Sanksiyalar İran ilə əlaqələrimizə təsir göstərə bilər Şərh

Samir Soltanov/AZADİNFORM. “İrana qarşı sanksiyaların genişləndirilməsi neft bazarına gözlənilən təsirlərini göstərməkdədir. Neftin bir barelinin qiyməti son illər ilk dəfə olaraq 77 dolları keçdi. Azərbaycan neftinin bir barelinin qiyməti isə 80 dollarlıq psixoloji həddə yaxınlaşmaqdadır”. 

Azadinform xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Vüqar Bayramov bildirib. Ekspert qeyd edib ki, ABŞ Prezidentinin son qərarı neft bazarın həm psixoloji, həm də iqtisadi təsirlər göstərir: “Belə ki, ötən il 2.13 milyon barel gündəlik neft ixracatına malik olan İranın 2018-ci ilin növbəti aylarında “qara qızıl” nəqlini gündəlik 500 min barel azaltması təhlükəsi var. Bu iqtisadi baxımdan neftin hər barelində 6 dollar artım deməkdir. Sanksiyalar fondunda gələn il cənub qonşumuz dünya bazarına gündəlik daha 150 min barel az neft çıxara bilər. Bu isə neft bazarında təklifin hiss ediləcək səviyyədə azalması demək olacaq”. 

Ekspert vurğulayıb ki, Səudiyyə Ərəbistanı ilə bir il öncə 110 milyard dollarlıq silah alveri imzalayan ABŞ administrasiyası neftin dünya bazar qiymətinin yüksəlməsini əvvəlki kimi həssaslıqla qarşılamır: “Yüksək qiymətlər Ağ Evin Yaxın Şərqdəki silah alıcıları olan müttəfiqlərinin də gəlirlərini artırır. Səudiyyə Ərəbistanı üçün neftin bir barelinin qiymətinin 85 dollar olmasının məqbul hədd sayıldığını nəzərə aldıqda hazırkı qiymət Ər-Riyadın maraqlarına tam uyğun gəlir”. 

V. Bayramov qeyd edib ki, İrana tətbiq edilən sanksiyalar Azərbaycana birbaşa və dolayı təsirləri baxımdan da qiymətləndirilməlidir: “Belə ki, neftin dünya bazar qiymətinin yüksəlməsi Azərbaycana daxil olan valyutanın həcminin artmasına gətirib çıxarır. İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) hesablamalarına görə, neftin 2018-ci ildə bir barelinin orta qiyməti 70 dollar olarsa o zaman Azərbaycan əlavə olaraq 4,282 milyard manat, 75 dollar olarsa isə 5,139 milyard manat gəlir əldə edəcək. Bu isə ölkənin daxil olmalarının artması baxımdan vacibdir. Bununla yanaşı, sanksiyaların İran ilə əlaqələrimizə təsir göstərəcəyi gözlənilir. Belə ki, artıq əksər Azərbaycan bankları İran şirkətlərinə pul köçürmələrini dayandırıblar. Sanksiyalar birgə layihələrin də reallaşmasına mənfi təsir göstərə bilər. Bununla yanaşı, sanksiyaların digər ölkələrə təsirləri Avropa Birliyinin mövqeyindən asılı olacaq. Qədim qitə Trampın son addımını dəstəkləməməkdə davam edərsə o zaman yeni sanksiyalar İran ilə iqtisadi əlaqələrimizə daha az təsir göstərəcək”.

11.05.2018 10:50 / Baxılıb: 171 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    26.05.2018
    25.05.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo