"Orfoqrafiya müzakirəsinin sağlam əsaslarla aparılması işin xeyrinədir"

Muxtar Kazımoğlu – İmanov: “Dilə yeni daxil olan sözlərin düzgün tələffüzü və düzgün yazılışının müəyyənləşdirilməsi təxirəsalınmaz vəzifələrdən birinə çevrilir”

 

Yeni hazırlanan "Orfoqrafiya lüğəti” yaxın vaxtda yekunlaşaraq, çapa imzalanacaq. Elm adamları, ziyalılar bu işin uğurla həyata keçirilməsi üçün çalışırlar. Hazırlanması Azərbaycan Mili Elmlər Akademiyasının səlahiyyətində olan bu lüğətlə bağlı mətbuatda dolğun məqalələr çap olundusa da, "suyu bulandırmaq naminə” də yazılar yazıldı və belə yazılar lüğətçiliyin prinsipial qaydalarına nabələdlik ucbatından oxucuların beynində yersiz "müəmmalara” meydan açdı. Təbii ki, bu cür yazılara elmi prinsiplərə söykənən tutarlı cavablar da verildi, əsaslandırılmış mülahizələr bir çox "düyün”lərin açılmasına kömək etdi. İşin yekunu ərəfəsində biz də "Kaspi” qəzeti olaraq əvvəldən bu məsələləri, "Orfoqrafiya gündəmi”ni bütün dolğunluğu ilə səhifələrimizdə əks etdirdik. Budəfəki müsahibimiz isə AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu – İmanovdur.

 

– Muxtar müəllim, "Azərbaycan dilinin orfoqrafiya lüğəti”ni yenidən nəşrə hazırlamaq hansı zərurətdən doğur?


– Lüğəti təkmilləşdirmək zərurətindən. Bu zərurət dövlət səviyyəsində "Orfoqrafiya lüğəti” ilə bağlı rəsmi qərarın qəbul olunmasının başlıca səbəbi və şərtidir. "Azərbaycan Respublikasında dövlət dili haqqında” qanuna əsasən, "Orfoqrafiya lüğəti” ən geci beş ildən bir təkmilləşdirilib yenidən nəşr edilməlidir. 


– "Orfoqrafiya lüğəti”nin təkmilləşdirilməsi dedikdə nələr nəzərdə tutulur?


– "Orfoqrafiya lüğəti”ndə təkmilləşdirmə işi, hər şeydən qabaq, dəyişmə və yeniləşmə prosesi ilə bağlı olan bir işdir.  İctimai-siyasi, elmi-mədəni əlaqələrin genişlənməsi, müstəqil dövlətçilik şəraitində dünyaya inteqrasiya imkanlarının inanılmaz dərəcədə artması dilə yeni-yeni sözlərin gəlməsinə səbəb olur. Dilə yeni daxil olan sözlərin düzgün tələffüzü və düzgün yazılışının müəyyənləşdirilməsi təxirəsalınmaz vəzifələrdən birinə çevrilir. Bu vəzifənin layiqincə yerinə yetirilməsi, təbii ki, "Orfoqrafiya lüğəti”nin təkmilləşdirilməsi prosesindən keçir. "Orfoqrafiya lüğəti”nin təkmilləşdirilməsi sahəsində nəzərdə tutulan vacib işlərdən biri də, heç şübhəsiz, həmin lüğətin ayrı-ayrı nəşrlərində özünü göstərən ziddiyyətli məqamların aradan qaldırılması ilə bağlıdır…


– Ziddiyyətli məqamlara misal çəkə bilərsinizmi?


– Lüğətin 2004 və 2013-cü il nəşrlərində -vari şəkilçisinin, metafora, profilaktoriya, sanatoriya, antena, cəfəngiyat, alğı-satqı və s. kimi sözlərin fərqli şəkildə yazılması; təhkiyə, tövsiyə kimi sözlər bir y ilə yazıldığı halda -iyyat, -iyyət, -iyyə şəkilçiləri ilə düzələn ərəb mənşəli sözlərin əksər hallarda iki y ilə yazılması; apostrof işarəsinin "ləğv”indən sonra sürət, cürət, məsul, heyət, məşəl, vüsət, Kənan, Sənan, Məsud tipli sözlərin sətirdən-sətrə müxtəlif cür (məsələn, həm sür-ət, həm də sü-rət şəklində) keçirilməsi ziddiyyətli məqamlara misal ola bilər. Belə ziddiyyətli məqamların ciddi elmi müzakirələr əsasında aradan qaldırılması, əlbəttə, vacibdir. 


– Orfoqrafiya ətrafında gedən müzakirələr barədə nə deyərdiniz?


– İnkar etmək olmaz ki, orfoqrafiya müzakirəsinin sağlam əsasda aparılması işin xeyrinədir. Bir vaxt Ağamusa Axundovun diqqət yetirdiyi, bu gün İsa Həbib­bəy­li və Firudin Cəlilov kimi alimlərin xüsusi olaraq üzərində dayandığı -iyyat, -iyyət, -iyyə şəkilçilərinin yazılışına yenidən baxmaq lazım gəlirsə, bu, sağlam müzakirənin bir göstəricisidir. Təqdirəlayiq haldır ki, AMEA Orfoqrafiya Komis­siyası və AMEA Nəsimi adına Dilçilik İnstitutunun hazırlayıb çapa tövsiyə  etdiyi orfoqrafiya qaydaları 2013-cü ildə təqdim olunmuş qaydalardan sayca çox, məzmunca daha əhatəlidir.


– Mərhum Ağamusa Axundov 2004, 2013-cu illərdə nəşr olunan "Orfoqrafiya lüğəti”nin redaktoru və layihə rəhbəri olub. İsa Həbibbəyli isə bu gün AMEA Orfoqrafiya Komissiyasının sədr müavinidir. Belə çıxır ki, Siz orfoqrafiya məsələlərinə birbaşa məsul olmuş və məsul olan alimlərin mövqeyini xatırladırsınız. 


– Adını çəkdiyim Firudin Cəlilov orfoqrafiya məsələlərinə heç də birbaşa məsul olan yox, bu məsələlərin müsbət həllində özünü borclu bilən bir alimdir. Bu sırada Arif Rəhimoğlunun da adını çəkmək olar. Arif Rəhimoğlu da orfoqrafiya ilə bağlı mübahisəli məsələlərin obyektiv şəkildə yoluna qoyulması naminə təkliflər irəli sürməyi özünün alimlik və vətəndaşlıq borcu sayır. Arif Rəhimoğlu belə hesab edir ki, rus dili vasitəsilə dilimizə keçən Avropa mənşəli  bir çox adlara yenidən qayıdıb, həmin adların deyilişi və yazılışında dəqiqləşdirmələr aparmaq lazımdır; həmçinin Çin mənşəli sözlərin işlənməsində uyğurların həmin sözləri hansı şəkildə işlətdiklərini nəzərə almaq lazımdır.


– Orfoqrafiya müzakirələrində Sizi qane etməyən hallar da varmı? Varsa nədədir?


– Orfoqrafiya müzakirələrində məni qane etməyən hallardan biri budur ki, bəzi həmkarlarımız müzakirəyə çıxarılan məsələlərin məğzinə varmadan tələm-tələsik fikir söyləyib çaşqınlıq yaradır, görülən işi, çəkilən zəhməti gözdən salmağa çalışırlar. Məsələn, müzakirəyə çıxarılan məsələlərdən biri, konqres və ekspres söz­lərinə uyğun olaraq, stress sözünün sonda bir s ilə yazılması, həmçinin ssenari sö­zü­nün əvvəldə bir s ilə yazılması məsələsidir. Bəziləri bu məsələni bütün qoşa­sa­mitli sözlərin bundan sonra bir samitlə (kassa – kasa, yeddi – yedi) yazılacağı kimi qələmə verirlərsə, belə bir halı normal müzakirə əlaməti saymaq mümkün deyil.


– Tərcümə Mərkəzinin çap etdiyi və mübahisələrə səbəb olan "Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü” barədə nə deyə bilərsiniz?


– Onu deyə bilərəm ki, xatırlatdığınız kitab 1975, 2004 və 2013-cü illərdə nəşr olunan "Azərbaycan dilinin orfoqrafiya lüğəti” əsasında hazırlanıb. Bir çox dialekt sözlərinə və terminlərə yer verilsə də, hər halda ümumişlək olmayan sözləri arxa plana keçirmək xatırlatdığınız kitabda əsas prinsiplərdən biri kimi götürülüb. Nəzərdə tutulub ki, lüğətin əvvəlki nəşrlərində yol verilmiş korrektura xətaları "İşlək sözlük”də aradan qaldırılsın, məsələn, addama – adlama kimi, basdalama – bastalama kimi, qarğama – qarğıma kimi, qovlama – qovalama kimi… yazılsın. Nəzərdə tutulub ki, lüğətin əvvəlki nəşrlərində əksini tapmayan antiterror, deşifrə, fokusçu, həmmüəllif, qaragüruh, multikulturalizm, seysmoloq və s. kimi nümunələr "İşlək sözlüy”ə daxil edilsin. Ümumişlək olmayan sözlərdən bir çoxunun ixtisar edilməsi, bəzi korrektura xətalarının aradan qaldırılması, diqqətdən kənarda qalan bir sıra işlək sözlərin kitaba daxil edilməsi əslində yeni "Orfoqrafiya lüğəti” yaratmaq təşəbbüsü kimi yox, mövcud "Orfoqrafiya lüğəti”ni təkmilləşdirmək təşəbbüsü kimi təqdim olunmalı idi. Belə olsaydı, kitabla bağlı mübahisələr geniş miqyas almazdı. 


– Yazı qaydalarımız ətrafında gedən müzakirələrə AMEA Orfoqrafiya Komissiyası və Dilçilik İnstitutunun  münasibəti necədir?


– Mən bilən, AMEA Orfoqrafiya Komissiyası və Dilçilik İnstitutu müzakirələrin gedişini diqqətlə izləyir və irəli sürülən təkliflərə çox böyük həssaslıqla yanaşır. Şübhə yoxdur ki, Orfoqrafiya Komissiyası və Dilçilik İnstitutu "Orfoqrafiya lüğəti”nin təkmilləşməsinə kömək edən səmərəli təkliflərin hamısını nəzərə alacaq.


Fərid Hüseyn 

Bu yazı "İntellekt” Araşdırmalar Mərkəzi İB-in AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi "Kütləvi İnformasiya Vasitələrində Azərbaycan dilinin işlənməsi, qorunması və inkişafı sahəsində təşəbbüslərə dəstək” layihəsi çərçivəsində çap olunur.

7.05.2018 13:40 / Baxılıb: 372 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    26.05.2018
    25.05.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo