Avropaya kabab iyinə gedənlər...

Avropada siyasi mühacir problemi kəskin həddə çatıb. Bu problemin qarşısını almaq üçün artıq bir çox Avropa dövlətləri və təşkilatları hərəkətə keçib. Belə ki, ilkin araşdırmalar zamanı siyasi qaçqın adı ilə gələnlərin çoxunun saxtakar olduğu və bu işlə mütəşəkkil beynəlxalq cinayətkar qrupun məşğul olduğuna dair faktlar əldə olunub.

Bu şəbəkə Şərq ölkələrində gəncləri aldadaraq onları Qərb ölkələrində yüksək maaşlı iş və gözəl həyat gözlədiyini deyir və müəyyən məbləğdə pul alaraq saxta sənədlərlə həmin ölkələrə göndərirlər. Avropa mediasında yayılan məlumatlara görə, həmin dövlətlərin mənbə ölkələrindəki səfirliklər və digər təşkilatları vasitəsilə apardığı araşdırmalar göstərib ki, bu mühacirlərin təxminən 90 faizə yaxını əslində öz ölkələrində heç bir siyasi, dini, etnik və s. təzyiqə, təqibə məruz qalmayıblar və verdikləri məlumatlar tamamilə yalandr.

Xristian ölkələrindən ən çox mühacir Ukraynadan, Gürcüstandan, Moldovadan qeydə alınıb. Onların böyük əksəriyyəti siyasi təqib adı ilə mühacirət edib. Onların da azı 90 faizinin saxta iddia olduğu aydınlaşıb.

Aparılan araşdırmalarda ən çox belə halların olduğu müsəlman ölkələrinın adı açıqlanıb. İlk yerlərdə, Suriya, İraq, Türkiyə, Pakistan, Liviya, Misir kimi ölkələr yer alır. Təəssüf ki, bu ölkələrin arasında Azərbaycanın adı ön sıralardadır . Uzun illərdir ki,ölkəmizdə də bu bizneslə məşğul olan şəbəkə fəaliyyət göstərir. Gəncləri müxtəlif adlarla (etnik, dini, siyasi mənsubiyyətə görə) saxta sənədlər düzəldib Qərb ölkələrinə göndərir, lakin onların sonrakı taleyi ilə heç kim maraqlanmır. 

Belələrinin çox böyük əksəriyyəti həmin ölkələrdə böyük çətinliklərlə qarşılaşır. Bu şəbəkə isə tək-tük uğur qazananları (yəni, normal iş tapanları) hamıya nümunə göstərir və deyir ki, həmin ölkələrdə çox yüksək maaşlı işlər var, qısa müddətdə ev də almaq olur və s. 

Lakin minlərlə çətin vəziyyətə düşən, kamplarda minimum yardımla yaşamağa məcbur olan, uyğun iş tapa bilməyən adamlar barədə susurlar. Onlara ən yaxşı halda “qara işlər” təklif edirlər, misal üçün, küçə təmizləmə, zibil daşıma və metallurgiya zavodlarında çox ağır fiziki iş. Əməkhaqqı da minimum tələbləri zorla ödəyir. Yəni, kabab iyinə gedənlər görəndə ki, eşşək dağlayırlar, artıq gec olur. Əli aşından da olurlar, Vəli aşından da.

Həmin şəxslər elə ölkələrində daha rahat işdə işləyərək yaşamaq imkanının olduğunu görürlər və peşman olurlar. Lakin sonrakı peşmançılıq da fayda vermir. Bir çoxları qayıtmağa üz saxlamayıblar, yəni öz ölkələrinə, dövlətlərinə şər ataraq, ləkələyərək bu statusu alıblar. Digərləri isə, buradakı olan qalanını da satıb gedib orda avara qalıb, indi qayıtmağa nə pulu var, nə də burada evi eşiyi.

Beləliklə, kimlərsinsə biznes maraqlarına görə, minlərlə ailənin taleyi təhlükə altında qalır. Azərbaycanın da adı keçən bu siyahı ilə müvafiq dövlət orqanları ciddi maraqlanmalı və bu qanunsuz bizneslə məşğul olan şəsxlər cəzalandırılmalıdır. Bunların toruna düşmüş, aldanmış, ölkəyə qayıtmaq istəyən gənclərimiz geri qaytarılmalı və ixtisaslarına uyğun işlə təmin olunmalıdırlar.

Avropaya ucuz işçi qüvvəsi lazımdır, özü də aşağı maaşa işləyəcək, kamplarda, yataqxanalarda yaşamağa razı olacaq gənc və istedadlı mütəxəssislər. Bizim isə bu adamlara daha çox ehtiyacımız var. Bu şəxslər öz istedad və bacarıqlarını öz ölkəmizin inkişafı üçün sərf etməli və normal əməkhaqqı müqabilində işlə təmin olunmalıdırlar. Dövlətimizin bunu etmək üçün həm müvafiq potensialı, həm də siyasi iradəsi var. Sadəcə, bu saxtakar və cinayətkar şəbəkəni ifşa edib, onların gənclərimizi aldatmasına son qoymaq lazımdır.


Elçin Bayramlı

14.05.2018 12:30 / Baxılıb: 426 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.08.2018
    21.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo