Məktəbsiz rejissorlar fəaliyyət göstərir Filmlərə tamaşaçı marağının azalma səbəbləri

Azərbaycanda kino sənətinin tarixi 1898-ci il avqustun ayının 2-dən başlayır. O gündən bu vaxta qədər ölkəmizdə sayı hesabı olmayan filmlər çəkilib. Bu gün də kifayət qədər yeni filmlər istehsal edilir. Çəkilən filmlərin sayca çoxluq təşkil etməsinə baxmayaraq, tamaşaçıların əksər faizi bu filmləri səmimi qəbul etmirlər.

Səmimi qəbul edilməmənin səbəbi kimi isə Sovet dövründə çəkilən filmlərlə indiki filmlər arasında olan fərqləri göstərirlər. Ərsəyə gətirilən filmlərin əksər hissəsi XIX əsrdə çəkilən filmlərlə müqayisədə maraqla izlənilmir. Bu gün çəkilən filmlərdə daha çox sünilik özünü qabarıq şəkildə göstərir. Sovet dövründə istehsal olunan filmlərdə olan bir çox xüsusiyyətləri əfsuslar olsun ki, indi görə bilmirik. Hətta deyərdik ki, hər hansı bir televiziya kanallarında o dövrə aid kinoların verilməsini həsrətlə gözləyən insanlar var. Təkcə köhnə filmlər deyil, eyni zamanda xarici filmlər də ön sıralarda yer tutur. İstər yaşlı, istərsə də gənc nəslin nümayəndələri daha çox xarici filmləri izləməyi üstün tuturlar. Bu ölkəmizin hər yerində müşahidə olunur. Hətta rayon sakinləri xarici filmləri izləmək üçün əlavə ötürücü avadanlıqlar da alırlar. Əhalinin çox az hissəsi ölkədə istehsal olunan filmlərə maraq göstərirlər.

Azadinform mövzunu araşdırarkən ilk öncə tamaşaçı fikrini öyrənməyi qərara aldı.


Tamaşaçılar müasir filmləri necə qiymətləndirirlər?


Tamaşaçı qismində Azadinform-a öz fikirlərini bildirən Rasif Həsənov qeyd edib ki, müasir filmlər mentalitetə uyğun çəkilmir. Onun sözlərinə görə, indiki filmlər demək olar ki, hamısı eyni mövzuları əhatə edir: Eyni zamanda ailəvi baxılası filmlər istehsal olunmur. Televiziya auditoriyasına uyğun olmayan ifadələr səsləndirilir. İndiki filmlər uşaqların psixologiyasına da təsir edir. Məsələn, valideyn evdə yoxdur və uşaq hər hansı bir müasir filmi izləyir. O uşaq həmin filmi öz başa düşdüyü kimi qavrayacaq. Bu da uşaqların düşüncələrində müəyyən problemlərə yol açır. Mən hər zaman öz övladlarıma sovet dövründə istehsal olunan filmləri izləməyi tövsiyə edirəm. Çünki o filmlərin əsasını maarifləndirici mövzular təşkil edir.

R. Həsənov əlavə edib ki, həm aktyor baxımından, həm də mövzu baxımından əvvəlki filmlərin effektini görə bilmirik: Bəzən elə olur ki, tamaşaçı film izləyərkən müsbət aura ala bilmir. Təəssüf ki zövqə uyğun film izləyə bilmirik. Filmlərdə elə nüans olur ki, aktyorun özü ilə yanaşı apardığı rol da gözdən düşür.

R. Həsənov belə düşünür ki, müasir filmlərə kino sektorunda öz sözünü demiş aktyorlar çəkilsələr daha maraqla izlənər. O, peşəkar aktyorların indiki filmlərə çəkilməməsinin səbəbi kimi maliyyə azlığını göstərdi: Ötən il film çəkilişləri üçün dövlətimiz tərəfindən televiziya kanallarına külli miqdarda pul ayrıldı. Amma bütün bunlara baxmayaraq öz peşəsinin ustadı olan aktyorlara əfsuslar olsun ki, az pul ayrılır. Tamaşaçı müşahidə etdiyi bir nüansı da bizimlə bölüşdü: Məsələn, deyək ki, qədim filmlərdə kişilərin qadın obrazını canlandırması müsbət qarşılanırdı. Çünki o bir məna kəsb edirdi. Amma müasir aktyorların qadın paltarlarında səviyyəsiz rol alması TV-yə uyğun olmayan ifadələrin işlədilməsi tamaşaçı zövqünü də korlayır.


Digər tamaşaçı Sərxan İmranov müasir filmləri necə qiymətləndirdiyi haqqında öz fikirlərini bizimlə bölüşdü. Gənc nəslin nümayəndəsi olan S. İmranov bildirdi ki, tamaşaçı olaraq müasir filmlərin mövzusu onu qane etmir: Yeni çəkilən filmlərin əksəriyyətinin əsası yumor hissi üzərində qurulub. Yumor ola bilər, əvvəllərdə də olubdu. Amma əvvəl komediya janrda çəkilən filmdən insan özü üçün hansısa bir nəticəni əldə edirdisə, indi həmin proses tamamilə əksinədir. Yəni həm nəticə əldə edə bilmirsən, nə də itirdiyin vaxta görə heç bir şey qazana bilmirsən. Yeni filmlərimizi sadəcə olaraq vaxt itkisi kimi qiymətləndirirəm. Əvvəlki kinolar indikilərlə nisbətdə daha mənalı və məntiqli olurdu. Dövrün reallıqları ilə uzlaşan süjet xətti demək olar ki, yox səviyyəsindədir. Amma keçmiş filmlər öz dövrünün aktual problemlərini, reallıqlarını özündə qoruyub saxlamaqdadır.

S. İmranovun fikrincə yeni nəslin aktyorları hər hansı obrazı canlandıracaq qədər formalaşmayıb: Bundan başqa, filmlərimizdə məni qane etməyən digər məsələ odur ki, heç bir filmimizdə maarifləndirici xarakter daşıyan bir epizoda belə yer ayrılmır. Məsələn, bizə ən yaxın olan ölkə olaraq Türkiyənin çəkdiyi filmlərlə öz filmlərimizi müqayisə edək. Türklər filmlərini hər detalına qədər maarifləndirmə və qayda-qanun uyğunluğu üzərində çəkir. Sürücü sükan arxasına keçdisə dərhal kəməri bağlayır, demək olar ki, filmlərində tütün məmulatları istifadə olunmur. Yalnız mafiya və bu kimi obrazları canlandırmaq üçün istifadə edilir, o da çox az. Digər məsələ filmlərdə ailədaxili münasibətdir. Onlarda ailə sözü daha mehriban, daha mühafizəkar anlama gəlirsə, bizim filmlərdə valideynlər və övladlar bir-birlərini "yeyirlər". Ona görə də düşünürəm ki, xarici kinolara baxıb onları bizdə alındırmağa çalışmaqdansa öz köhnə filmlərimizə dəfələrlə baxıb onlardan öyrənmək lazımdır. Çünki bu vaxtilə bizdə olub, özümüzə məxsus istehsalımız ilə tanınmışıq, sevilib və illər də keçsə sevilməyə davam edir.

Qeyd edək ki, yuxarıda danışanlar mövzumuza bu fikirlərlə toxunan onlarla tamaşaçıdan ikisi idi. Yəni müəyyən faiz tamaşaçı müasir filmlərin bir mənası olmadığını bildirirlər.


Bəs görəsən rejissorlar tamaşaçıların fikirləri ilə razıdırlarmı? Bu gün ölkəmizdə istehsal olunan filmlər niyə geridə qalır?


Mövzu ilə bağlı Azadinform-a açıqlama verən kinorejissor Elşən Zeynallı bildirib ki, mövzunun əsasını özfəaliyyət təşkil edir. Onun sözlərinə görə, ümumi problem bu sahədə çalışan insanların peşəkar olmamasıdır. Yəni əfsuslar olsun ki, bu sektora aid olmayan insanlar bu sahəyə üz tuturlar. Özfəaliyyət kollektiv hücum ediblər bu sahəyə. Məsələn mənim məşğul olduğum sahə kino-rejissorluqdu. Ürəyim istəsə gedib mən həkim kimi də çalışa bilərəm. Cərrahi əməliyyat həyata keçirə bilərəm. Amma mən özüm də bilirəm ki, həkim qədər bacarıqlı ola bilməyəcəyəm. Bunlar bir daha təsdiq edir ki, hər kəs aid olduğu sahədə çalışmalıdır.

E. Zeynallının fikrincə bu sahədə maliyyə azlığı problem kimi həm müşahidə olunur, həm də olunmur: Deməli, ilk öncə mən maliyyə problemini hallandırmıram. Göründüyü qədəri ilə həvəskar bir şəxs haradan olsa belə pul tapır film çəkir. Lakin bütün bunlara baxmayaraq ərsəyə gətirilən film 1-2 dəfə baxılır daha sonra gözdən düşür. Digər tərəfdən, bu gün öz sözünü demiş insanlar bu sahədə çalışmaq istəmirlər. Çünki bu dəfə səbəb maliyyə azlığıdır. Lazımi qədər pul ayrılmır deyə peşəkar, istedadlı şəxslər bu sahədə çalışmaq istəmirlər. Bu yaxınlarda mənim özümə də təklif gəldi, amma mən imtina elədim. Mən özümə rəva bilmədim o filmin rejissoru kimi çalışmağa. Düzdü müraciət edənlər tanışlardı, dostlarımızdı. Amma yenə də qəbul eləmədim.

Kinorejissor qeyd etdi ki, filmlərin maraqsız olmağının səbəblərindən biri də parametrlərin düzgün qurulmamısıdır. O, hətta öz şahid olduğu bir hadisəni də bizimlə bölüşdü: Şəxsən özüm bir neçə gün bundan əvvəl Türkiyəyə səfər etmişdim. Bu ölkənin məşhur Pana Film şirkətinin iş prinsipi ilə yaxından tanış oldum. Mənim özümə də çox maraqlı gəldi ki, bunların istehsal etdiyi filmlər həm ölkə daxilində maraqla qarşılanır, eyni zamanda burda istehsal olunan filmlər Şərqi Avropa ölkələrinə də satılır. Deməli, iş prinsipi düzgün qurulanda hər şey öz qaydasında olur.

Bu kimi halları mənəvi terror adlandıran kino-rejissor əlavə edib ki, bu sektoru oyuncağa çevirənlərdən biri də bu sahədə bəxti gətirməyən aktyorlardı: Yəni bəziləri kino sahəsində uğur əldə edə bilməyib rejissorluq eləməyə çalışırlar. Bu sahəyə aid olmayan insanlar özləri ilə yanaşı öz qohumlarını da cəlb edirlər. Bununla da xalqın zövqünü korlayırlar. Bu bir cinayətdir. Şərt o deyil ki, kimisə məcburən filmə çəkəsən.


Bildiyimiz kimi filmin zövqə uyğun alınmasında rejissor qədər aktyorun da böyük rolu vardır. Düzdü tamaşaçıların sözlərinə görə, müasir dövrün aktyorları ilə öz sözünü demiş aktyorlar arasında böyük fərq var. Öz sahəsinin peşəkarı olan aktyorlarımız saysız-hesabsızdır.


Öz peşəkarlıqları ilə filmlərə rəng qatan aktyorlar müasir davamçılarının fəaliyyətini necə qiymətləndirir?


Mövzu ilə bağlı Azadinform-a danışan Xalq artisti, aktyor Ramiz Novruz bildirib ki, sovet dövründə çəkilən filmlərlə indiki filmlər arasında fərq var: Keçmişdə film sahəsində dövlət ideologiyası var idi. Bu sahəyə dövlət tərəfindən külli miqdarda pul ayrılırdı. Xüsusi institutlar fəaliyyət göstərirdi. Bu institutlarda təhsil alan tələbələr Moskvaya gedirdilər. Bir müddət də orda təhsil alırdılar. Öz sənət peşələri ilə bağlı məlumatlar əldə edirdilər.

Xalq artistinin sözlərinə görə, lakin bu gün vəziyyət tamam başqadır: İndi məktəbsiz rejissorlar fəaliyyət göstərirlər. Nəyin bahasına olursa olsun pul tapırlar və bir çox layihələr həyata keçirirlər. Bu gün bəziləri sırf istəyi rejissor olub deyə rejissorluq eləmir, əlindəki pula görə rejissorluq edir. Bu kimi halları nəzərə alsaq təbii ki, indiki filmlərlə keçmiş filmlər arasında olan fərqi asanlıqla görə bilərik. Mənim fikrimcə dövrümüzdə kino sektorunda çalışan şəxslər dövrü boş qoymaq istəmirlər. Yəni bu məsələyə digər nöqteyi-nəzərdən yanaşsaq görərik ki, onlar da film çəkməsələr kino sənəti yavaş-yavaş unudulacaq.

R. Novruz bu gün çəkilən filmləri sovet dövründə çəkilən filmlər səviyyəsinə gətirilməsi üçün öz məsləhətlərini də verib: Əgər əvvəlki filmlər kimi film arzulanırsa ilk növbədə rejissorlar bu sahə üzrə təhsil almalıdırlar. Daha sonra Azərbaycanla yanaşı, dünya ölkələrində də bu sahə üzrə biliklərini daha da artırmalıdırlar. Bacarıqlı, istedadlı gəncləri seçib xarici ölkələrə göndərmək lazımdı ki, kino sahəsi inkişaf etsin. Eyni zamanda onların ustadları olmalıdır. Qədim dövrdə rejissorlar 4 il təhsil almalı idilər. 4 il bu sahə üzrə təhsil almayan şəxs film çəkə bilməzdi. Zaman keçdikcə bu sektorda dəyişiklik edildi. Bəziləri pul tapan kimi bu sahəyə üz tutur. Bu kimi halların nəticəsi olaraq da sovet dövründəki filmlərin xüsusiyyətlərini bu gün müşahidə edə bilmirik.

Bunlarla yanaşı bildiyimiz kimi dövlətimiz tərəfindən də kino sahəsinə nəzarət gücləndirilib. Yəni bu sahə inkişaf etsin deyə müəyyən addımlar da atılır. Eyni zamanda onu da bilmək lazımdı ki, əgər rejissor peşəkar deyilsə o film heç vaxt tamaşaçı tərəfindən maraqla izlənilməyəcək.


Araşdırmamız zamanı daha maraqlı bir məsələ bizim diqqətimizi cəlb elədi. Deməli, XIX əsrin filmləri mövzu baxımından da zəngin olub. Bir çox mövzu ətrafında filmlər istehsal olunub. Bu gün isə əfsuslar olsun ki, yalnız yumoristik filmlərlə rastlaşırıq. Nədənsə düşündürücü mövzular əsasında çəkilən filmlərə çox az rast gəlirik.


Niyə daha çox gülüşə üstünlük veririk?


Rejissor Kənan MM Azadinform-a danışarkən bildirib ki, hər bir tamaşaçının öz zövqü var: Tamaşaçılar deyirlər ki, ancaq gülməyə üstünlük verilir. Gülüşə ona görə yer verilir ki, təbii ki, insanlar səhərdən etibarən müəyyən saat ərzində iş rejimində olurlar. Təbii ki, onlar da evə gələndən sonra istirahət eləmək istəyərlər deyə düşünüb yumora üz tutmuşuq.

Rejissor qeyd edib ki, hər kəsin bir zövqü var: Bozbash Picturesə rejissorluq elədim. Kimisi maraqla qarşıladı, kimisi isə yox. Eyni zamanda mən şəxssən başqa mövzuları əhatə edən filmlər də çəkdim. Qayıdış Gecə Qonağı və s. bu kimi bir çox filmlərin rejissoru olmuşam. Amma gözlədiyim nəticəni görməmişəm. Gülməli filmləri çəkirik deyirlər gülməlidir, başqa mövzulara üz tuturuq tamaşaçılar deyirlər maraqla izlənilmir. Kənan MM əlavə edib ki, özü və həmkarları hər zaman tamaşaçının zövqünə uyğun film istehsal etməyə çalışıblar.


Araşdırmamızın son mərhələsi olaraq kinoteatrlarda müşahidə olunan vəziyyətlə də maraqlandıq. Bu haqda məlumatı Azadinform-a Cinema Plus Kinoteatrlar Şəbəkəsinin İctimaiyyətlə əlaqələr üzrə meneceri Nərmin Həsənova verib. Onun sözlərinə görə, kinoteatrlara demək olar ki, həm yaşlı nəslin, həm də gənc nəslin nümayəndələri üz tuturlar: Kino özü bir əyləncədir. Təbii ki, hər bir insan bura əylənmək üçün, səmərəli vaxt keçirmək üçün, üz tuturlar. Müşahidələr onu göstərir ki, tamaşaçılar təqdim edilən filmi yüksək qiymətləndirirlər. Həm filmlə tanış olurlar, həm də əylənirlər.


Həm aktyor, həm rejissor, həm də tamaşaçıların fikirlərini öyrənməyə çalışdıq. Aparılan müşahidələr və araşdırmalar göstərir ki, kino sahəsi daha da inkişaf edə bilər. Dövlətimiz tərəfindən bu sahənin inkişafı üçün müəyyən addımlar atılır. Bundan sonrakı öhdəlik rejissor və aktyorların üzərinə düşür.

Bir sözlə, tarixi geri qaytara bilməsək də, kino sənayemiz, film çəkiliş meydançalarımız Böyük dayaq, Tütək səsi, Dədə Qorqud, Babək, Atları yəhərləyin!, Şərikli çörək, Bizim Cəbiş müəllim, Ögey ana, Əhməd haradadır?, Qaynana və s. kimi sanballı və düşündürücü ekran əsərlərinə tamarzı qalıb. İnanırıq ki, yaxın gələcəkdə dövlətin təhsilə yönəltdiyi qayğı nəticəsində savadlı rejissor və aktyorlar, ayırdığı maliyyə hesabına isə yaddaşlara həkk olunub əsrdən əsrə keçəcək filmlər ərsəyə gətiriləcək.


Hazırladı

Eşqin Nuruşov

14.05.2018 13:30 / Baxılıb: 1350 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.08.2018
    20.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo