intihar hadisələrində hadisənin əsl səbəbini müəyyənləşdirmək olmur, çünki intihar hadisələrində özünəqapanmanın təsirindən hadisənin əsl səbəbini tapmaq çox çətin olur.

Misal üçün, ali məktəbə qəbul imtanından keçə bilməyən uşağa valideynlərin və yaxınlarının qınayıcı təsiri elə səviyyədədir ki, bu uşaqda psixoloji sarsılma baş verir. Əslində fiziki zorakılıqdan daha təhlükəli olan mənəvi zorakılıqdır ki, çox vaxt buna əhəmiyyət verilmir. Ona görə də, hesab edirik ki, intihar faktında belə hal aşkarlanarsa, bunu edən şəxslər ağır cəzalandırılmalıdır. İstər valideyn olsun, istərsə də digər şəxslər.


Bu prosesi dayandırmaq üçün heç nə edilmir


Bu problemin qarşısının alınması üçün nə dövlət, nə də vətəndaş cəmiyyəti tərəfindən ciddi işlərin həyata keçirildiyini söyləmək olmaz. Bu haqda monitorinqlərə, tədqiqatlara və maarifləndirici tədbirlərə demək olar ki rast gəlinmir.

Hüquq-mühafizə orqanlarından və Dövlət Statistika Komitəsindən tendensiyanın səbəbləri, miqyasi və nəticələri haqda qanedici məlumatlar almaq praktiki olaraq mümkün deyil. Bu sahəyə birbaşa məsul olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi son vaxtlar uşaqlar arasında intihar hallarının artmasını problem kimi qəbul edir, lakin bu problemin aradan qaldırılması üçün praktiki addımlar ata bilmir. 

Uşaq intiharı uşaqların böyüklərə etirazının ən sərt və ən dəhşətli formasıdır. Bəzi uşaqların ölümündən əvvəl yazıb qoyduğu məktublar isə, gələcəyini qoruya bilməyən cəmiyyət üçün ən ağır təhqirdir.


Elçin Bayramlı

Bu məqalə Beynəlxalq Mətbuat Mərkəzi tərəfindən AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının “İnternet informasiya resurslarında, o cümlədən sosial şəbəkələrdə milli maraqların müdafiəsi istiqamətində fəaliyyətə dair təşəbbüslərə dəstək” layihəsi çərçivəsində hazırlanıb. 


15.05.2018 16:02 / Baxılıb: 763 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    27.05.2018
    26.05.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo