Sahil bağı bu gün daha gözəldir Heydər Əliyev və Azərbaycan rəsm müsabiqəsi

Adəm Abbaslı/AZADİNFORM. Səbail rayonunun mərkəzindəki “Sahil bağı”nda  Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon məktəbliləri və gənc rəssamların iştirakı ilə “Heydər Əliyev və Azərbaycan” mövzusunda rəsm müsabiqəsi keçirilib.

Səbail RİH-dən Azadinform-a verilən məlumata görə, bayramsayağı bəzədilmiş “Sahil bagı”nda böyük abadlıq işləri aparılıb, park başdan-başa yenilənib, müxtəlif kompozisiyalar hazırlanıb. Parkdakı gül kompozisiyaları insanları dönə-dönə ayaq saxlamağa, dahi şəxsiyyətə xalq məhəbbətinə güllərin, çiçəklərin dili ilə baxmağa vadar edib.

Rayonun orta məktəblərində, həmçinin Bakı Oksford məktəbində oxuyan 200-dən çox məktəbli, ali məktəblərin tələbələri, 100-dən çox gənc rəssam ulu öndər Heydər Əliyev və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın portretlərini, həmçinin doğma Azərbaycanın müxtəlif guşələrini, gözəl mənzərə və gül kompozisiyalarını əks etdirən müxtəlif rəsmlər çəkiblər. Tanınmış rəssamlar, eləcə də müəllimlər məktəblilərə rəsmlərin çəkilişində müvafiq məsləhətlər veriblər.

Eyni zamanda parkda gənc rəssamların mövzuya aid çəkdikləri rəsmlərdən ibarət sərgi də nümayiş etdirilib, sərgi tədbirin qonaqları və parka toplaşan paytaxt sakinləri tərəfindən böyük maraqla qarşılanıb. Gənc rəssamlar öz əsərlərinin nümayişi vaxtı tamaşaçılara əsərləri ilə bağlı izahlar veriblər.

Rayon musiqi məktəblərinin ansamblları, solistləri, rəqqasları Sahil parkına toplaşanlar üçün konsert proqramları ilə çıxış ediblər. Məktəblilərin iştirakı ilə müxtəlif Fleş moblar keçirilib.

Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimovun rəhbərliyi, Uşaq Yaradıcılıq Mərkəzinin və rayon nümayəndələrinin iştirakı ilə yaradılmış münsiflər heyəti məktəblilərin rəsmlərinə baxaraq qalibləri müəyyən edib.  Müsabiqənin qalibləri Səbail RİH-nin Fəxri Fərmanları və hədiyyələri ilə, digər iştirakçılar və sərgidə əsərləri nümayiş etdirilən gənc rəssamlar Səbail RİH sertifikatları ilə mükafatlandırılıb. Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, YAP Səbail Rayon Təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev, tanınmış ictimai xadim Fəxriyyə Xələfova və digər rəsmi qonaqlar, rayonun idarə, təşkilatlarının rəhbərləri, ali məktəb rektorları, pedaqoji kollektivlərin, veteranların və ictimaiyyətin nümayəndələri parkı gəzib, məktəblilərin çəkdikləri rəsmlər, parkdakı sərgi və burada yaradılan gül kompozisiyaları ilə tanış olub, iştirakçılarla səmimi söhbətlər ediblər.

Gün ərzində davam edən sərgi və rəsm müsabiqəsi tədbirdə iştirak edən şəhər sakinləri və rayon ictimaiyyəti nümayəndələrinin diqqətini cəlb edib.

10.05.2018 14:33 / Baxılıb: 470 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
22.08.2018
21.08.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo