Hava limanlarında veriləcək vizaların rüsumu müəyyənləşib

"ASAN Viza" vasitəsilə hava limanlarında 15 dövlətin vətəndaşlarına veriləcək vizaların rüsumu müəyyənləşib. 

"ASAN xidmət"in sədri Ülvi Mehdiyev deyib ki, Yaponiya vətəndaşları üçün hava limanlarında "ASAN Viza" pulsuz olacaq, Türkiyə vətəndaşları üçün rüsum 11 dollar təşkil edəcək. 

Qalan ölkələrin vətəndaşları üçün hava limanlarında "ASAN Viza" rüsumu 26 dollardır. 
Sədr bildirib ki, 
2017-ci ilin yanvarından indiyə kimi "ASAN Viza" vasitəsilə 430 mindən çox əcnəbiyə viza verilib: "Bu gündən 15 dövlətin vətəndaşlarına Heydər Əliyev hava limanında "ASAN viza"ların verilməsinə başlanıb. Yaxın müddət ərzində ölkəmizdəki digər beynəlxalq hava limanlarında da "ASAN Viza"lar veriləcək. Əvvəllər də hava limanlarında vizaların verilməsi həyata keçirilib. Lakin yeni sistemin fərqi insan amili tamamilə aradan qaldırılmasındadır. Əcnəbilər terminallara yaxınlaşaraq, pasport məlumatlarını yükləməklə maksimum 2 dəqiqə ərzində viza alaraq ölkəyə daxil ola biləcək. Sistem şəffaf və avtomatikdir". 

Qeyd edək ki, bu gündən "ASAN Viza" vasitəsi ilə Heydər Əliyev adına Beynəlxalq Hava limanında əcnəbilərə vizaların verilməsinə başlanılıb. 15 ölkənin - Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Çin, İran, İsrail, İndoneziya, Küveyt, Qətər, Malaziya, Oman, Səudiyyə Ərəbistanı, Sinqapur, Türkiyə və Yaponiya vətəndaşları üçün birbaşa vizaların verilməsi təmin ediləcək.

Xatırladaq ki, "ASAN Viza" portalı vasitəsi ilə 95 ölkəyə elektron viza verilməsi təmin edilir. Portal vasitəsilə viza rüsumunun məbləği 20 dollardır. Bütün sistem tam avtomatlaşdırılıb və mövcud  elektron viza sistemi vasitəsi ilə ölkəyə gəlməzdən əvvəl 3 gün (standart) və 3 saat (təcili) ərzində vizaların verilməsi www.eviza.gov.az saytı vasitəsi ilə həyata keçirilir. (apa)

15.05.2018 10:10 / Baxılıb: 209 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    26.05.2018
    25.05.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo