DİM KİV-i kontekstdən çıxarılmış statistik göstəricilərə görə qınadı

Adəm Abbaslı/AZADİNFORM. Bu günlərdə Dövlət İmtahan Mərkəzi tərəfindən 2017-ci ildə tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinin elmi-statistik təhlilinin əks olunduğu “Abituriyent” jurnalının 12 nömrəli buraxılışı nəşr olunub. Dövlət İmtahan Mərkəzi daim bu sahədə ictimaiyyətin hərtərəfli məlumatlandırılmasına, qəbul prosesinin şəffaflığının təmin edilməsinə, təhsil ictimaiyyətinin bu prosesinin idarə olunmasında iştirakına, bu sahəyə ictimai nəzarətin təşkilinə böyük önəm verib.

Azadinform xəbər verir ki, bu sözlər DİM-in Kütləvi İnformasiya Vasitələrinin nümayəndələrinə etdiyi müraciətdə yer alıb.

Müraciətdə qeyd olunur ki, 20 ildən artıqdır ki, çoxsaylı mütəxəssislərin gərgin əməyi sayəsində tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlili aparılır, təklif və tövsiyələr bildirilir: “Təhlil elmi-statistik xarakter daşıdığından burada müzakirə obyekti daha çox aydın müqayisəli nəticələrə əsaslanmalı, kontekstdən çıxarılmış statistikaya söykənməməlidir. Nəticələr ilk növbədə mütəxəssislər tərəfindən elmi müstəvidə müzakirə olunmalıdır”.

DİM bildirir ki, elmi-statistik tərəfdən bu təhlilə diqqətlə baxdıqda onu görə bilərik ki, istər buraxılış, istərsə də qəbul imtahanlarında son 5 il ərzində davamlı müsbət dinamika müşahidə olunur.

Mərkəz bunun üçün sadəcə olaraq əvvəlki illərlə müqayisədə təhlilə diqqətlə baxmağın kifayət olduğunu bildirib: “Təəssüflə qeyd etmək istəyirik ki, bir çox hallarda bəzi media qurumları kontekstdən çıxarılmış statistik göstəriciləri təqdim edir, bununla da cəmiyyətdə yanlış təsəvvür, ajiotaj yaratmağa çalışırlar”.

Dövlət İmtahan Mərkəzi media qurumlarından bunları xahiş edib: “Tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlilinə peşəkar media güzgüsündə baxsınlar".

15.05.2018 14:29 / Baxılıb: 156 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    27.05.2018
    26.05.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo