Milli dəyərləri necə qoruyaq?

Milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün də öz aktuallığını qoruyub saxlayır. Çünki bu dəyərlərin xalqımızın formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu var. Bu gün milli dəyərlərimiz elliklə, bütün xalq tərəfindən, dövlətin öz himayəsi altında qorunur və daha da inkişaf etdirilir.

İnsanların mənəviyyatı, əxlaqi normaları və baxışları ilə bağlı olan milli-mənəvi dəyərlərin yaradıcısı xalqdır. Xalqın mövcudluğunun əsas göstəricisi olan milli-mənəvi dəyərlər onun ən qiymətli sərvətidir. Hər bir xalq milli-mənəvi dəyərlər sisteminə malikdir. Bu milli-mənəvi dəyərlər bizim tariximiz, dilimiz, dinimiz, adət-ənənələrimiz, mentalitetimiz, mədəniyyətimiz, ədəbiyyat və incəsənətimizdir.

Mənəvi dəyərlər insanı cəmiyyətdə formalaşdıran, inkişafa kömək edən davranış qaydalarıdır. Bu qaydalar dünya sivilizasiyasının təməli qoyulandan yaranmağa başlayıb. Dəyərlərin formalaşması prosesi nəticəsində dünyada hər bir fərdin haqlarını daha dolğun təsdiq edən xüsusiyyətlər yaranır.

Hər bir Azərbaycan vətəndaşının da başlıca vəzifəsi milli-mənəvi dəyərlərimizi qloballaşma dövrünün mənfi tendensiyalarından qorumaq, xalqımızın min illər boyu yaratdığı zəngin tarixi-mədəni irsi gələcək nəsillərə olduğu kimi çatdırmaq üçün səy göstərmək olmalıdır. Hər bir mövzu öz aktuallığı ilə seçilir, məhz milli-mədəni dəyərlər mövzusunda da təbliğat vacibdir. Bu təbliğat geniş şəkildə aparılsa, vətəndaşlarda tarixi yaddaş daha da güclənər. Tədris müəssisələrində, bir çox intellektual səviyyəli tədbirlərdə, televiziya verilişlərində peşəkar, tanınmış incəsənət xadimləri ilə görüşlərə böyük mənəvi ehtiyac var. Kütləvi İnformasiya Vasitələrində buna xüsusi diqqət yetirilməlidir. Çünki çox zaman qeyri-peşəkar insanların incəsənət sahəsindəki fəaliyyətinə geniş yer ayrılır. Bu isə tamaşaçılarda estetik zövqün formalaşmasına, mənəviyyatın zənginləşməsinə mane olur. Azərbaycan gəncləri xalqın milli-mənəvi dəyərlərinin digər xalqlar tərəfindən mənimsənilməsinin qarşısını almaq üçün öz səylərini, mübarizəsini efir, mətbuat, xarici telekanallar vasitəsilə açıq şəkildə bəyan etdirməlidirlər. Xalq öz milli ruhunu, mənəvi dəyərlərini, əxlaqi keyfiyyətlərini qoruyub yaşadanda, inkişaf etdirib gələcək nəsillərə çatdıranda böyük və qüdrətli olur. Milli ruhumuzu və mənəvi dəyərlərimizi bütün çalarları ilə özündə əks etdirən şifahi ədəbiyyatımızı-dastanlarımızı, nağıllarımızı, bayatılarımızı, laylalarımızı və s. toplayıb çap etdirmək, onlara yeni həyat vermək, təbliğ etmək ən böyük xeyirxahlıqdır, eyni zamanda vətəndaşlıq borcudur.

Milli-mənəvi dəyərlərimiz xalqımızın simasında zaman-zaman yaşayıb və bizi başqa millətlərdən fərqləndirib. Mənəvi dəyər özünün fiziki və mənəvi varlığını qoruyub saxlamaq, yaşatmaq üçün hər hansı sosial qrup və ya cəmiyyətin əksər üzvlərinin doğru və lazımlı olduğuna inanıb qəbul etdikləri ortaq dünyagörüş, məqsəd, əxlaq normaları və inanclardır. Bu gün  dövlətin hər cür resurslardan səmərəli istifadə yolları ilə  formalaşdırmağa çalışdığı başlıca dəyərlər bunlardır: ədalətli olmaq, ailə birliyinə önəm vermək, vətənsevərliyi aşılamaq, qanunlara hörmət, dinə hörmət, eyni zamanda, tolerantlıq, çalışqanlıq, qonaqsevərlik, yardımsevərlik... Bu dəyərlərimizin qorunub gələcək nəsillərə çatdırılması üçün bugünkü mühit daha çox əlverişlidir. Çünki bu gün sosial media bütün ölkələrin həm maraq dairəsindədir, həm də informasiyanın daha operativ yayılması baxımından xüsusi əhəmiyyət kəsb edən bir məkandır.

Sosial şəbəkələrdə Azərbaycan həqiqətlərinin təbliği ilə bağlı danışan millət vəkili Hikmət Babaoğlu bildirib ki, hazırkı dövrdə informasiya hər şeyi həll edir: “Bu gün informasiya cəmiyyəti özünəməxsus bir hakimiyyət formalaşdırır. 4 iyul 2017-ci il tarixdə Füzuli rayonunun Alxanlı kəndində baş vermiş hadisə informasiyanın sosial mediada tutduğu mövqeni açıq şəkildə ortaya qoydu. Həmin tarixində Zəhra balanın ermənilər tərəfindən amansızlıqla qətlini xüsusən, gənclərimiz müəyyən statuslarla, başlıqlarla müxtəlif dillərə tərcümə edərək sosial şəbəkələrdə paylaşımlar etdilər. Bu çox vacib və doğru addımlar idi. Bunun sayəsində səfirliklər, qonşu dövlətlər məsələyə biganə qalmadı və öz mövqelərini ortaya qoydular. Və nəticədə 3 gün sonra ATƏT-in Minsk qrupu həmsədrləri verdikləri ilkin bəyanata düzəliş etdilər. Düzdür, bu bizi tam qane etməsə də, amma hər halda əvvəlkindən qat-qat fərqləndi”.

Psixoloq Elnur Rüstəmov müsahibələrinin birində qeyd edib ki, milli-mənəvi dəyər anlayışını gənclərə təlqin etməyin müxtəlif üsulları var: “Örnək olaraq qardaş ölkə Türkiyəyə baxmağımız yetərlidir. Türkiyə Avropaya bizdən daha tez inteqrasiya edib. Lakin bununla yanaşı, onlar üçün mühüm olan ilk növbədə vətənpərvərlik və milli-mənəvi dəyərlərdir. Onlar vətənpərvərliyi təkcə müharibə etməkdə görmürlər. Onlar gənclərdə bayrağa, vətənə, millətə sevgini kiçik yaşlarından aşılayırlar. Onlar bununla bəzi şeylərin müharibəsiz də mümkün ola biləcəyini dünyaya bəyan edirlər. Bu gün Azərbaycan gəncinə milli-mənəvi dəyərlərimiz təlqin edilməlidir.  Düşmən zatən bəllidir. Ona görə də bu istiqamətdə hər bir gənc öz üzərinə düşən vəzifəni yerinə yetirməli olduğunu dərk etməlidir. Əgər bu gün gənclərimizin bir hissəsi cəbhədə vuruşursa, digər bir hissəsi elm, təhsil sahəsində irəli getməlidir. Hər kəs əlinə silah ala bilməz. Ancaq hər kəs olduğu yerdə öz dövlətini, dəyərlərini müxtəlif üsullarla müdafiə edə bilər. Mühüm olan gənclərimizə bunun öyrədilməsidir. Bu gün dünyanın bir çox ölkələrində gənclərimiz təhsil alır, işləyir. Onlar bizim milli-mənəvi dəyərlərimizi dünya müstəvisində tanıtmalıdır. Bunun üçünsə valideynlər öz övladlarına bu ruhda, bu istiqamətdə tərbiyə verməyi bacarmalıdır. Uşaq öz dövlətini, bayrağını tanımalı, adət-ənənəsinə, milli dəyərlərinə yaxından bələd olmalıdır”.

Milli-mənəvi dəyərlərimizin kökü əməli-salehlik, əxlaqi saflıq, mənəvi təmizlik, halallıq, gözütoxluq, xeyirxahlıq və mərdanəlikdir. Bunların hamısının zirvəsində isə adil vicdan dayanır. Hər xalqın öz adət-ənənəsi, öz milli-mənəvi və dini dəyərləri var. Biz öz milli-mənəvi, dini dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik. Xalqımız yüz illərlə, min illərlə adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi yaradıb və bunlar indi bizim cəmiyyətin mənəviyyatını təşkil edən əsas amillərdir. Ona görə bütün bunları sosial platformalarda təbliğ etmək, yalnız dövlətə və cəmiyyətə xeyir verə biləcək informasiyaların yayılması zərurətini aşılamaq ön cərgədə dayanan məsələlərdəndir.


Ləman Hüseynzadə

Bu məqalə Beynəlxalq Mətbuat Mərkəzi tərəfindən AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının “İnternet informasiya resurslarında, o cümlədən sosial şəbəkələrdə milli maraqların müdafiəsi istiqamətində fəaliyyətə dair təşəbbüslərə dəstək” layihəsi çərçivəsində hazırlanıb. 

14.05.2018 17:03 / Baxılıb: 817 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.08.2018
    20.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo