Aşıq Azərlə yarımçıq müsahibə: Bu gün mənim ad günümdü

Qismətimdə yarımçıq müsahibəyə imza atmaq da varmış. Aşıq Azər Xanlaroğlunun doğulduğu gündəki söhbətimizi öldüyü gün yarıda kəsdi. Dünyasını dəyişdi, Azər. Hammızdan, sazdan getdi. Qoruduqmu? Bilmirəm. Qorumağa çalışdıq, amma… Tanrıdan gələnə bəndənin əlac eləməyi imkansızdı. Bizim də gücümüz Xanların əmanətini sağaltmağa çatmadı...

 

 

Saz sizin üçün nə ifadə edir, Azər Xanlaroğlu?


- Saz mənim yaşamağımdır, həyatım, nəfəsimdir. O olmasa mən yaşaya bilmərəm. 


Sazmı daha əvvəl yaranıb, sözmü? 


- Söz sazla birlikdə yaranıb.  Hər ikisi Allahdan gələn vergidir.


Atanız aşıq Xanlar “Baş Sarıtel”iylə məşhur idi. Bu gün də bu havanın adı gələndə birinci Xanlar yada düşür. Aşıq Xanların oğlu olmaq sizə nə qazandırdı? Həm sənətdə, həm də şəxsi həyatda...


- Xanların oğlu olmaq mənim üçün fəxrdir. Nəinki mənə, yüz il bundan sonra da bütün nəsil-kökümüzə Xanların adı bəsdir. Həyatda hər şeyə nail olmuşam, bircə ona layiq ola bilmişəmmi, onu bilmirəm? Bu günə şükürlər olsun.


Azər Xanlaroğlu, sazı bu qədər ucuzlaşdırmaq, kimə və nəyə lazımdır? 


- Asan yolla pul qazanmaq istəyənlərə, içkili insanların əyləncəsinə çevrilənlərə... Sazı oyuncaq eləməyə çalışırlar, amma bu mümkün deyil. Sazın ruhu başqadır. O ruh bu sənəti hər cür naqislikdən qoruyacaq. Mən buna inanıram. Nigar xanım, mən sizin kollektivinizə təşəkkür edirəm.


- Qardaş, hara tələsirsiniz? Söhbətimiz yekunlaşmadı axı...


- Bu gün mənim ad günümdü. İnciməsəniz suallarınıza başqa vaxt daha geniş cavab verəcəyəm. Mən sizin oxuculara Xanlar dahiliyi, saz ömrü arzu edirəm...


Söhbətləşdi:

Nigar İsfəndiyar

14.05.2018 10:44 / Baxılıb: 432 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    26.05.2018
    25.05.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo