Gələcəyimiz əmin əllərdədir

Hər bir xalqın, dövlətin ən böyük və qiymətli sərvəti uşaqlardır. Uşağı sağlam, cəmiyyətə faydalı vətəndaş kimi böyütmək çətin və məsuliyyətli, böyük güc tələb edən bir işdir. Buna görə də dünyanın istənilən dövlətində cəmiyyətin gələcəyi olan uşaqların qayğısına qalmaq, onları fiziki və mənəvi cəhətdən düzgün tərbiyə etmək ən ümdə vəzifələrindən biri sayılır. Bu baxımdan Azərbaycan da istisna deyil.


Bəli, bu günün uşaqları sabahın həkimləri, müəllimləri, mühəndisləri, diplomatları və digər sahələrin aparıcı şəxsləridir. Bu baxımdan onların vətənpərvər ruhda, tariximizə və milli köklərimizə bağlı, böyüklərə  hörmət  duyğuları  ilə tərbiyə olunması üçün həm ailə, həm də təhsil müəssisələri məsuliyyət daşıyır. Heç şübhəsiz ki, bu işdə məktəbəqədər təhsil müəssisələrinin rolu böyükdür. Təhsilin ilk və ən vacib pilləsi olan uşaq bağçaları övladlarımızın kiçik vaxtından həmyaşıdları ilə ünsiyyət qurmaq, cəmiyyətə inteqrasiya olunmaq, ilkin biliklər, ətraf mühitə və insanlara qarşı münasibət formalaşdırmaq baxımından əvəzolunmazdır. Uşaqların düzgün inkişafında, gündəlik rejimlərinin formalaşmasında, ictimai mühitə alışmasında, sərbəstliyə öyrəşməsində, ən nəhayət məktəbə hazırlığında bağçalar böyük rol oynayır. 

Uşağın bağçaların rolu əvəzsizdir. Təsadüfi deyil ki, bu gün Heydər Əliyev Fondu tərəfindən bağçalarının inşası, onların yenidən müasir tələblərə uyğun şəkildə qurulması cəmiyyətdə rəğbət hissi ilə qarşılanmaqdadır. Həmin işlər hal-hazırda yüksək səviyyədə davam etdirilir. Təkcə onu qeyd etmək kifayətdir ki, məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, əsaslı təmir və avadanlıqla təminat işinin davam etdirilməsi büdcə zərfində nəzərdə tutulan prioritet kimi qeyd edilib. Layihəyə əsasən, ölkə üzrə azyaşlı uşaqların məktəbəqədər təhsilə cəlbolunma səviyyəsinin orta Avropa göstəricisi səviyyəsinə çatdırılması planlaşdırılır. Bununla yanaşı, dövlət uşaq bağçaları şəbəkəsinin genişləndirilməsi, müxtəlif mülkiyyət formasına aid olan məktəbəqədər təhsil müəssisələrinin yaradılması və fəaliyyətinin dəstəklənməsi də prioritet istiqamət kimi nəzərdə tutulur.

Sevindirici haldır ki, ötən ilin dekabrında təsdiq olunmuş Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində vurğulanır ki, məktəbəqədər təhsil insan potensialının inkişafına və daha keyfiyyətli insan kapitalının formalaşmasına, uzunmüddətli perspektivdə əhalinin gəlirlərinə, iqtisadi artıma və davamlı inkişafa müsbət təsir göstərir. Sənəddə göstərilib ki, məktəbəqədər təhsilin uzunmüddətli perspektivdə insan kapitalının keyfiyyətinin yüksəldilməsinə təsirini nəzərə alaraq, bu istiqamətdə stimullaşdırıcı tədbirlər həyata keçiriləcək, təlim-tərbiyə texnologiyaları təkmilləşdiriləcək. Dövlət və özəl məktəbəqədər təhsil müəssisələrinin yaradılması, bununla bağlı normativ hüquqi sənədlərin hazırlanması və qəbulu dəstəklənəcək, müasir təhsil və təlim texnologiyalarına əsaslanan yüksəkixtisaslı pedaqoqların hazırlanması ilə bağlı tədbirlər reallaşdırılacaq. Bundan başqa, məktəbəqədər təhsilin icbari olması məsələsi nəzərdən keçiriləcək. İstedadın erkən yaşdan aşkar olunması, inkişafı və dəstəklənməsi üzrə sistemin yaradılması Azərbaycanın dayanıqlı inkişafı üçün vacibdir. 

Şübhəsiz ki, uşaq bağçalarına göstərilən diqqət və qayğıda Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəhbərliyinin də böyük rolu var. Məlum olduğu kimi, dövlət başçısının 2011-ci il tarixli müvafiq sərəncamına əsasən, Təhsil Nazirliyinin tabeliyində olan körpələr evləri, körpələr evi-uşaq bağçaları, uşaq bağçaları, xüsusi uşaq bağçaları və uşaq evləri yerli icra hakimiyyəti orqanlarının tabeliyinə verilib. Məqsəd Azərbaycanda körpələr evlərinin, körpələr evi-uşaq bağçalarının, uşaq bağçalarının, xüsusi uşaq bağçalarının və uşaq evlərinin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulmasını, uşaqların intellektual, fiziki və psixoloji inkişafı üçün lazımi şəraitin yaradılmasını təmin etmək olub. Təhsil Nazirliyinin tabeliyində olan körpələr evləri, uşaq bağçaları, uşaq evləri yerli icra hakimiyyəti orqanlarının tabeliyinə verilməsindən sonra Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində yaradılan idarənin qısa müddət ərzində gördüyü işlər paytaxtın məktəbəqədər təhsil müəsissələrində və uşaq evlərində uzun illər ərzində yığılıb qalan problemlərin kökündən həllinə gətirib çıxardı. Həmin vaxtdan bu günə kimi qeyd olunan sahədə inkişaf müşahidə olunmaqdadır. İctimaiyyət də Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin fəaliyyətini təqdirlə qarşılayır. İdarəyə Eldar Yunusov kimi peşəkar və məsuliyyətli kadr təyinatı sonda qarşıya qoyulan məqsəd və vəzifələrin yerinə yetirilməsində həlledici faktora çevrilib.

İlk növbədə Sovet dövründə tikilmiş uşaq bağçalarının binaları təmir olunaraq müasir standartlara uyğunlaşdırılıb. Bundan əlavə, artan tələbatı ödəmək üçün yeni uşaq bağçaları tikilərək istifadəyə verilib. Həmin bağçalarda uşaqların rahatlığının, istirahətinin və ilkin biliklərə yiyələnməsinin təmin edilməsi, onların bacarıq və istedadlarının aşkarlanması üçün hərtərəfli şərait yaradılır. Hovuz, musiqi otağı, idman zalları uşaqların ixtiyarına verilir. Bağçaların həyətində ağaclar əkilir, yaşıllıqlar salınır, əyləncə vasitələri quraşdırılır. Bir sözlə, uşaqların sağlam, bilikli, vətənpərvər övladlar kimi böyümələri üçün lazımi şərait yaradılır.

Məktəbəqədər təhsil müəssisələri və uşaq evləri ilə bağlı uzun illər ərzində narahatlıq doğuran başqa bir problem uşaqlara lazımi diqqət və qayğının göstərilməməsi idi. Xüsusilə bu cür müəssisələrdə qida təhlükəsizliyi daim cəmiyyətdə müzakirə mövzusu idi. Məhz Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin məqsədyönlü fəaliyyətindən sonra bu problem də həllini tapıb. Hazırda məktəbəqədər təhsil müəssisələri və uşaq evlərində azyaşlılar yüksək keyfiyyətli qida və ərzaqla təmin olunmağa başladı. 

Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin qısa müddətdə həyata keçirdiyi tədbirlər nəticəsində ictimaiyyətin narahatlıq duyduğu uşaq bağçalarında azyaşlılara qarşı psixoloji, hətta bəzi hallarda fiziki zorakılıq kimi neqativ hallar da aradan qaldırılıb. 

Xüsusilə qeyd edilməlidir ki, idarənin yaradıldığı ilk gündən etibarən Bakıdakı bağça müdirlərinin və tərbiyəçilərin ixtisasartırma kurslarına cəlb etməyə başlaması təqdirəlayiq hadisədir. Məhz bunun nəticəsində yuxarıda sadaladığımız və sadalamadığımız problemlərin qısa zaman kəsiyində həlli prosesi daha da sürətlənib. 

Bəli, bu gün istər uşaqların tərbiyə-təlim prosesinin təşkili, təhlükəsizliklərinin təmini, onların sağlamlığının mühafizəsi, istərsə də tərbiyə alan uşaqların qabiliyyət və istedadlarının inkişaf etdirilməsi üçün lazımi şərait yaradılması baxımından Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi böyük işlər həyata keçirib.  

Ümid edirik ki, yaxın gələcəkdə məktəbəqədər təhsil müəssisələri və uşaq evlərinin daha yüksək peşəkarlıq, müasir standartlar çərçivəsində onların bütün istiqamətlərdə daha uğurlu fəlaiyyətinin şahidi olacağıq. Amma unutmayaq ki, uşaqlara qayğı təkcə dövlətin üzərinə düşən vəzifə deyil. Hər bir şəxs uşaqların hərtərəfli böyüdülməsi üçün səy göstərməlidir. Çünki uşaqlar təkcə bir ailənin deyil, bütövlükdə cəmiyyətin, xalqın, dövlətin gələcəyidir. Gələcəyi qorumaq isə hamımızın müqəddəs borcudur.

 

İskəndər Quliyev,

“Şəffaf seçkilər”

Monitorinq Mərkəzinin direktoru

10.05.2018 17:25 / Baxılıb: 1647 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
26.05.2018
25.05.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo