Almaniyanın Nürnberg şəhərində Azərbaycan havası - Fotolar

AZADİNFORM. Almaniyanın Nürnberg şəhərində “ADR-in 100 illik” və “Almanların Azərbaycana köç etmələrinin 200 illik” ildönümü münasibətilə tədbir keçirilib.

Azadinform xəbər verir ki, Bavariya əyalətinin tarixi yerlərindən sayılan əzəmətli Vətən və Maliyyə Nazirliyinin binasında baş tutan iki günlük tədbir Nürnberg şəhərində fəaliyyət göstərən "Baku-Nürnberg" Mədəniyyət və Təhsil Mərkəzi ilə "Haus der Heimat" Alman Təşkilatının təşəbbüsü ilə gerçəkləşib.

 

 

Tədbirdə Bavariyanın Vətən və maliyyə naziri (Ministerialdirektor) Dr. Alexander Voitl, Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov, səfirin Humanitar məsələlər üzrə müşaviri Rüfət Həmidov, Alman Bundestaqının Sosial Demokrat Partiyasının üzvü Gabriela Heinrich, Almaniya hökumətinin Köçkün və Milli azlıqlar üzrə rəsmi qurumunun prezidenti Dr. Bernd Fabritius, Bavariya parlamentinin üzvləri - Petra Guttenberger və Arif Taşdelen, Türkiyənin Almaniyanın Frankoniya bölgəsindəki Baş Konsulu Yavuz Kül, Xristian Sosial Fraksiyasının rəhbəri Peter Daniel Forster, Nürnberg şəhərinin Baş merinin 1-ci müavini Claudia Arabackyj, UABD sədrinin müavini Murad Cərərov fəxri qonaq qismində, habelə Azərbaycanın Ukrayna, Hollandiya, Almaniyanın Berlin, Düsseldorf və digər şəhərlərində fəaliyyət göstərən diaspora təşkilatlarından rəsmi qonaqlar iştirak ediblər.

 

 

Tədbiri giriş sözü ilə "Baku-Nürnberg" Mədəniyyət və Təhsil Mərkəzi İdarə Heyətinin sədri Dr. Yaşar Musayev və "Haus der Heimat"  Alman Təşkilatının icraçı direktoru, xanım Doris Hutter açıb.  

"Baku-Nürnberg" Mədəniyyət və Təhsil Mərkəzi İdarə Heyətinin sədri Dr. Yaşar Musayev  hər bir azərbaycanlı üçün şərəfli olan ADR-in 100 illiyi,  eyni zamanda Almaniya ilə Azərbaycan arasında elmi, mədəni, iqtisadi və siyasi sahədə mövcud əlaqələr ətrafında məruzə edib.

"Haus der Heimat" Alman Təşkilatı İdarə Heyətinin sədri Horst Göbbel Azərbaycan və Almaniya, eləcə də Bakı ilə Nürnberg arasında mövcud olan dostluq əlaqələri haqqında məlumat verib. 

 

 

Tədbirdə Şərqi Avropa üzrə "Deutsches Kulturforum" İnstitutunun elmi işçisi Ariane Afsari, Berlin "Humboldt" Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri Prof. Dr. Eva-Maria Auch almanların Azərbaycana köçməsinin 200 illik tarixi haqqında məruzə ilə çıxış ediblər. 

Tədbir çərçivəsində almanların Azərbaycana köçünün 200 illiyi mövzusuna həsr olunmuş sərgi iştirakçıların xüsusi marağına səbəb olub. Sərgi 11 maydan 25 maya qədər davam edəcək.

 

 

"Haus der Heimat" alman təşkilatı və "Baku-Nürnberg" Mədəniyyət və Təhsil Mərkəzinin binalarında ADR-in 100 illiyinə həsr olunmuş tədbirin ikinci günü (12 may) Azərbaycanın AFR-dəki səfirinin Konsulluq şöbəsinin müdiri Elşad Məcidov həmvətənlərimizi maraqlandıran suallara cavab verib, Nürnberg şəhərində rəsmi qəbul keçirilib. 

"Baku-Nürnberg" Mədəniyyət və Təhsil Mərkəzinin sədr müavini Mirhüseyn Cəlilov xaricdə yaşayan diaspor təşkilatları ilə əlaqələrdən danışıb. 

Tədbirin hər iki günündə Azərbaycanın Milli rəqsi və musiqiləri canlı ifa olunub. Tədbir iştirakçılarına hər iki xalqın dostluğunun rəmzi olan Alman və Azərbaycan mətbəxindən nümunələr təqdim olunub.

14.05.2018 13:10 / Baxılıb: 763 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    26.05.2018
    25.05.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo